22 Dekabr 2024

“Khan Academy Lənkəran təhsilində” layihəsi icra olunmağa başlayıb

AR Elm və Təhsil Nazirliyinin “Təhsildə inkişaf və innovasiyalar üzrə” VII Qrant müsabiqəsi çərçivəsində maliyyələşdirilən “Khan Academy Lənkəran təhsilində” layihəsi Lənkəran rayonu N.Aslanov adına Ləj kənd tam orta məktəbi tərəfindən icra olunmağa başlamışdır.

9 (doqquz) ay müddətində icra olunacaq layihənin əsas məqsədi Lənkəran rayonu N.Aslanov adına Ləj kənd tam orta məktəbin və eləcədə S.Əliyev adına Haftoni qəsəbə tam orta məktəbin ibtidai siniflərin onlayn öyrətmə platforması Khan Academy əlçatanlığını və səmərəli istifadəsini təmin etməklə şagirdlərdə riyazi və məntiqi təfəkkürü, hesab (sürətli hesablama) bacarıqlarını və yüksək IQ qabiliyyətini inkişaf etdirməkdir. Layihənin digər əsas məqsədi ilkin riyaziyyat və arifmetikanı yüksək mənimsə üçün ibtidai sinif şagirdlərində diqqət, dəqiqlik, konsentrasiya, fotomental yaddaş və yaradıcı yanaşma keyfiyyətləri formalaşmasına dəstək verməkdir. 

İcra planına uyğun oktyabr ayından layihənin hazırlıq işlərinə başlanılmış, KİV, sosial mediada tanıtım, fəaliyyət haqda məlumat verilmiş, sosial şəbəkələrdə paylaşımlar edilmiş, facebook səhifəsi, WhatsApp qrupu yaradılmış, layihə heyəti və könüllülər seçilmiş, tərəfdaş qurumlarla və Khan Academy Azerbaijan-la müzakirə aparılmış və əməkdaşlıq qurulmuşdur.

Növbəti mərhələdə məktəbin müəllim və rəhbər heyətinin, layihə əməkdaşları, digər pedaqoq və ekspertlərin və eləcədə aidiyyətli qurum təmsilçilərinin iştirakı ilə layihənin ictimai təqdimatı təşkil olunacaq və keçiriləcək təlimlərdə iştirak edəcək ibtidai sinif müəllimləri üçün elanlar veriləcək, seçim üçün qeydiyyat forması – ərizə-anket yaradılacaq, tədbirlərin proqram, qiymətləndirmə və digər sənədlərinin, o cümlədən, təlim materiallarının hazırlanmasına başlanacaqdır.

Növbəti ayda isə Lənkəran rayonu N.Aslanov adına Ləj kənd tam orta məktəbdə layihədə iştirak edəcək ibtidai sinif müəllimləri üçün mentor dəstəkli peşəkar təlim kursu keçiriləcək, onların qiymətləndirilməsi aparılacaq, pedaqoqlarla texniki məsləhətləşmə aparılacaq, layihə icrası üçün məktəbə alınacaq planşet və digər texniki vasitələrlə ibtidai sinif müəllimlər tərəfindən praktik fəaliyyətlər təşkil olunacaqdır.

Eyni zamanda layihənin KİV və sosial media üzərindən geniş PR fəaliyyəti təşkil olunacaq, sosial şəbəkələrdə təhsil işçilərinin fəallığı ilə təbliğat maarifləndirmə işləri aparılacaq və mövzuya uyğun motivasiyaedici sosial çarx hazırlanacaq və onlayn platformalarda yayılacaqdır.

Layihənin davamlılığı üçün virtual şəbəkə formalaşacaq və gələcək fəaliyyətlərə yönələn addımlar atılacaqdır.