22 Dekabr 2024

İslamiadanın gümüş medalçısı: “Hələ ki para-atletikada çıxış etmək barədə düşünmürəm”

“İnana bilməzdim ki, İslamiadada ikinci yeri tutaram. Emosiyalar çoxdur. Şadam ki, ölkəmin bayrağını qaldıra bildim. Təəssüf ki, birinci yeri tuta bilmədim. Ancaq Allah qoysa, növbəti yarışda birinci də olaram”.

Bunu “Report”a müsahibəsində Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarında atletikanın üç təkanla tullanma növündə gümüş medal qazanmış Yekaterina Sariyeva deyib.

O bildirib ki, bu, karyerasında yeni uğurdur:

“Deyə bilərəm ki, bu mənim karyeramda ən böyük nailiyyətimdir. Çünki burada şəxsi rekordumu da yenilədim”.

Sariyeva onu da qeyd edib ki, atletikadan para-atletikaya keçid edənlərə pis baxmır:

“Hələ ki para-atletikada çıxış etmək barədə düşünmürəm. Sağlamlarda uğura nail olmaq istəyirəm. Bir də para-atletikada üç təkanla tullanma növü yoxdur. Ancaq səhhəti imkan vermirsə, idmançının atletikadan para-atletikaya keçməsinə pis yanaşmıram. Əgər idmançının gözündə və ya fiziki durumunda problem yaranırsa, buna normal yanaşmaq lazımdır. Elə idmançı olur ki, atletikada qazanmadığı uğurları para-atletikada əldə edir”.

O bildirib ki, 15-21 avqust tarixlərində Almaniyanın Münhen şəhərində keçiriləcək XXV Avropa çempionatında iştirak edəcək:

“Bu gün biz Avropa çempionatına yollanacağıq. Bu mənim ilk böyüklər arasında keçirilən qitə çempionatım olacaq. Ümid edirəm ki, orada da Azərbaycanın bayrağını qaldıracağam. Orada rəqabət daha güclü, qızların sayı daha çox olacaq”.