İranın azərbaycanlılara divan tutma siyasətinin pərdəarxası
Cənubi Azərbaycanda bir neçə gün öncə baş verən zəlzələ zamanı evləri dağılan, küçələrdə qalan soydaşlarımıza molla rejimi divan tutur. Onlara heç bir yardım edilmir, müvəqqəti olaraq harasa yerləşdirilmirlər, ac-yalavac qarlı-şaxtalı günlərdə küçələrdə qalıblar.
Ən dəhşətlisi odur ki, İran rejimi soydaşlarımıza yardım göstərmək istəyən beynəlxalq təşkilatlara da rədd cavabı verir.
İran Qızıl Aypara Cəmiyyəti Cənubi Azərbaycanda – Xoyda baş verən zəlzələ nəticəsində zərərçəkənlərə yardımla bağlı Türkiyənin Qızıl Aypara Cəmiyyətinin təklifini qəbul etməyib.
Bu barədə Türkiyə Qızılay Cəmiyyətinin başqanı Kərəm Kınık məlumat verib.
“Zəlzələdən sonra dərhal yardım təklifimizi onlara çatdırdıq. Ancaq zəlzələnin öhdəsindən gələ biləcək qədər imkanları olduğunu ifadə edərək bizlərə təşəkkür etdilər”, – deyə Kərəm Kınık öz twitter səhifəsində yazıb.
İstefada olan türkiyəli general Yücel Karauz Musavat.com-a danışarkən qeyd edib ki, İranın bu cür addımı insanlıq baxımından yolverilməzdir:
“İran dövləti hər zaman olduğu kimi qürur, təkəbbürlük, ”mənim heç bir şeyə ehtiyacım yoxdur” tərzində davranış nümayiş etdirir və baş vermiş zəlzələyə görə Türkiyədən və ya Azərbaycandan gələcək insani yardımlara “yox”, ehtiyacının olmadığını deyir. Bu, insanlıq adına çox üzücü haldır”.
Qeyd edək ki, Türkiyənin məşhur sənətçiləri də Güney Azərbaycanın Xoy şəhərinə yardım etmək istədiklərini açıqlayırlar. Onlardan biri də müğənni Gülben Ergəndir. O, özünün sosial media hesabında etdiyi paylaşımında azərbaycanlılara başsağlığı verərək bildirib:
“Bacı-qardaşlarımın bu ağrı və acısı soyuq qış günlərində bir daha təkrarlanmasın! Xoyda zəlzələdən zərər görənlərə əlimdən gələn istənilən yardımı etməyə hazır olduğumu bildirirəm”.
Zəlzələdən sonra bir qrup güneyli fəal yardım üçün Türkiyə və Azərbaycan rəsmilərinə müraciət edib.
Sosial mediada mədəni fəallar İran dövlət qurumlarının zəlzələ qurbanlarına yardım və xilasetmə sahəsində bundan əvvəl yaxşı fəaliyyət göstərmədiyini önə çəkərək, yaxın şəhərlərdə xəsarət alanlara yardım kampaniyalarının təşkil olunmasının vacib olduğunu önə çəkirlər. Bəzi fəallar isə yardım üçün Türkiyə və Azərbaycan Respublikası rəsmilərinə müraciət ediblər. Qərbi Azərbaycan və Şərqi Azərbaycan vilayətlərində xeyriyyəçi qruplar, ictimai xadimlər və mədəni fəallar zəlzələ bölgələrinə yardım üçün kampaniyalar təşkil etməyə başlayıblar. Bununla belə, İran rejimi hətta daxildə xalqın yardımlarının qarşısını almağa çalışır. Bu barədə təbrizli milli-mədəni fəal olan Cəmşid Zareyinin Musavat.com-a dedikləri:
“Hazırda Xoyda hava kəskin pisləşib, yağış, qar artıb. İnsanlar günlərdir ki, çadırlarda yaşayır. Hətta bəzilərinin heç çadırları da yoxdur. İran rejimi özü təkbaşına bu problemin öhdəsindən gələcəyini desə də, çox təəssüf ki, camaata heç bir yardım etmir.
İran rejimi zəlzələnin ağır fəsadları ilə üzləşən Xoy sakinlərinə etinasız yanaşsa da, xalq özü yardımlar təşkil etməyə çalışır. Xüsusilə də Təbrizdən, Ərdəbildən yardımlar təşkil olunur. Deyə bilərəm ki, Təbrizin bütün meydanlarında yardım çadırları qurulub, hər gün 20-30 maşın Xoy şəhərinə yola düşür. Lakin çox təəssüf ki, İran rejimi Güney Azərbaycan xalqının bu yardımının da qarşısını almağa, manelər törətməyə çalışır. Hətta insanlar bu yardımları çatdırmaq üçün İran qüvvələrinə müqavimət göstərir, döyülürlər. Bu barədə sosial şəbəkələrdə də xeyli sayda videogörüntülər, informasiyalar yayılıb.
