Keçmiş məcburi köçkünlər üçün ən yaxşı şərait yaradılsın deyə Azərbaycan əlindən gələni edir
6 dekabr 2023-cü il tarixdə ADA Universitetində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin iştirakı ilə ADA Universitetinin və Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin birgə təşkilatçılığı ilə “Qarabağ: 30 ildən sonra evə dönüş. Nailiyyətlər və çətinliklər” Forumu keçirilib.
Dövlətimizin başçısı forumda çıxış edərək bildirib: “Azərbaycan təqribən 30 il ərzində Ermənistan ilə münaqişəni dinc yolla həll etmək istəyirdi. Lakin, təəssüflər olsun ki, bu mümkün olmadı. Bunun bir çox səbəbi var idi. Qarabağda Ermənistana məxsus 15 minə yaxın hərbiçi var idi. İki il yarım bundan əvvəl suverenliyimizi bərpa edərkən şahidi olduq ki, Qarabağda Ermənistana məxsus böyük sayda hərbçilər var idi və onlar orada beynəlxalq hüquqa məhəl qoymadan yerləşdirilmişdilər. Azərbaycanın təklifi çox aydındır. Qarabağda yaşayan insanların iki seçimi var. Biri Azərbaycan vətəndaşları olmaqdır və biz bunun üçün hüquqi və təhlükəsizlik çərçivəsi yaradırıq. Yaxud yaşayış üçün başqa yer tapsınlar. Ancaq Azərbaycanın müraciətləri və bəyanatları lazımi şəkildə dəyərləndirilmədi. Bir gündən də az sürən antiterror əməliyyatı bizə imkan verdi ki, suverenliyimizi bərpa edək. Əməliyyat elə tərzdə aparılmışdır ki, mülki infrastruktura zərər dəyməyib və dinc əhali arasında itkilər olmayıb. Əməliyyat başlayan anda bəyan etdik ki, Ermənistan ordusu silahları yerə qoyan kimi biz dayanacağıq və onlara oraları tərk etməyə icazə verəcəyik. Əməliyyat 24 saatdan az sürdü və onlar təslim olduqlarını bəyan edəndən sonra bütün fəaliyyətlər dayandırıldı. Azərbaycan əlindən gələni edir ki, keçmiş məcburi köçkünlər üçün ən yaxşı şərait yaradılsın. Onlar buna layiqdirlər, çünki onlar 30 il ərzində çətin şəraitdə yaşayıblar. Burada söhbət təkcə fiziki durumdan getmir. Söhbət 30 il ərazində doğma evlərindən məhrum edilmiş insanların psixoloji vəziyyətindən gedir. Onlar geri qayıtmaq vaxtını gözləyirdilər və bu gün biz əraziləri azad etdiyimiz üçün əlimizdən gələn hər şeyi edirik ki, prosesi sürətləndirək”.
Prezident cənab İlham Əliyev çıxışında qeyd edib: “Qarabağda yaşayan erməniləri öz vətəndaşımız hesab edirik. Onlar separatçıların liderləri tərəfindən manipulyasiya edilirlər. Biz onlara həmin ərazidə qalmaq və yaşamağa davam etmək üçün şərtlərimizi təklif etdik. Bu, tamamilə beynəlxalq hüquqa uyğun idi. Onların edəcəkləri yeganə iş Azərbaycan vətəndaşlığı üçün müraciət etmək idi. Onların hüquqları və təhlükəsizliyi məsələləri də nəzərə alınmışdı. Reinteqrasiya istehza ilə qarşılandı, həm Ermənistan hakimiyyəti, həm də separatçılar tərəfindən. Həmin separatçılar ki, bu gün təcridxanada verdikt gözləyirlər. Azərbaycan reinteqrasiya ilə bağlı bütün lazımi təşəbbüslərlə çıxış etmişdir. Reinteqrasiyaya dair elektron portal yaratdıq ki, orada Azərbaycan vətəndaşlığını almaq istəyən hər kəs qeydiyyatdan keçə bilər. Onlara təklif etdiyimiz bütün hüquqlarla bağlı əlavə məsləhətləşmələr də aparılacaqdı. Onlara təklif etdiklərimizin hamısı tamamilə qəbuledilən idi və ən yaxşı təcrübəyə əsaslanırdı – milli azlıqlarla bağlı Avropa Konvensiyası, dil ilə bağlı Avropa Konvensiyası, ana dilində təhsil, dini hüquqlar, mədəni hüquqlar, bələdiyyə hüquqları. Onlara bələdiyyə seçkiləri vasitəsilə nümayəndələrini seçmək təklif edildi. Bizim böyük potensialımız və geniş coğrafiyamız var. Nəhəng enerji ehtiyatlarımız var ki, bu gün milli təhlükəsizlik məsələsidir. Bu, əslində, mövcudluğun, müstəqil yaşayışın mənbəyidir. Bizim coğrafiyamız Avropadan Şərqi Asiyaya qədər uzanan ərazini əhatə edir. Bizim istifadə edə biləcəyimiz müəyyən infrastruktur var və biz ondan istifadə edirik. Birgə təhlükəsizliyi təmin edən yol xəritəsi. İlkin mərhələdə birgə təhlükəsizliyimizin hansı şəkildə təmin edilməsi ilə bağlı konsensus olmalıdır. Bunun üçün bütün ölkələrin razılığı olmalıdır. Türk Dövlətləri Təşkilatı ölkələrinin milli təhlükəsizliyinin və sabitliyinin təmin edilməsi baxımından bunlara nail olmaq üçün yol xəritəsi hazırlanmalıdır. Azərbaycan regiona sülhü müharibə ilə gətirib. Ölkəmiz sübut etdi ki, münaqişənin hərbi yolla həlli var. Sözügedən fakt Qafqazda lokal vəziyyətdən daha geniş şəkildə qiymətləndirilməli olan bir məsələdir. Münaqişə üç il əvvəl, biz işğal olunmuş ərazilərin böyük bir hissəsini azad edəndə həll olunmuşdu. Suverenliyimizin bərpası isə, sadəcə, zaman məsələsi idi. Sülh təklif edən tərəf məhz Azərbaycan olub. Otuz ildir işğala, dağıntılara, etnik təmizləməyə, soyqırımına məruz qalan və ərazisinin tamamilə dağıdılmasından əziyyət çəkən bir ölkə torpaqlarını beynəlxalq vasitəçilər olmadan məhz özü azad etdikdən dərhal sonra özü sülh təklif edib”.
Canpolad Yusifov
YAP Ağstafa rayon təşkilatının sədr müavini