26 Dekabr 2024

Kremldən mitinqlərə reaksiya: “Az adam iştirak etdi”

Peskov: “Bu cür tədbirlər vəziyyəti sarsıtmağa çalışanlar tərəfindən təşkil olunur”

Rusiyanın bir çox şəhərlərində baş verən etiraz aksiyalarına Kremldən reaksiya verilib. AYNA Rusiya mediasına istinadən bildirir ki, Prezident Vladimir Putinin mətbuat katibi Dmitri Peskov açıqlamasında bildirib ki, icazəsiz keçirilən aksiyalara çox az insan qatılıb.

Onun sözlərinə görə, bu cür tədbirlər vəziyyəti sarsıtmağa çalışanlar tərəfindən təşkil olunur: “Lakin məqsədlərinə çata bilmirlər. Çünki aksiyalarda dövlət başçısı Vladimir Putinə səs verənlərdən qat-qat az adam iştirak edir”.

Peskov rusların Konstitusiyaya dəyişiklikləRi ilə bağlı keçirilmiş referendumu xatırladıb: “Ötən il keçirilən referendumda cənab Putini dəstəkləyənlərin sayı bəlli olmuşdu”.

“Bütün siyasi baxışlara hörmət edirik. Lakin razılaşdırılmamış aksiyaların qətiliklə əleyhinəyik, çünki bu qanun pozuntusudur”, – Peskov əlavə edib.

Qeyd edək ki, 23 yanvar günorta saatlarından sonra paytaxt Moskvada, Sankt-Peterburqda və Rusiyanın digər şəhərlərində həbsdə olan müxalifət lideri Aleksey Navalnının azadlığa çıxması tələbi ilə kütləvi etiraz mitinqləri keçirilib. Aksiya iştirakçılarına qarşı polis tərəfindən zorakılıqlar edilib, təhlükəsizlik qüvvələri ilə vətəndaşlar arasında qarşıdurmalar müşahidə edilib. Qeyri-rəsmi məlumatlara görə, mitinqlərdə ümumilikdə 2 mindən çox şəxs saxlanılıb.