29 Mart 2024

Kreml üçtərəfli anlaşmaları pozur: Rus “sülhməramlılar” erməni terrorçuları gücləndirir

Azərbaycanla müttəfiqlik fəaliyyəti barədə sənəd imzalayan Rusiya erməni terrorizmini və separatizmini dəstəkləyir… Bu baxımdan, mandatı hələ də təsdiqlənməmiş rus “sülhməramlılar”ın vaxtından əvvəl Azərbaycan ərazisindən çıxarılması üçün hüquqi əsaslar da mövcuddur…

Rusiya pozucu güc mərkəzi rolunu oynamaqda davam edir. Kreml çar Rusiyası dövründən üzübəri mövcud olan “ənənəvi prinsiplər”inə yenə də sadiqdir. Rusiya bu prinsiplərdən heç bir halda imtina etməyəcəyini sezdirir və qonşu xalqları, ölkələri əsarətdə saxlamaq cəhdlərində israrlı davranır.

Halbuki, hazırda məhz çar Rusiyası dövrünə aid prinsiplər Kreml üçün əsas problem rolunu oynayır. Belə ki, Kremlin Rusiyanın yaxın qonşularına imperialist yanaşma sistemi artıq köhnəlib. İndi bu sistem Rusiyaya xeyirdən daha çox ziyan vurur. Və Rusiyanın bir imperialist dövlət kimi çöküşünü sürətləndirir.

Məsələ ondadır ki, çar Rusiyası dövründə imperiya prinsipləri Kremlə qonşu ölkələri və xalqları əsarət altında saxlamaq məqsədi güdürdü. Müasir dövrdə isə bu prinsiplərə sadiqlik Rusiyaya yalnız düşmən qazandırır. Kreml Rusiyaya dost ola biləcək bütün ölkələri düşmənə çevirməyə başlayıb. Bunun alternativi imperialist prinsiplərdən imtina edilməsi və qonşu ölkələrlə bərabərhüquqlu hüquqlu, normal münasibətlərin qurulmasıdır. Və Kreml bunu bacarmır, Rusiyanın intihar prosesini intensivləşdirir.

ktmt-maxresdefault.jpg (124 KB)

Kreml Rusiya ilə etnik qohumluğu olan Ukraynada işğalçılıq müharibəsi aparır. Qonşu Qazaxıstana qarşı ərazi iddiaları irəli sürür. Orta Asiya ölkələrinə öz geopolitik iradəsini diqtə etməyə çalışır. Və bu səbəbdən də son vaxtlar Kreml hətta ən yaxın müttəfiqlərinin belə, kəskin reaksiyası ilə üzləşir.

Belarusun Rusiya ilə məcburiyyət qarşısında müttəfiq olduğu heç kimə sirr deyil. Çünki, prezident Aleksandr Lukaşenko Qərbdə diktator kimi qəbul edildiyindən Kremllə müttəfiqliyə məhkum durumdadır. Ancaq “Batka” vaxtaşırı Kremlin Belarusu Rusiyanın quberniyasına çevirmək cəhdlırinə etiraz edir. Və bu, Rusiyanın nə qədər etibarsız tərəfdaş olduğunu göstərir.

Rusiyanın KTMT üzrə digər müttəfiqi Qazaxıstan Kremlin davranışlarından ciddi şəkildə narazıdır. Rəsmi Astana Rusiyanın Ukraynaya qarşı işğalçılıq müharibəsini dəstəkləmir. Əksinə, Kremli hər imkanda qınayır, Ukraynanın ərazi bütövlüyünü dəstəklədiyini bəyan edir. Hətta son vaxtlar Qazaxıstan KTMT-nı tərk etmək niyyətində olduğunu da qətiyyən gizlətmir. Və belə örnəkləri dəfələrlə artırmaq da olar.

