Kəlbəcər şəhəri indi dünyanın ən gözəl mənzərəli şəhərlərindən birinə çevrilir

2025-ci il avqustun 21-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyeva Kəlbəcər şəhərinə tarixi səfər ediblər. Bu səfər Qarabağ və Şərqi Zəngəzur bölgələrinin bərpasında yeni bir mərhələnin başlanğıcı kimi qiymətləndirilməlidir.
Azərbaycan Prezidenti İlham Əliyevin işğaldan azad edilmiş rayonlara hər səfəri əlamətdar olur – yeni infrastruktur obyektlərinin, yolların açılışı, evlərinə dönən insanlarla səmimi görüşlər və s. Bu gün azad olunan digər rayonlarımız kimi Kəlbəcər də kompleks şəkildə sürətlə yenidən qurulur. Ermənilərin vaxtilə dağıtdıqları, yandırdıqları, təbiətini məhv etdikləri Kəlbəcərdə artıq yeni həyat başlayır. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın rayona səfərləri təməlqoyma mərasimləri və infrastruktur obyektlərinin açılışı, yerli sakinlərlə görüşlərlə yadda qaldı. Bütün bunlar işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa və quruculuq işlərinin nə qədər əzəmətli, genişmiqyaslı olduğunu, kompleks məzmun daşıdığını göstərir. Avqustun 21-də Kəlbəcər şəhərinə ilk köç baş tutdu. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Kəlbəcər şəhərində 1-ci yaşayış kompleksində yaradılan şəraitlə tanış olublar, bura köçən sakinlərlə görüşüblər, Prezident İlham Əliyev onlara yeni mənzillərin açarlarını təqdim etdi Prezident İlham Əliyev Kəlbəcəri “dünyanın ən gözəl və ən mənzərəli şəhərlərindən biri” adlandırdı. Bu gün Kəlbəcər həqiqətən də dünyanın ən gözəl şəhərlərindən birinə çevrilir. Dövlət başçısının vurğuladı ki, “Böyük Qayıdış” proqramı çərçivəsində Kəlbəcərdə dörd böyük yaşayış kompleksi inşa edilir və burada 10 mindən çox insan məskunlaşacaq.
Səfər zamanı Prezident İlham Əliyev Kəlbəcərdə yeni məktəb binasının təməlini qoydu. Təhsil məsələsinə xüsusi diqqət yetirən dövlət başçısı bildirdi ki, yaxın gələcəkdə müasir tədris müəssisəsi istifadəyə veriləcək. Prezident İlham Əliyev Kəlbəcərdə “Aşağı Vəng”, “Nadirxanlı” və “Çaykənd” kiçik su elektrik stansiyalarının açılışında iştirak etdi. Bu stansiyalar həm enerji təminatını gücləndirir, həm də bərpa olunan enerji mənbələrinin inkişafına töhfə verir. Kəlbəcərin dağ çayları və hidroenerji potensialı Azərbaycanın enerji strategiyasında mühüm yer tutur. Bununla yanaşı, “İstisu” sanatoriyasının bərpası da diqqət mərkəzindədir. Prezident bildirdi ki, burada aparılan işlər nəticəsində suyun keyfiyyəti təmizlənib və “dünyanın ən sağlam suları” səviyyəsinə qaldırılıb. Bu, gələcəkdə turizm və sağlamlıq sektorunun inkişafı üçün güclü baza yaradacaq.
Ölkə Prezidenti bildirib ki, “Kəlbəcərin işğalı bizim üçün bütün başqa yaşayış məntəqələrimizin işğalı kimi böyük faciə idi. Ancaq Kəlbəcərin işğalı strateji nöqteyi-nəzərdən Azərbaycan üçün çox böyük problemlər yaradırdı. Çünki Ermənistanla ovaxtkı Dağlıq Qarabağ Muxtar Vilayəti arasında coğrafi bağlantı yaradılırdı. 1992-ci ilin may ayında Şuşa və Laçının işğal altına düşməsi artıq o bağlantını yaratmışdı və o vaxt “Laçın dəhlizi” adlandırılan yol faktiki olaraq bizim torpaqlarımızın gələcək işğalına yol açmışdı”. Prezident əlavə edib ki, Kəlbəcərin işğalı isə çox böyük bir coğrafi ərazi üzrə Ermənistanla keçmiş “Dağlıq Qarabağ” arasında coğrafi bağlantı yaratmışdı və beləliklə, digər torpaqlarımızın işğalına yol açmışdır: “Əfsuslar olsun ki, ovaxtkı Azərbaycan rəhbərliyi xəyanətkarlıq və satqınlıq siyasəti apararaq doğma diyarımızı qoruya bilməmişdir. Hələ 1992-ci ilin may ayında Şuşa və Laçının işğal altına düşməsi o vaxt hakimiyyətə can atan AXC-Müsavat cütlüyünün xəyanəti nəticəsində mümkün olmuşdur. Alınmaz qalamız Şuşa demək olar ki, ermənilərə təhvil verilmişdir”.
Ölkə Prezidentinin sakinlərlə görüşdə onu da xüsusi vurğulayıb ki, dünya birliyi, beynəlxalq aləm artıq Azərbaycanın Qələbəsini və yeni reallıqları tam qəbul edib və bu da özlüyündə tarixi hadisədir. Çünki sirr deyil ki, həm işğal dövründə, həm də müharibə dövründə Ermənistanı dəstəkləyən böyük dövlətlər bizə hər zaman böyük problemlər yaradırdı və yarada bilərdi. “Bizim gücümüz, xalqımızın iqtidarla bir yerdə olması, hərbi Zəfərimiz, cəmiyyətdəki ovqat, vətənpərvərlik ruhu – bütün bu amillər bütün dünyaya göstərdi ki, hər kəs bizimlə hesablaşmalıdır və bizimlə hesablaşmayan nəticədə peşman olur. Bunu Ermənistan-Azərbaycan müharibəsi, Vətən müharibəsi, müharibədən sonrakı dövr göstərmişdir və bunu bugünkü reallıqlar da göstərir”, – deyə Prezidentin səsləndirdiyi fikirlər içərisində xüsusi yer tutur. Prezident İlham Əliyevin rəhbərliyi altında özünün ərazi bütövlüyünü və suverenliyini tam bərpa etmiş Azərbaycan, həmçinin bölgədə sülh gündəliyinin müəllifi kimi çıxış edir və bu gündəliyə dünya güclərinin imza atmasına nail olur. Ölkənin artan nüfuzu böyük qayıdışla yanaşı böyük sülhü də sürətlə yaxınlaşdırır. Dövlət başçısı bildirdi ki, ölkənin təhlükəsizliyi həm siyasi iradədən, həm xalqın birliyindən, həm də güclü ordudan asılıdır. 44 günlük Vətən müharibəsində qazanılan tarixi Zəfər də məhz bu amillərin vəhdəti nəticəsində mümkün olmuşdu. Prezidentin bu mesajı göstərir ki, Azərbaycan regionda sülhün təminatçısı olsa da, öz milli təhlükəsizliyini hər zaman prioritetdə saxlayacaq.
Emilya Abdullayeva
Ağstafa rayon Mərkəzi Kitabxana Sisteminin əməkdaşı