Bir məsələni də qeyd edim, hətta İran Türkiyənin humanitar yardımını qəbul etsəydi belə, o yardımı Xoy camaatına çatdırmayacaqdı. Bundan əvvəlki zəlzələ hadisələrində bunu gördük. Belə ki, xaricdən gələn humanitar yardımlar İran orqanlarının arasında bölüşdürüldü. Bəm, Ərdəbil, Qaradağ zəlzələsində də belə idi”.
Göründüyü kimi, İran soydaşlarımıza özü yardım etmir, edə bilmir, çünki başı özünü qorumağa qarışıb. Yardım etmək istəyənlərə də imkan vermir. Bu azərbaycanlılara qarşı qəsdən edilir? Məqsəd nədir? Molla rejimi hazırda onun çökdürülməsi yönündə proseslər getdiyi bir vaxtda ölkəyə beynəlxalq təşkilatların buraxılmasını əngəlləməklə özünə hansısa mənasız dividentlər qazanmaq cəhdi edir?
Sonucda ac-yalavac qalmış soydaşlarımızı iğtişaşlara cəlb edib, repressiyalar başlatmaq, onların Azərbaycana kütləvi axınına nail olmaq siyasəti aparılması iddiası da var.
Qabil Hüseynli: “Bu, açıq-aşkar Xoydakı soydaşlarımıza qarşı keçirilən soyqırımdır”
Mövzu ilə bağlı politoloq Qabil Hüseynli “Yeni Müsavat”a danışıb:
“Bu, açıq-aşkar Xoydakı soydaşlarımıza qarşı keçirilən soyqırımdır. Məlum məsələdir ki, İran dövləti zəlzələnin fəsadlarını aradan qaldırmaq üçün vəsait tapa bilər, amma bilərəkdən Xoyda 10 dərəcə şaxtada evsiz-eşiksiz qalmış, bütün yaşayış şərtlərindən məhrum olmuş şəxslərə əl uzatmır. Üstəlik, bu əhaliyə əl uzadan Türkiyənin Qızılay Cəmiyyətinin yardımını ölkəyə buraxmır, Təbrizdən başlayaraq, Güney Azərbaycanın digər əyalətlərində əhaliyə humanitar yardım aparan maşınların qarşısı kəsilir, yardımların çatdırlmasına ciddi əngəllər yaradır. Bu açıq-aşkar Xoy kimi böyük bir ərazinin 10 minlərlə əhalisinin köməksiz və yardımsız qoyulması və beləliklə də onları tədricən ölümün və xəstəliklərin çənginə buraxılması deməkdir. Bu çox xain və namərd, azərbaycanlıların soy-kökünün azaldılmasına yönələn siyasətdir, rəsmi Tehranın onsuz da indiyənə qədər azərbaycanlılara qarşı yeritdiyi üstüörtülü siyasətin yeni bir formada təzahürüdür”.
Qabil Hüseynli qeyd edib ki, beynəlxalq təşkilatlar mütləq şəkildə bu məsələyə öz mövqeyini bildirməlidir:
“Bu məsələnin Azərbaycan Respublikası, lazım gəlsə, Türkiyə tərəfindən BMT-də qaldırılması çox yerinə düşərdi. Çünki İran özünün vəhşi hərəkətlərini təkcə xaricdə deyil, öz ölkəsində öz əhalisinə qarşı törətməkdə davam edir. Heç olmasa Azərbaycan hərəkətə keçərdi və bununla yazıq insanların həyatının yaxşılaşdırılması üçün şərtlərin təmin edilməsinə nail olardı”.
“İranın bu məsələdə soydaşlarımızı iğtişaşlara cəlb edib, repressiyalar başlatmaq, onların Azərbaycana kütləvi axınına nail olmaq məqsədi ola bilərmi” sualımıza politoloq bu cür cavab verdi:
“Bu məsələlərə ehtiyatla yanaşmağın tərəfdarıyam. İnanmıram ki, ac-yalavac buraxılmış, şaxta havada titrəyən, uşaqların göz yaşlarını görərək, ürəyi dağlanan insanlar orada üsyana və ya dövlət əleyhinə hərəkətlərə qalxsın. Onları indi bu dəqiqə düşündürən isti bir yer, özləri və uşaqları üçün isti paltar, müəyyən qədər də yemək ehtiyatlarıdır.
Bəli, fars rejimindən hər şey gözləmək olar. Belə ki, fars rejimi azərbaycanlıları provokasiyaya, təxribata çəkməyə ustadır. Lakin güman etmirəm ki, güneyli soydaşlarımızı oradan köçməyə məcbur edə bilsinlər, bu, mümkün deyil. Onlar öz torpaqlarına bağlıdırlar.