Əsas məsələ odur ki, bütün bunların yeganə günahkarı məkz Kremlin özüdür. Rusiyanın imperialist siyasəti artıq qonşu ölkələrdə müqavimət dalğası yaradır. Kremlin davamlı olaraq, düşmənçilik etdiyi qonşu ölkələrdən Rusiyaya dost münasibət tələb etməsi artıq işə yaramır. Rusiyadan daha qorxmurlar və etiraz edirlər. Tacikistan prezidenti Emoməli Rəhmonun Kreml sahibi Vladimir Putinə xitabən “Rusiya postsovet ölkələrinə öz müstəmləkəsi və ya quberniyası kimi yanaşmaq vərdişlərindən imtina etməlidir” deməsi də bunu təsdiqləyir.

661jjmum1t_002.jpg (87 KB)

Təbii ki, Rusiyanın Azərbaycanla münasibətləri də olduqca qüsurlu xarakter daşıyır. Halbuki, bu ilin əvvəllərində Azərbaycan və Rusiya arasında dostluq və müttəfiqlik fəaliyyəti barədə rəsmi sənəd imzalanıb. Ancaq Kremlin Azərbaycana yönəlik davranışlarında dostluq əlamətləri tapmaq çox çətindir. Düşmənçilik məqamları isə kifayət qədərdir.

Məsələ ondadır ki, Azərbaycan və Rusiya arasında imzalanmış həmin sənəddə hər iki ölkənin ərazi bütövlüyünə qarşı təhdidlərə ortaq mübarizə öhdəliyi mövcuddur. Xüsusilə də, hər ölkənin ərazisində terrorizmə və separatizmə qarşı birgə fəaliyyət göstərilməsi nəzərdə tutulur. Və bu, Azərbaycan-Rusiya münasibətlərində irəliyə doğru inkişaf perspektivləri aça bilərdi.

Ancaq Kreml öz davranışları ilə bu inkişaf perspektivlərinin irəliyə doğru hərəkət etməsinə imkan vermir. Əksinə, Rusiyanın siyasi dairələri Azərbaycanla münasibətləri yenə də geriyə – keçmişə doğru çəkməyə çalışırlar. Halbuki, həm dünya sürətlə dəyişir, həm də rəsmi Bakı Rusiyanın keçmişə qayıdış cəhdlərinə imkan verməz.

Məsələ ondadır ki, iki ölkə arasındakı müttəfiqlik fəaliyyəti barədə sənəddə yer alan terrorizmə və separatizmə qarşı ortaq mübarizə maddələrini Rusiya kobud şəkildə pozur. Kreml Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Xankəndi və ətraf bölgədə erməni terrorizmini və separatizmini açıq şəkildə dəstəkləyir. Üstəlik, erməni terrorizmini və separatizmini daha da gücləndirməyə çalışır.

Erməni milyarder Ruben Vardanyanın Kreml tərəfindən Azərbaycanın Xankəndi və ətraf bölgəsinə “təxribat ezamiyyəti”nə göndərilməsi Rusiyanın Azərbaycan əleyhinə planlarının açıq müstəviyə keçdiyini göstərir. R.Vardanyan Azərbaycan vətəndaşı deyil, Xankəndi və ətraf bölgədə yaşayan ermənilərə ilə də heç bir aidiyyatı yoxdur. Rusiya sülhməramlı qüvvələrinin erməni terrorizmini və separatizmini maliyyələşdirən R.Vardanyanın Xankəndi və ətraf bölgədəki təxribatlarına “göz yumması” Kremlin Azərbaycanla imzaladığı müttəfiqlik fəaliyyəti barədə sənədin kobud şəkildə pozulmasıdır. Və rus sülhməramlılar bu erməni təxribatçısını bölgədən çıxartmağa borcludur.

Ancaq rus sülhməramlıların belə addım atacaqlarına inanmaq sadəlövhlük olardı. Çünki, bu, Kremlin Azərbaycana qarşı yeni təxribat planlarının tərkib hissəsidir. Və Rusiya bu planların icra prosesini genişləndirməyə başlayıb.

