22 Dekabr 2024

İşğalçı qalıqlarının yaratdığı ekoloji fəlakət: milli və beynəlxalq hüquq nə deyir?

Azərbaycanın işğaldan azad edilmiş bölgələrindəki acınacaqlı ekoloji vəziyyəti təsvir etməyə ehtiyac yoxdur. İşğalçı Ermənistan 30 il ərzində planetimizin ən dilbər guşələrindən birində ekosistemi katastrofik həddə korlayıb. Kəndlərimiz, şəhərlərimizlə yanaşı flora və fauna məhv edilib, təbii sərvətlərimiz talanıb. Odur ki, Azərbaycanın hazırda Rusiya sülhməramlılarının məsuliyyət zonasında üzə çıxan ekoloji fəsadlardan dərin narahatçılıq keçirməyə, vəziyyəti nəzarətə götürməyə və qabaqlayıcı tədbirlər görməyə əsaları və hüququ var.

Bu hüquq ilk növbədə Azərbaycanın Konstitusiyasında təsbit olunub.

Konstitusiyamızın 39-cu maddəsində hər kəsin sağlam ətraf mühitdə yaşamaq hüququ əks olunur və dövlət ekoloji tarazlığın qorunmasına təminat verir.

Konstitusiyanın müvafiq tələbləri ilə bağlı Azərbaycan Respublikasının onlarla qanunu mövcuddur. Bunlara misal olaraq “Atmosfer havasının qorunması haqqında”, “Əhalinin radiasiya təhlükəsizliyi haqqında”, “Ətraf mühitin mühafizəsi haqqında”, “Yaşıllıqların mühafizəsi haqqında”, “Yerin təki haqqında”, “Ekoloji təhlükəsizlik haqqında”, “Balıqçılıq haqqında”, “Heyvanlar aləmi haqqında”, “İstehsalat və məişət tullantıları haqqında” və s. qanunu göstərmək olar.

Bütün bunlardan savayı, Azərbaycan ekologiyanın qorunması ilə bir sıra beynəlxalq konvensiyalara da qoşulub.

16 fevral 2001-ci ildə prezident Heydər Əliyev tərəfindən “Azərbaycan Respublikasının Birləşmiş Millətlər Təşkilatının Təhlükəli tullantıların sərhədlərarası daşınmasına və kənarlaşdırılmasına nəzarət haqqında Bazel Konvensiyasına qoşulması barədə” qanun imzalanıb.

2003-cü ildə isə prezident İlham Əliyevin imzaladığı qanunun qüvvəyə minməsi ilə “Davamlı üzvi çirkləndiricilər haqqında” Stokholm Konvensiyasına qoşulmuşuq.

Azərbaycan həmçinin

– “Sənaye qəzalarının transsərhəd təsiri haqqında”,

– “Avropanın canlı təbiətinin və təbii mühitinin qorunması haqqında”,

– “Bitki mühafizəsi haqqında”,

– BMT-nin “Ətraf mühit ilə bağlı məsələlərdə məlumatın əldə edilməsi, ictimaiyyətin qərar qəbul edilməsində iştirakı və ədalət məhkəməsinin açıq keçirilməsi haqqında”,

– “İqlim dəyişməsi haqqında”

– “Sərhəddən keçən su axınlarının və beynəlxalq göllərin mühafizəsi və istifadəsi üzrə” beynəlxalq konvensiyalara qoşulub.

Xankəndinin Azərbaycanın nəzarətinə keçməsi sadəcə ərazi bütövlüyü və suverenliyimizin bərpası məsələsi olmayıb, eyni zamanda ekoloji tarazlığın və təhlükəsizliyin qorunması baxımından üzərimizə götürdüyümüz beynəlxalq öhdəliklərin yerinə yetirilməsi üçün başlıca şərtdir.

Ermənistanın Azərbaycana qarşı ərazi iddialarından doğan savaş hazırda hibrid səciyyə daşıyır və bu hibrid savaşda regionda ekoloji təhlükəsizliyin təmin olunmasının vacibliyi rəsmi Bakı üçün yeni cəbhə və imkanlar açır.

