22 Dekabr 2024

Koronavirusa qarşı niyə vaksinasiya olunmalıyıq?- həkim səbəbləri açıqladı

Yanvarın 18-dən etibarən Azərbaycanda koronavirusa qarşı vaksinasiya prosesi başlayıb.
İlk olaraq səhiyyə işçilərinə peyvənd vuruldu, fevralın 8-dən etibarən isə yaşı 65-dən yuxarı olan şəxslərin vaksinasiyasına start verilib.

Sonrakı mərhələdə isə tibbi baxımından yüksək riskli olanlar şəxslər peyvənd olunacaqlar ki, bununla bağlı da ölkə mətbuatında geniş məlumatlar yer alıb.
Lakin son günlərdə xüsusən də sosial şəbəkələrdə vaksinlərlə bağlı müxtəlif iddialar, şayiələr, inamsızlıq yaradan fikirlər paylaşılır. Hətta vaksin olunanların yenidən yoluxduğu haqda iddialara da rast gəlinir. Ancaq rəsmi xəbərlərdə bu cür məlumatlara rast gəlinmir.

Bəs vaksinə qarşı inamsızlıq nədən irəli gəlir?

İlk öncə xatırladaq ki, Azərbaycan Pekində yerləşən “Sinovac” şirkətinin istehsalı olan “CoronaVac” vaksinindən istifadə edir. Bu, inaktiv vaksindir, hansı ki, genetik materialları məhv edildiyinə görə çoxala bilməyən, lakin immunitetin reaksiyasına səbəb ola bilən viruslardan istifadə olunub. Mütəxəssislər qeyd edirlər ki, Azərbaycan əhalisi uzun müddət inaktiv üsulla hazırlanan vaksinlərlə peyvəndləndiyi üçün bu peyvənd daha güvəniləndir.

_115371412_gettyimages-1265248637.jpg (59 KB)

Beləliklə, “CoronaVac” vaksini xəstəliyə ciddi əks-təsirə səbəb olmadan, bədənin immun sistemini virusa məruz qoymaq üçün öldürülmüş virus hissəciklərindən istifadə edərək işləyir.

Vaksinin hazırlanmasında Çin, Böyük Britaniya, İtaliya, İspaniya və İsveçrədən olan Covid-19 xəstələrindən nümunələr götürüb. Bütün məlum olan vaksinlər kimi, bu vaksin də iki dozada vurulur.
“CoronaVac” peyvəndinin əsas üstün cəhətlərindən biri standart soyuducuda 2-8 dərəcədə saxlanıla bilinməsidir. Digər məlum vaksinlərin isə əksəriyyətinin mənfi 20-70 dərəcədə saxlanılması tələb olunur ki, bir çox ölkələr bu şəraiti yaratmaq imkanına malik deyillər. Türkiyədə aparılan testlərə görə peyvənd 91.25 faiz effektivdir.

“Sinovac” şirkətinin Yin adlı təmsilçisi ötən ilin sentyabr ayında açıqlama verərək bildirmişdi ki, bu vaksinlə bağlı 1000 könüllü üzərində testlər aparılıb və onlardan 5 faizindən çox olmamaqla bəzilərində az yorğunluq və ya narahatlıq qeydə alınıb. “The Lancet” elmi jurnalında da qeyd edilib ki, müxtəlif dozalarda “CoronaVac” vaksini vurulan insanlar peyvəndlənməni yaxşı keçiriblər.

Mövzu ilə bağlı “Ankara” klinikasının baş həkimi Zülfüqar Yusifov Musavat.com-a danışıb.

O bildirib ki, ortada infeksion fakt varsa, xüsusən də pandemiya hələ də hökm sürürsə, vaksinasiya olduqca vacibdir və əsas çıxış yoludur:

Tarixən də insanlar bir sıra viral və bakterial infeksiyalardan peyvənd yolu ilə qurtulub. Məsələn, difteriya xəstəliyini qeyd etmək olar.

İndi isə dünyada koronavirus kimi bəlalı bir virus ortadadır. Dünya bir ilə yaxındır ki, bu virusla mübarizə aparır. Milyonlarla insan bu virusa yoluxub, minlərlə insan dünyasını dəyişib. Virus dünyanın bütün nöqtələrini, ölkələrini əhatə edib, bütünlükdə insanların həyatın iflic hala salıb. Beləliklə, bu virus dünyanın 21-ci əsrə qədər qazanılmış həyat keyfiyyətini çox ciddi şəkildə zədələyib.

