21 Noyabr 2024

Koronovirusa qarşı müqaviməti artırmaq üçün xalis bal yemək lazımdır

Koronovirusa qarşı  müqaviməti artırmaq  üçün xalis bal yemək lazımdır

Arıçı Fəxrəddin Məmmədov  belə düşünür

Musa Muradlı,Media1 Azərbaycan

Dünyanın nəbzi koronovirus infeksiyasının yaratdığı həyacana kökləndiyi bir vaxtda ölkəmizin kənd təsərrüfatı işçiləri həmişəki kimi öz üzərlərinə düşən işi layiqincə yerinə yetirirlər. Belə təsərrüfat adamlarından da biri, haqqında söz açacağımız arıçı Fəxrəddin Məmmədovdur.

İlk öncə Fəxrəddin Məmmədov bildirir ki, karantin dövründə kənd təsərrüfatında çalışanların hərəkətinə verilən sərbəstlik sayəsində işlərinin öhdəsindən vaxtlı vaxtında gələ biliblər. Rayon ərazisində arıçılıq fəaliyyəti barədə ona verilən arayışla müxtəlif yerlərdə yerləşdirdiyi arıçı təsərrüfatlarına qulluq göstərilməsinə görə heç bir problemlə üzləşməyib. Qeyd edək ki, Fəxrəddin Məmmədov Bərdə rayonunun Alaçadırlı kəndində yaşasa da arı təsərrüfatlarını rayonun bir neçə kəndində, harada arı üçün yem şərati varsa orada yerləşdirib.

Arıçı ilə söhbət zamanı məlum olur ki, onun arıçılığa başlamağı bir təsadüf sayəsində baş tutub. Belə ki, 20 il əvvəl arı beçəsi tutub. Bundan sonra arıçılıqla maraqlanmağa başlayıb.Tədricən yeşiklərinin sayını artırıb, bal əldə etdikcə maraq məşğuliyyətə çevrilib. Bu gün isə Fəxrəddin Məmmədovun arı təsərrüfatı 120 yeşiyi keçib.

Onu da xatırladaq ki, həmsöhbətimiz Fəxrəddin Məmmədov ali təhsillidir. Azərbaycan Texniki Universtitetini bitirib. Bir müddət ordu sıralarında zabit olaraq çalışıb. Bir neçə il “Azpetro LTD l” MMC müəssisəsində növbə rəisi , özəl şirkətlərin birində ambardar kimi işləyib. Sonuncu iş yeri bağlanandan sonra isə sırf arıçılıqla məşğul olur.

Arıçı Fəxrəddin Məmmədovla söhbət edərkən məşğul olduğu təsərrüfat növünün zəngin tarixi ənənəyə malik olduğunu deməklə faydalı olduğunu bildirir.” Azərbaycanda arıçılığın çox qədim tarixi var. Hələ qədim dövrlərdən  ölkəmizdə arıçılıqla məşğul olurmuşlar.  Dahi mütəfəkkir  Nizami Gəncəvi öz şerlərində arıçılığı tərənnüm etmişdir. İndiki dövrdə ən aktual məsələlərdən biri insanların sağlamlığıdır. Bunun üçün milyonlarla vəsait xərclənir. Bir neçə il bundan əvvəl möhtərəm prezidentimiz İlham Əliyevin arıçılığa göstərdiyi dəstək indi bəhrəsini verir. “

Arıçılığın inkişafı eyni zaman  məşğulluğun təmin edilməsində də böyük əhəmiyyətə malik olduğunu bildirən Fəxrəddin Məmmədov bal istehsalının gəlirli sahə olduğunu deyir. Hətta arıçı olmayanları da bu işlə məşğul olmağa dəvət edib.

Arıçının fikrincə subsidiyalaşma hesabına bal istehsalına verilən dəstək bəhrəsini verib. Buna qədər vitamin və pereparatların alınmasında maddi çətinliklər olduğundan arıçılar təsərrüfatlarına lazımi qədər qayğı göstərə bilmirdilər. Ancaq indi dövlətin dəstəyi sayəsində arı ailələrinə lazım olan qulluq göstərilir.  Nəticə də isə Azərbaycan arıçıları daxili bazarın təlabatını ödəməyə tam qadirdir.

Fəxrəddin Məmmədov gənc arıçılar üçün tövsiyyələrindən də danışıb.” Elə bilirəm ki, hər rayonda bir peşəkar arı təsərrüfatı olsa , arıçılığa başlayanların öyrədilməsində çox əhəmiyyəti olar. İstifadə edilən avadanlıqlar, tətbiq edilən dərman pereparatları ilə yaxından tanış ola bilərlər.

20 ildən çox arıçılıqla məşğul olan Fəxrəddin Məmmədov vaxtaşırı konfranslarda iştirak etdiyini, hər dəfə də yeni bir bilgi əldə etdiyini qeyd edir. Öyrəndikcə arıçılığın sirlərinə bələd olan Fəxrəddin Məmmədov hələ çox mətləblərdən  xəbəri olmadığını deyir. Arıçılıqla bağlı seminar, təlimləri isə bu sahənin inkişafı üçün əhəmiyyətindən danışan arıçı hazırda ana arıların yetişdirilməsi üsulunu öyrəndiklərini bildirib. Bu da o deməkdir ki, arıçılıq inkişaf eləməkdədir. Gələcək milli iqtisadiyyatımızda bal istehsalının çəkisi daha da arta bilər.