23 Dekabr 2024

“Jurnalist cəmiyyətin həkimidir” – 52 yaşlı Akif Aşırlı

15 fevral tarixi “Şərq” qəzetinin baş redaktoru Akif Aşırlının doğum günüdür. O, 1969-cu ilin bu günündə Qazax rayonunun Daş Salahlı kəndində anadan olub. 1999-cu ildə Bakı Dövlət Universitetinin (BDU) Tarix fakültəsini bitirib.
BDU-da təhsil aldığı illərdə paralel olaraq Azərbaycan Jurnalist Sənətkarlığı İnstitutunda oxuyub. 2005-ci ildə “Təfəkkür” Universitetində jurnalist ixtisası üzrə magistr dərəcəsi alıb. 1996-cı ildə “Şərq” qəzetini təsis edib. Həmin vaxtdan etibarən “Şərq”in baş redaktorudur.

Modern.az-ın əməkdaşı Akif Aşırlı ilə söhbətləşib.

“Özümü başqa peşədə təsəvvür etmirəm”

– Artıq 30 ildir jurnalist olaraq fəaliyyət göstərirəm. Jurnalistika elə bir sahədir ki, onu hər gün yaşayırsan. Hər gün nəyisə düşünürsən, hansısa faktı təhlil edirsən. Eyni zamanda, ölkədə baş verən hadisələri və yaxud da cəmiyyətdə hansı boşluqların olduğunu görür, onları necə doldurmaq lazım olduğu haqda fikirləşirsən. Jurnalistika bir düşüncə elmidir. Bəzən deyirlər ki, jurnalistin şəxsi həyatı olmur, bu tam doğru olmasa da, müəyyən mənada həqiqətlər var. Biz hər gün faktlarla, müxtəılif hadisələrlə yaşayırıq, ona görə də həyatımızı jurnalistikaya bağlamışıq. Bu peşəni sevərəkdən gəlmişəm. Jurnalist cəmiyyətin həkimidir. Jurnalistika cəmiyyətdəki yaralara, xəstəliklərə müəyyən mənada təminat verən, diaqnoz qoyan, o yaraları sağaltmağa yönələn bir peşədir. Buna görə də özümü jurnalistikadan başqa hansısadigər peşədə təsəvvür etmirəm. Mən özümü ancaq jurnalistikada görürəm, tanrı nə qədər ömür veribsə, o ömrü ancaq bu peşəyə həsr etmək istəyirəm.


“Bundan sonrakı fəaliyyətim üçün çox planlarım var”


– Mətbuat tarixinə aid araşdırmalarım həddindən artıq çoxdur. 10 il əvvəl mətbuat tariximizi, jurnalistikanı yazmışdım, amma baxıram ki, orada müxtəlif düzəlişlər etmək lazımdır. Müəyyən boşluqlar var idi və o boşluqları doldurmaq istəyirəm. Bəzi yazıların üzərində işləyib tədqiqatlar aparmışam, amma sistemli bir kitab halına salmağa zamanım yoxdur. Nə olursa olsun çalışacam ki, bizim mətbuatımızın tarixini gələcək jurnalistlərimizdə öyrənsinlər. Biz nə qədər ayrı-ayrı jurnalistika məktəblərindən, qərb dəyərlərindən danışsaq da, babamız Həsən Bəy Zərdabidir. Zərdabidən sonra jurnalistikaya öz qatqılarını verən böyük ziyalılarımız, publisistlərimiz, mətbuat orqanlarımız olub. Onlar ayrı-ayrı məktəblərdir. Azərbaycanın dövlət quruculuğu prosesi mətbuatdan başlayıb. Çalışmaq lazımdır ki, ənənələri qoruyaq, ənənələrin üzərində qurulmayan inkişafın sonu tənəzzülə məhkumdur.


“Gələcəkdə bizi peşəkar jurnalistlər gözləyir…”


– Artıq jurnalistikamıza yeni istedadlı gənclər axışır və mən çox sevinirəm ki, belə gəncliyimiz var. Bu gəncliyin Azərbaycan mətbuatını önə aparacağına çox böyük inamım var. Əvvəl pessimist əhval-ruhiyyə var idi, indi o əhval-ruhiyyədən əsər-əlamət yoxdur. Gənclərlə görüşürsən, söhbət edirsən, onların düşüncələri ilə tanış olursan insana ruh verirlər, gələcəyə qarşı inam bağışlayırlar. İnşallah, gələcəkdə bizi peşəkar jurnalistlər gözləyir.

Son olaraq bu gün doğum günüm münasibəti həm xaricdən,  həm də buradan məni təbrik edən hər kəsə, həmkarlarıma öz təşəkkürümü bildirirəm. Sosial şəbəkələrdə ünvanıma xoş sözlər yazırlar, təbrik edirlər, ayrı-ayrılıqda cavab verə bilmirəm. Sizin sayt vasitəsi ilə bir daha hər kəsə təşəkkür edirəm. Nə yaxşı ki, bu cür dostlarımız var. Bu cür insanlar həyatımızı zənginləşdirir…