21 Noyabr 2024

Kasıblar taksidən düşdü, indi nə olacaq?

Elməddin Muradlı: “Əvvəlki kimi ucuz taksi xidməti olmayacaq, üstəlik, azı 20-25 dəqiqə əvvəldən taksi sifariş etmək lazım gələcək”

İyulun 1-dən ölkədə taksi fəaliyyəti ilə bağlı yeni qaydalar tətbiq olunacaq. Yeniliyin bu sahə ilə məşğul olanların sayını azaldacağı şübhəsizdir. İndidən vəziyyətin dəyişdiyini demək olar. Xüsusilə paytaxtda taksi xidməti göstərən avtomobillərin sayı azalıb. Qiymətin də iki dəfəyə yaxın bahalaşması müşahidə edilir. Təsadüfi hallarda hansısa istiqamətə 4 manatdan ucuz getmək mümkündür.

Bakıda taksi xidməti göstərən avtomobillərə 1 km üçün təxminən 1 manat (təxminən 0,6 dollar) ödənilir. Bu sahənin araşdırması ilə məşğul olan şirkətlər təxminən orta qiymət çıxarıb. Göstərici ilə razılaşmaq olar. İstisna hallarda qiymət bir az baha və ya ucuz olur. Bəs hansı ölkələrdə taksi xidmətindən daha sərfəli şərtlərlə istifadə etmək olar?

Bızımyol.info yazır ki, taksi xidmətinin ən baha olduğu ölkə İsveçrədir. Məsələn, Sürixdə 1 km üçün azı 3,8 frank ödəmək lazım gəlir. Yəni bu şəhərdə hər kilometr müştərinin 7 manatını alır. İstənilən halda, ödəniləcək məbləğ 6,5 frankdan az olmamalıdır. Bu o deməkdir ki, müştəri 12 manatdan az məbləğə ümid etməməlidir.

Berlində start qiymət İsveçrədəki göstəricilərə yaxınlaşır. Amma hər kilometr orta hesabla 2,3 avroya başa gəlir.

Fransanın paytaxtı Parisdə taksi sürücülərinə 1 km üçün 1,93, İtaliyanın paytaxtı Romada 1,5 avro ödənilir.

Böyük Britaniyanın əsas şəhəri Londonda qiymət 2 funt sterlinqdir. Yəni 4 manatdan bir az çox.

Azərbaycanla, konkret Bakı ilə müqayisədə baha görünən yerlər çoxdur. Amma taksi xidmətinin ucuz olduğu ölkələr də az deyil.

Özbəkistanın paytaxtı Daşkənddə taksi xidməti Bakıdan azı iki dəfə ucuzdur. Vyetnamın paytaxtı Hanoyda da qiymətlər Bakıdan ucuz görünür.

Rusiyada qiymətlər, heç şübhəsiz, Azərbaycandan aşağıdır. Moskvada kilometri 0,45, Sankt-Peterburqda 0,56 sentə qət etmək mümkündür.

Azərbaycanda taksi xidməti qiymət baxımından indi faciəli günlərini yaşamır. Amma bu xidmət getdikcə sadə adamlar üçün əlçatmaz olmağa başlayır. Bakıdakı qiymətlər Finlandiyanın paytaxtı Helsinkiyə yaxınlaşırsa, deməli, vəziyyət yaxşı deyil. Hadisələrin gedişi göstərir ki, zamanla situasiya daha da mürəkkəbləşəcək. 

Mövzu ilə bağlı nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı “Yeni Müsavat”a danışıb. Ekspert qeyd edib ki, taksi qiymətlərinin artması fonunda insanların taksiyə əlçatanlığı azalacaq: “Bazar iqtisadiyyatı fonunda tələb-təklif formasından yanaşsaq, bu, təbii prosesdir. Çünki məlum məsələdir ki, heç kim baha qiymətə nəsə almaq istəmir. Amma istifadə edənlərin də 30 faizi məcburiyyətdən bu addımı atır. Çünki ictimai nəqliyyata güvəni qalmayıb, illər əvvəl onun necə bərbad vəziyyətdə olduğunu görüb, taksiyə üz tutub. Bu gün də ictimai nəqliyyatla bağlı heç bir irəliləyişin olmadığını görürük. Əgər vətəndaş bundan sonra taksidən də əlini üzməli olacaqsa, təbii ki, yenə də gedib özünə avtomobil almaq  barədə düşünəcək. Taksilərlə bağlı aparılan islahatlar, qoyulan məhdudiyyətlər demək olar ki, Bakı şəhərində taksi sayının yarıya qədər azalmasına gətirib çıxarır. Bu günə qədər 18 min sayda taksi sertifikatdan keçib. Ehtimallara görə, bu rəqəm təxminən 30 min sayda dayanacaq.  Əslində bu say Bakı şəhəri üçün kifayət qədər normaldır. Hətta bəzi hallara baxanda çoxdur.  Bu həm də ictimai nəqliyyatın vəziyyəti ilə bağlıdır. Yəni nə zaman ictimai nəqliyyat inkişaf edəcək, metrostansiyaların sayı artacaq, o zaman taksilərin də sayı avtomatik olaraq azalacaq. Bunun üçün hər hansı qərara, qanuna ehtiyac olmayacaq”.