Belə ki, Rusiyanın Xankəndi və ətraf bölgədə olan erməni terrorçu-separatçılara “humanitar yardım” göstərdiyi barədə məlumatlar da mövcuddur. Calibr.az saytının əməliyyat mənbələrindən aldığı məlumata görə, Rusiya “sülhməramlı humanitar yardım” adı altında silahların Laçın dəhlizi ilə ötürülməsini təmin edib. Və bu, rus “sülhməramlılar”ın erməni terrorçu-separatçıları silahlandırılması deməkdir.

Məlumatda bildirilir ki, Kremlin bu “humanitar yardım” əməliyyatı nəticəsində “sülhməramlılar”ın müvəqqəti məsuliyyət zonasına piyada və tank əleyhinə minalar, avtomatik atıcı silahlar, o cümlədən, dəzgah pulemyotları, snayper tüfəngləri, 122 mm minaatanlar, ATGM “Faqot” (10 ədəd), ATGM “Kornet” (10 ədəd), qumbaraatanlar, portativ rabitə vasitələri və s. silah-sursat növləri keçirilib. Bu silahların hamısı Rusiyanın Ermənistandakı Gümrü hərbi bazasından göndərilib.

Məlumatda vurğulanır ki, Ermənistana Rusiya FSB-sinin silahlarla yüklənmiş daha 2 təyyarəsi eniş edib. Həmin hərbi-nəqliyyat təyyarələrinin Rusiyadan başlayaraq, Xəzər dənizi üzərindən və İran ərazisindən keçən marşrutu da artıq qeydə alınıb. Belə anlaşılır ki, Rusiya icrasının vacibliyini tez-tez vurğuladığı üçtərəfli anlaşmaları anlaşmaları nəinki kobud şəkildə pozur, hətta daha da irəli gedərək, özü erməni terrorçu-separatçıları silahlandırır. Və Rusiya 44 günlük savaş öncəsində də erməniləri üçün intensiv şəkildə silah-sursat daşıyırdı.

Maraqlıdır ki, yayılan məlumatda Azərbaycanın rəsmi dairələrinin Rusiya tərəfindən erməni terrorçu-separatçılara “sülhməramlı humanitar yardım” adı altında silah-sursat daşınmasından xəbər tutduğu da vurğulanır. Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun “Laçın dəhlizi hərbi məqsədlər üçün istifadə edilə bilməz” məzmunlu açıqlaması da bunu təsdiqləyir. Və böyük ehtimalla xarici işlər nazirinin açıqlaması həm də Rusiyaya ilkin xəbərdarlıq mesajı rolunu oynayır.

Belə anlaşılır ki, Laçın dəhlizinin statusu və rus sülhməramlıların fəaliyyəti Azərbaycan üçün ciddi problemə çevrilməyə başlayıb. Ancaq bu iki problemin də həlli yolları mövcuddur. Laçın dəhlizinin statusunu ləğv edib, onu sıradan nəqliyyat marşrutuna çevirməyin vaxtı çatıb. Azərbaycan Laçın dəhlizindən keçirilən bütün yüklərə mütləq nəzarət etməlidir.

Digər tərəfdən, Rusiya sülhməramlı qüvvələrinin mandatı da əlindən alınmalıdır. Əslində, rus sülhməramlıların Azərbaycan ərazisində fəaliyyəti beynəlxalq hüquq normalarına ziddir. Çünki, rəsmi Bakı rus sülhməramlıların mandatını təsdiqləməyib. Bu hərbi kontingentin mövcudluğu yalnız üçtərəfli anlaşmalara istinad edir. Üçtərəfli anlaşmaları isə ermənilərlə yanaşı, Rusiya da kobud şəkildə pozur və qüvvədən salır. Və bu baxımdan, rus sülhməramlıların vaxtından əvvəl Azərbaycan ərazisindən çıxarılması üçün hüquqi əsaslar da mövcuddur.

Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
“Yeni Müsavat” Media Qrupu