28 Mart 2024

Kiyev növbəti dəfə kamikadze dronları və raketlərin hücumuna məruz qalıb

Ukraynanın paytaxtı Kiyev şəhəri mayın 4-də gecə saatlarından başlayaraq rus qoşunları tərəfindən raket və İranın “Şahed” tipli kamikadze dronlarının növbəti hücumuna məruz qalıb.

AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, hava həyəcanı siqnalından sonra paytaxtda hava hücumundan müdafiə sistemləri işə düşüb və partlayış səsləri eşidilib.

Kiyev Regional Hərbi Administrasiyasının rəhbəri Sergey Popko teleqram kanalında məlumat verib ki, ilkin məlumata əsasən, Ukrayna Silahlı Qüvvələrinin hava hücumundan müdafiə qüvvələri düşmənin bütün kamikadze dronlarını və raketlərini zərərsizləşdirə bilib. Əməliyyat məlumatlarına əsasən, mülki əhali arasında itki və yaşayış obyektlərinin dağıntıları olmayıb. Bundan başqa, paytaxtın müəyyən ərazilərinə raket və dronların qalıqlarının düşməsi qeydə alınıb, lakin onlar insanların həyat və sağlamlığına zərər vurmayıb, tikililərə ciddi ziyan dəyməyib.

Xatırladaq ki, bu, son 6 gündə paytaxt Kiyevə dördüncü raket və kamikadze dronlarının hücumudur.