Kəlbəcərdə atəş səslərinin susmamasının səbəbi – sensasion iddia
Ekspert: “Kreml Birinci Qarabağ müharibəsinin gedişində də Kəlbəcərdə hərbi kontingent yerləşdirmək istəyirdi”
Son həftələr Ermənistan demək olar ki, hər gün Kəlbəcər istiqamətində Azərbaycan Ordusunun mövqelərini atəşə tutur. Mövzu ilə bağlı Moderator.az-ın suallarını təhlükəsizlik məsələləri üzrə ekspert Ərəstun Oruclu belə cavablandırıb: “Kəlbəcərin hədəfdə olması təbii haldır. Çünki birincisi, Kəlbəcər hərbi-siyasi və geostrateji baxımdan ən həssas nöqtələrdən biridir. Faktiki olaraq mühasirə durumunda olan bir şəhər, rayondur…
Digər tərəfdən isə bu ərazi Qarabağın cənubu istiqamətinə açılan bir yoldur. Yəni oradan rahat şəkildə Tərtərə, Tərtərdən isə Rusiyanın uğrunda illərdir mübarizə apardığı Gəncə kommunikasiya dəhlizinə yol açılır. Ona görə də təbii ki, Moskva İkinci Qarabağ müharibəsində qarşısına qoyduğu geosiyasi hədəflərdən imtina etməyib. Heç belə bir fikri də yoxdur. Çünki bu, öncələrdən dediyim kimi, strateji hədəflərdən biridir. Məhz bu baxımdan da Rusiya daim Ermənistan vasitəsilə Kəlbəcəri hədəfdə saxlayacaq. Və Kəlbəcər-Tərtər istiqamətində Azərbaycana uğursuzluq yaşatmağa çalışacaq. Çünki yalnız bu halda Kreml öz məqsədlərinə çata bilər. Mən Kəlbəcər ətrafında son vaxtlar baş verən gərginliyin əsas səbəbini bunda görürəm”.
Məntiqli təsbit hesab oluna bilərmi? Doğrudanmı Kəlbəcər istiqamətində daim gərginliyin arxasında Rusiya dayanır?
Rövşən Məhərrəmov
Hərbi ekspert, polkovnik Rövşən Məhərrəmov “Yeni Müsavat”a bildirdi ki, Kəlbəcərin Ermənistanla 130 kilometrlik sərhədi var: “Bu, çox böyük miqyaslı sərhəd xətti deməkdir. Həmçinin Kəlbəcər rayonu ermənilərin hazırda yaşadığı Azərbaycan əraziləri ilə Ermənistan arasında olan strateji əhəmiyyətli rayondur. Ermənilər Qarabağda Ermənistana Kəlbəcərin içərisindən keçməklə yol da çəkmişdilər və istifadə edirdilər. O yol ermənilər üçün hərbi, iqtisadi, sosial əhəmiyyət daşıyırdı. Bütün bu strateji üstünlüklərdən Ermənistan məhrum olub. Qarabağdakı ermənilərlə Ermənistanın Kəlbəcər üzərindən əlaqəsi artıq yoxdur. Həm bu faktorlar, həm də Rusiyanın maraqları Ermənistanı daim Kəlbəcər istiqamətində atəşkəsi pozmağa vadar edir. İkincisi, Ermənistan ordusunda elə qüvvələr var ki, əslində onlar tam şəkildə Nikol Paşinyanın nəzarətində deyil. O qüvvələr daha çox Rusiyadan və ya revanşist qüvvələr olan Robert Köçəryan-Serj Sərkisyan-Seyran Ohanyan üçlüyündən aldıqları təlimatlarla hərəkət edirlər. Hesab edirəm ki, Kəlbəcər istiqamətindəki vəziyyətə bu amil də təsir edir. Həm Rusiyadakı bir sıra hərbi-siyasi dairələr, həm də Ermənistandakı revanşistlər reallıqları qəbul etmək istəmirlər və bütün gücləri ilə pozuculuq etməkdə, müharibəni yenidən alovlandırmağa çalışmaqdadırlar. Məsələnin kökündə bir məqam da dayanır. Rusiya istəyir ki, Ermənistanın Kəlbəcərlə sərhədi boyunca da rus qoşunlarını yerləşdirsin. Kəlbəcər ərazisi onlar üçün öz planlarını həyata keçirmək üçün seçilmiş strateji bölgədir. Ona görə də Azərbaycan dövləti Kəlbəcər istiqamətində Ermənistanla sərhəd boyu çox ciddi müasir müdafiə sistemləri qurmalı, ordumuzun gücü dəfələrlə artırılmalıdır. Ermənilər hələ Birinci Qarabağ müharibəsi yeni başlayanda bəyan edirdilər ki, Kəlbəcər Qarabağın qapısıdır. Diqqət edirsinizsə, məhz Kəlbəcərin işğalından az sonra ard-arda 5 rayonumuzu işğal edə bilmişdilər. Ona görə də biz Kəlbəcər kimi mühüm qapı rolunu oynayan strateji əhəmiyyətli rayonun müdafiəsinə çox ciddi yanaşmalıyıq”.
Ərəstun Oruclu
Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı bildirdi ki, Ərəstun Oruclunun söylədiklərini böyük ehtimalla təsdiq etmək olar. Rusiya həmişə Kəlbəcərə xüsusi önəm verib. Bu, həmin ərazinin geostrateji əhəmiyyəti ilə bağlıdır: “Kreml Birinci Qarabağ müharibəsinin gedişində də Kəlbəcərdə hərbi kontingent yerləşdirmək istəyir, Azərbaycan tərəfinə bununla bağlı müraciətlər edirdi. O vaxt ekspertlər hətta Kəlbəcərin işğalını bu tələbin yerinə yetirilməməsi ilə bağlayırdılar. Təbii ki, Rusiya məqsədlərini ermənilərin əli ilə həyata keçirməyə çalışır. Amma ermənilərin də bu məntəqədə öz maraqları var, onlar Rusiyanın orada mövcudluğunu özlərinin təsir imkanlarının qalması kimi dəyərləndirirlər. Belə düşünmək olar ki, Moskva orada atəşkəsin tez-tez pozulmasına nail olmaqla həmin ərazilərdə rus hərbi qüvvələrinin qalmasının vacibliyinə diqqəti yönəltmək istəyir, Azərbaycanı bu reallıqla barışmağa razı salmaq niyyəti güdür. Eyni zamanda həmin bölgədəki qızıl mədənləri amili də kənara qoyulmamalıdır. Rusiyanın Ermənistanla birlikdə o marağı da yox deyil. Həm də həmin ərazi Azərbaycanın Ermənistanla sərhəd zolaqlarından biridir. Rusiya oraya nəzarət etməklə erməni silahlılarının Azərbaycan ərazisinə vaxtaşırı sızması, təxribatlar törətməsi üçün də istifadə edə bilər. Azərbaycan rəhbərliyi bu təhlükəli məqamları bilməli, məkrli planların həyata keçməsinə imkan verməməlidir. Bunun üçün ilk növbədə Ermənistan ərazisindəki atəş nöqtələri məhv edilməlidir. Moskvanın istənilən iddialarına imkan verilməməlidir”.
Etibar SEYİDAĞA,
“Yeni Müsavat”