Dekabrın 3-də Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin sorğusu əsasında Müdafiə Nazirliyi Rusiya sülhməramlı qüvvələrinin komandanlığına onların müvəqqəti olaraq yerləşdirildiyi Azərbaycan ərazilərində faydalı qazıntıların qanunsuz istismarı və bundan əmələ gələn ekoloji fəsadların araşdırılması və monitorinqi məqsədilə ölkəmizin aidiyyəti qurumlarının mütəxəssislərinin həmin ərazilərə göndərilməsi barədə müraciət edib.

Bu barədə Nazirliyin yaydığı rəsmi məlumatda deyilir:

“Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin əməkdaşları Rusiya sülhməramlı qüvvələrinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərinə keçərək, Xocalıda sülhməramlı qüvvələrin qərargahında sülhməramlıların komandanlığı ilə müzakirələri davam etdiriblər.

Müzakirələr əsnasında Rusiya sülhməramlı qüvvələrinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində aparılan qeyri-leqal iqtisadi fəaliyyətlər çərçivəsində faydalı qazıntıların qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər törəmə fəsadlarla bağlı ciddi narahatlıq və narazılıq bir daha ifadə olunmuşdur. Bu xüsusda, faydalı qazıntıların qanunsuz istismarının aparıldığı yataqlarda və müvafiq digər məntəqələrdə monitorinq, əmlakın inventarizasiyası və ekoloji araşdırma işlərinin aparılmasının vacibliyi vurğulanmışdır.

Xocalıda, sülhməramlı qüvvələrin qərargahında keçirilmiş müzakirələrin nəticəsi olaraq qeyd olunan fəaliyyət istiqamətləri üzrə ərazidə işlərin aparılması üçün Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi və digər aidiyyəti qurumların iştirakı ilə yol xəritəsinin hazırlanmasına başlanılmışdır”.

Göründüyü kimi, Azərbaycan Rusiya sülhməramlıları qarşısında 3 əsas tələb qoyub:

1) Azərbaycan ərazisində qeyri-qanuni iqtisadi fəaliyyət göstərilməsi ilə faydalı qazıntıların çıxarılmasının dayandırılması;

2) Sərvətlərimizin talan edilməsinin səbəb olduğu ekoloji fəsadların nəzarətə götürülməsi və qarşısının alınması;

3) Yuxarıdakı məqsədlərə çatmaq üçün bölgədə monitorinq, əmlakın inventarizasiyası və ekoloji araşdırma işlərinin aparılması.

İstər beynəlxalq adətlər, istərsə də beynəlxalq hüquq prizmasından baxdıqda Azərbaycan bu şərtlərin həyata keçməsi üçün mübahisəsiz haqq sahibidir.

Beynəlxalq hüquqa görə, ekologiyanın və ətraf mühitin mühafizəsi üçün əsas prinsiplərindən biri qabaqlayıcılıqdır. Azərbaycan bir dövlət olaraq işğal faktı üzündən 30 il ərzində öz torpaqlarının bir hissəsində bu prinsipə əməl edə, Qarabağda ekoloji siyasət həyata keçirə bilməyib. Lakin İkinci Qarabağ savaşında qazanılan tarixi zəfərdən sonra öz ərazilərindəki ekoloji vəziyyətə bu prinsipdən çıxış edərək yanaşması təbiidir.

Digər prinsip ehtiyyatlılıqdir. Əgər bir dövlət ekoloji fəsadlardan narahatçılıq keçirirsə, qarşı tərəfin təkzib bəyanatlarına baxmadan gerçək vəziyyətin araşdırılmasını tələb etmək hüququna malikdir. Odur ki, bir neçə gündür Xankəndidəki seperatçı rejim qalıqlarının “ekologiyanı qoruyuruq, amma rəsmi Bakı bu anlayışdan sui-istifadə edir” kimi bəyanatlarının heç bir hüquqi əsası yoxdur. Erməni işğalçılarının ekologiya və ətraf mühitə nə qədər həssas münasibət bəslədiyini Ağdamın, Cəbrayılın, Füzulinin, Zəngilanın xarabalıqlarında, Laçın və Kəlbəcərin dağlarında, çaylarında, meşələrində yaxşı görürük.

Nəhayət, başqa bir önəmli prinsip “çirkləndirən ödəyər” şəklindədir. İstər işğal dövründə, istərsə də ondan sonra Azərbaycan ekologiyasına, təbiətinə vurulan zərərə görə təzminat ödənməlidir.

Taleh ŞAHSUVARLI,

AzNews.az analitik-informasiya portalının baş redaktoru