Onsuz da İran molla rejimi çox ciddi surətdə “laxlayıb”, həmçinin artıq hədəfdədir. İrana qarşı indi nisbətən sakit hərbi əməliyyat formaları həyata keçirilir. Lakin düşünürəm ki, yaxın vaxtlarda yeni formada hərbi bazalara yeni silahlarla yeni hədəflərin tətbiq ediləcək”.
Sabir Rüstəmxanlı: “İran rejiminin məqsədi budur ki, azərbaycanlılar öz torpaqlarından köçüb başqa yerlərə, xaricə getsin”
Millət vəkili Sabir Rüstəmxanlı isə qeyd edib ki, Xoy zəlzələsindən sonra ona ətrafında olan gənclər, o cümlədən güneylilər müraciət edirlər ki, orada əziyyət çəkənlər üçün bir hesab açılsın, yardım kampaniyasına başlanılsın: “Bildirim ki, camaatımız da buna hazırdır və artıq xeyli insandan xeyriyyə təklifləri gəlir. Müraciət edənlər istəyirlər ki, etibarlılıq baxımından həmin hesab mənim adıma olsun, lakin sözün düzü, mən buna razılıq vermədim. Çünki nə qədər bu məsələyə ciddi şəkildə nəzarət olunsa belə, camaatımızın psixologiyasına bələdəm, peyğəmbər övladı olsan belə, adına bu cür hesab açılsa günün birində deyəcəklər ki, filankəs bu faciədən istifadə edib, adına hesab açıb və sairə. Çox təəssüf ki, bu bizim çox ağrılı, insanı incidən bir məsələdir. İndi bu prosesin üzərində işləyirik ki, görək hansı şəkildə yardım kampaniyasına başlamaq olar.
Qeyd edim ki, bugünlərdə Əlcəzairdə İslam Ölkələri Parlament İttifaqının yığıncağında idik. Azərbaycan parlamentinin sədri Sahibə Qafarova çox parlaq bir çıxış etdi və çıxışının sonunda İranın Azərbaycan səfirliyinə hücumunu, terror aktını pislədi və bu ölkənin Azərbaycana qarşı münasibətini açıqladı. Amma tək Azərbaycan deyil, bizdən sonra çıxış edən Yəmən, Oman nümayəndələri də İran siyasətini pislədi, ondan narazılıqlarını bildirdilər. Yəni artıq İslam aləmində İran kimliyi açıq-aşkar məlumdur. Onsuz da bu məlum idi, lakin indi daha da bilinir ki, İran İslam dünyasını parçalayan əsas qüvvədir və bu da onun sonunu gətirəcək.
İran rejiminin Xoy zəlzələsi ilə bağlı davranışı azərbaycanlılara qarşı apardığı siyasətin bir görüntüsüdür. Vaxtilə ötən əsrin 90-cı illərində Ərdəbil ətrafında, kəndlərində böyük bir zəlzələ olmuşdu. Həmin vaxt millət vəkili olaraq yardım məqsədilə Ərdəbilə getmişdim. Gedib gördüm ki, azərbaycanlı türklər qazmalarda yaşayırlar. Zəlzələ həmin qazmaları dağıtmışdı. Hətta bir qədər sevindim ki, zəlzələ bu qazmaları dağıdıb, heç olmasa onların yerinə insanlara qırmızı kərpicdən 1-2 otaqlı evlər tikilər. Amma bu olmadı. İran rejimi heç vaxt imkan verməzdi ki, Güney Azərbaycan kəndlərində insanların normal şəkildə ev-eşiyi olsun. Birinci Qarabağ müharibəsindən sonra sərhədə yaxın olan Qarabağ ərazisindən damları söküb aparıb, evlərinə çardaqlar yaratdılar. O vaxta qədər evlərin üstü köhnə Bakıda olduğu kimi qırlanırdı, nəticədə yayın istisində insanlar əziyyət çəkirdi.
Xoy zəlzələsi də onu göstərdi ki, onun kəndlərinin vəziyyəti Ərdəbilin kəndlərində olduğu kimidir. Azərbaycan kəndlərinə baxan yoxdur. İran rejimi bununla istəyir ki, azərbaycanlılar öz torpaqlarından köçüb başqa yerlərə, xaricə getsin. Ona görə də İran maraqlı deyil Xoy camaatına yardım etsin. Düşünür ki, azərbaycanlı türklər nə qədər əziyyət çəksə, faciə ilə üzləşsə, bir o qədər məqsədinə nail olar.
Bildiyiniz kimi, Urmiya gölü qəsdən qurudulur. Halbuki günün birində Urmiya gölü tam quruyarsa, onun yerində qalan milyardlarla ton duz nəinki bütün Güney Azərbaycana, həm də Quzey Azərbaycana yayıla bilər. Beləliklə, İranın planı, gizli niyyəti budur. Ona görə də Xoy zəlzələsi ilə bağlı apardığı siyasət məni heç də təəccübləndirmir”.
Xalidə Gəray