Elməddin Muradlı - TurkicWorld

Elməddin Muradlı

Ekspert taksi qiymətlərinin artmasından da danışıb: “Qiymət məsələsinə gəldikdə, bunu daşıyıcı operatorlar, yəni şirkətlər müəyyənləşdirir. Ötən il dövlət tərəfindən onlara tövsiyə olundu ki, 2,50 manatdan aşağı qiymət olmasın, maksimal qiyməti isə özləri müəyyənləşdirsinlər. Amma hesab edirəm ki, bu da müəyyən dövr üçün keçərli olacaq. Çünki bəzi hallarda dövlətin bu məsələyə müdaxilə etməsinə ehtiyac var. Yəni fantastik qiymət artımına ehtiyac yoxdur, konkret qiymət müəyyənləşdirilməlidir. Bir müddət əvvəl müzakirələr gedirdi ki, hər km-ə 60-70 qəpik müəyyən edilsin və sairə. Sonradan bu müzakirələr kənarda qaldı, yalnız minimum qiymət müəyyənləşdirildi ki, ondan aşağı qiymət olmasın. Çünki bir vaxt oldu ki, insanlar evdən çıxıb, 200 metr qabağa gedib, mağazadan siqaret və sairə almaq üçün belə taksi sifarişi edirdi. Deyirdilər ki, “50-60 qəpik, nə yazırsa ödəyim, amma taksi ilə gedim”. Minimum qiymət 2,50 manat müəyyənləşəndən sonra artıq bu kimi hallar kənarda qaldı, şəhərdə hərəkətlilik də nisbətən azaldı.  Hesab edirəm ki, qiyməti tənzimləmək olar, amma qeyd etdiyim kimi, yalnız ictimai nəqliyyat inkişaf etdiyi təqdirdə. Hazırda təkcə Bakı şəhəri üçün 1800 yeni avtobusa ehtiyac var. Məlum olduğu kimi, yeni qaydalara əsasən ili 2009-cu ilə qədər olan taksilər fəaliyyət göstərə bilməyəcək. Yəni operatorlar artıq onları işə götürmür. Sürücü də “Prius”u 12 min manata almışdı, amma indi məcbur olub 20 min manata yeni avtomobil alır və haqlı olaraq da bildirir ki, “artıq 3 manata sərnişin daşımaq istəmirəm”. Beləliklə də qiymət artımına görə nə sürücünü, nə də şirkəti qınamaq olur.  

Lakin taksilər qiyməti birdən-birə 4-4,5 manat artırıblar. Doğrudur, qiymət artımı ilə bağlı rəsmi məlumat yoxdur, AYNA da, operatorlar da deyir ki, xəbərimiz yoxdur. Amma faktiki olaraq qiymətlər xeyli artıb, taksi xidməti göstərən avtomobillərin də sayı azalıb. Hesab edirəm ki, vəziyyət bir müddət belə davam edəcək, daha sonra taksi operatorları aralarında sağlam rəqabət rejiminə keçsələr qiymətlər bu formada qalmayacaq. Özləri də görürlər ki, müştəri itirirlər.  

Beləliklə, artıq vətəndaşlar düşünməsin ki, düyməni basıb, sifariş edən kimi taksi qarşısına gələcək. Azı 20-25 dəqiqə əvvəl taksi məsələsini düşünmək lazım gələcək. Bu, normal haldır. Həmçinin əvvəlki qiymətlər də olmayacaq, əvəzində isə normal, təhlükəsiz, keyfiyyətli taksi xidməti görəcəyik”. 

Xalidə GƏRAY,
“Yeni Müsavat”