Əlbəttə ki, koronavirusla mübarizədə əsas mərhələ qorunmaqla bağlı idi, indi də bu qorunma qaydalarına əməl etmək tələb olunur. Bunlar tibbi maska taxmaq, sosial məsafə saxlamaq, gigiyenik qaydalara əməl etməkdir. Bütün bu qaydalar yetərli olmadığı üçün vaksinasiyanın da vacibliyi ortada idi və dünyanın müxtəlif ölkələrində müxtəlif elm ocaqları, şirkətlər ciddi şəkildə vaksin hazırlamağa başladılar.

Fevral ayı üçün olan məlumata görə, 66 vaksin artıq sınaqdan keçməkdədir. Onlardan təxminən 17-si 1-ci mərhələdə, 20-si 1-2-ci mərhələ aralığında, 6 vaksin 2-ci mərhələdə, 20 vaksin isə artıq 3-cü mərhələdədir.

d152e065a4d4caa4611c6df2b8c84371.jpg (139 KB)

Azərbaycanın istifadə etdiyi “CoronaVac” və ona “qardaş” olan “Sinopharm” vaksinləri də 3-cü mərhələdədir. Həmçinin tanıdığımız digər məşhur vaksinlər, “Pfizer” və “Moderna” vaksinləri də 3-cü mərhələyə aid vaksinlərdir. Ümumiyyətlə, vaksinlər daha çox 3 qrupa bölünür. İnaktiv vaksinlər – bu vaksinlər viruslardan hazırlanıb. Zəiflədilmiş və başqa viruslar köçürlümüş vaksinlərdən ibarətdir – “CoronaVac” və “Sinopharm” vaksinlər bu tipdir. 3-cü isə zülal tərkibli RNT-dən ibarət vaksinlər – bunlara da “Pfizer” və “Moderna” vaksinləri aiddir. Ölkəmizin istifadə etdiyi vaksinin ortalama 70-95 faiz effektli olduğu qeyd edilir.

Bu aralıq ondan ibarətdir ki, ayrı-ayrı ölkələrin tədqiqatları müxtəlif nəticələr verib. Lakin son günlər eşitdiyimiz məlumatlar daha çox 90-92-95 faizdir. Bu da onu göstərir ki, zaman keçdikcə vaksinin effektliyinin daha çox olduğu üzə çıxır. Vaksini istehsal edən Çin şirkəti də olduqca nüfuzludur. Ola bilsin ki, vaksinə olan inamsızlığın əsas səbəblərindən biri də onun Çin istehsalı olması ilə bağlıdır. Hələ sovet dövründən Çin adı gələndə “kitayski”, keyfiyyətsiz məhsullar ağlımıza gəlirdi. Lakin bir şeyi bilməliyik ki, dünyada ən keyfiyyətli məhsulları da elə Çin istehsal edir. Təəccüblü görünsə də dünyanın ən inkişaf etmiş ölkələrinə, o cümlədən Amerikaya, Kanadaya gedəndə ala biləcəyimiz ən yaxşı məhsullar Çin məhsulları olur. Həmçinin bilirik ki, Çin iqtisadi baxımdan ən öndə gedən ölkələrdən biridir. Pandemiya dövründə bəlkə də yeganə ölkələrdən biridir ki, iqtisadiyyatı müəyyən artımla irəli gedib”.

Həkim bildirib ki, Çində elmi potensial da olduqca güclüdür:

“Çinin elmi tədqiqat institutları dünyanın ən aparıcı elmi tədqiqat mərkəzləri sırasındadır. Bu baxımdan vaksinin istehsalı ilə bağlı ona inanmaq olar.

Əsas verilən suallardan biri də budur – bu vaksini vurdurmaqda narahatçılıq varmı? Xatırladım ki, ÜST “Sinovac” vaksinini təcili istifadə üçün icazə verib. Hazırda koronavirus dünyada tüğyan edir, xeyli sayda yoluxma, ölüm faktları var. Bütün bunları, eyni zamanda “Sinovac”ın 90-95 effektliyini nəzərə alıb, tərəzinin bir gözünə qoyduqda deyə bilərik ki, bu vaksindən istifadə lazımlıdır”.

Xalidə Gəray
Musavat.com