Keçmişimizi heç vaxt unutmamalıyıq və ayıq olmalıyıq

Möhtərəm Prezidentimizin Kəlbəcərdə söylədiyi çıxış hər birimizi dərindən təsirləndirdi və qürurlandırdı. Bu nitqdə həm tarixi həqiqətlər, həm də gələcəyə yönəlik aydın baxış bir araya gəlmişdir. 32 ildən sonra kəlbəcərlilərin doğma yurdlarına qayıtması təkcə onların deyil, bütün Azərbaycan xalqının bayramıdır. Bu gün Kəlbəcərdə yüksələn evlər, salınan yollar, qurulan məktəblər və yaradılan müasir infrastruktur bir daha göstərir ki, dövlətimiz xalqının rifahını hər şeydən üstün tutur.
Cənab Prezidentin çıxışında xüsusilə vurğuladığı məqamlar haqqın bərpa olunması, xalqımızın mübarizliyi, dövlət-xalq birliyi və böyük qələbəyə aparan yol hər birimizi daha da qürurlandırır. 44 günlük Vətən müharibəsi, daha sonra isə 2023-cü ilin sentyabrında həyata keçirilən antiterror əməliyyatı Azərbaycan tarixində əbədi qalacaq. Bu gün biz qalib xalq kimi, müzəffər dövlət kimi yaşayırıq və Kəlbəcərin yenidən həyatla canlanması bu zəfərin ən bariz sübutudur.
Prezidentimizin sözlərində həm də dərin bir mesaj var: biz heç vaxt tarixi faciələri unutmamalıyıq, amma gələcəyə baxaraq qurub-yaratmalıyıq. Ermənistanın dağıtdığı şəhərlərin yerində bu gün yeni Kəlbəcər qurulur. Bu, həm gücümüzün, həm də iradəmizin göstəricisidir. “Dəmir yumruq” ifadəsi isə bir daha bizə xatırladır ki, Azərbaycan bundan sonra da hər zaman güclü olacaq, heç kim bu xalqı öz yolundan döndərə bilməyəcək.
Cənab Prezidentimizin nitqi əslində, yalnız kəlbəcərlilərə deyil, bütün xalqımıza ünvanlanmış böyük bir mesajdır birlikdə olduqda biz hər şeyə qadirik. Möhtərəm Prezidentimizə minnətdarlığımız sonsuzdur. Onun uzaqgörən siyasəti, qətiyyəti və xalqa olan sevgisi sayəsində bu gün doğma torpaqlara qayıdış gerçəyə çevrilib.
Bu qələbə bütün Azərbaycan xalqının ləyaqətini, gücünü və birliyini dünyaya göstərdi. Cənab Prezidentin dediyi kimi biz artıq müzəffər xalq və qalib dövlətik!
Jalə Mehdiyeva
Ağstafa rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı