30 İyun 2025

Keçmiş köçkünlərin rəqəmsal bacarıqları artırılır: Bərdə və Mingəçevirdə ilkin qiymətləndirmə / FOTOLAR

İki bölgədə təşkil olunan təlimlər iştirakçıların uğulu nəticələrini ortaya qoyur və onların əmək bazarına inteqrasiyasını sürətləndirir.

QHT.az xəbər verir ki, “Mingəçevir Valideynlər Assosiasiyası” İctimai Birliyinin nümayəndələri iyunun 28-də Bərdə şəhərində yerləşən “General Academy” MMC-nin, iyunun 30-da isə “Mingəçevir Turizm Kolleci” Publik Hüquqi Şəxsin kompüter mərkəzlərində təlimlərə qatılan keçmiş köçkünlərin rəqəmsal bacarıqlarını qiymətləndirib. Təlimçilər Pərvanə Ağayeva və Ləman Nəbiyeva, eyni zamanda layihə rəhbəri Fərman Nəbiyev benefisiarlara suallarını ünvanlayıblar. Cavablardan məlum olub ki, hər iki auditoriya proqramın bir ay ərzində nəzərdə tutulan hissəsini mükəmməl öyrənməyə və  tətbiq etməyə nail olub. İyulun sonunadək davam edəcək layihə 30-dək keçmiş köçkünün əmək bazarına inteqrasiyasını və rəqəmsal biliklərini artırmağı hədəfləyib. Uğur qazanan iştirakçılara yekunda sertifikatlar təqdim olunacaq.

Ötən müddətdə  “Mingəçevirdə İT təlimi” və “Bərdə yay məktəbi” adı ilə fəaliyyət göstərən qrupların sosial aktivliyi üçün də maraqlı təşəbbüslər həyata keçirilib. Belə ki, Bərdə qrupunun Şəhidlər Xiyabanına ziyarəti, azad olunmuş ərazilərə səfəri təşkil olunub. Bütün məşğələlərin təqdimatları Mingəçevir qrupunun WhatsApp səhifəsinə yüklənib.

Təlimlər “Mingəçevir Valideynlər Assosiasiyası” İctimai Birliyinin may ayının 1-dən həyata keçirdiyi “Böyük Qayıdışa hazırlaşan keçmiş köçkünlərlə iş” layihəsi çərçivəsində təşkil olunur. Layihənin donoru  “Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi” Publik Hüquqi Şəxsdir.

İctimai Birlik 2022-ci ildən yerli və beynəlxalq donorların dəstəyi ilə keçmiş köçkünlərə yönəlik davamlı işlər həyata keçirir. Bunlara məcburi köçkün icmalarında sorğular və maarifləndirmə tədbirləri, məşğulluq ehtiyaclarının araşdırılması, birgəyaşayış mövzusunda məlumatlandırma kampaniyaları və peşə bacarıqlarının artırılması barədə layihələr daxildir.

Fotolar