23 Dekabr 2024

İranın Azərbaycanla bağlı zərif siyasəti – müharibə dövründəki əməkdaşlıq davam edərsə…

Xarici işlər naziri Cavad Zərifin region turunun məqsəd və hədəfləri

İran xarici işlər naziri Mәhәmmәd Cavad Zәrif regiona səfəri çərçivəsində yanvarın 24-ü axşam saatlarında Bakıya gəlib. Nazir hava limanında verdiyi açıqlamada İranın dost və qardaş Azәrbaycanın öz әrazilәrini işğaldan azad etmәsinә vә bu әrazilәrin Azәrbaycan xalqının nəzarətinə keçmәsinә sevindiyini bildirib.

Səfərin məqsədi ilə bağlı açıqlama verən Zərif Azәrbaycan tәrәfi ilә Qarabağ, Qarabağda stabilliyin qorunması, azad edilәn әrazilәrin bәrpası, regional әmәkdaşlıq, Şimal-Cәnub vә Cәnub-Qәrb dәhlizlәri haqda müzakirələr aparacağını deyib.

Qeyd edək ki, Məhəmməd Cavad Zərif Bakıdan sonra Moskvaya, daha sonra isə Tiflis, İrəvan və Ankaraya səfər edəcək.

Yanvarın 25-də İran XİN başçısını Bakıda Azərbaycan Prezidenti İlham Əliyev qəbul edib.

Daha sonra o, azərbaycanlı həmkarı Ceyhun Bayramovla görüşüb.

İran xarici işlər nazirinin Bakı səfəri Vətən müharibəsindən sonra İrandan ölkəmizə ilk yüksək rütbəli ziyarət hesab oluna bilər. Səfər, demək olar ki, region üçün həssas və dinamik bir mərhələdə baş verir: Vətən müharibəsi nəticəsində Azərbaycanın öz ərazilərini işğaldan azad etməsi, bunun nəticəsində Cənubi Qafqazda yaranmış yeni hərbi-siyasi vəziyyət, ABŞ-ın yeni prezidentinin fəaliyyətə başlaması, nəhayət, ötən həftə Azərbaycan və Türkmənistan arasında imzalanmış dəniz yataqlarının birgə işlənməsi ilə bağlı imzalanmış saziş…

Bütün bunlarla yanaşı, Tehran və Bakı arasında bir sıra ikili maraq doğuran mövzular var.

Yeri gəlmişkən, ötən həftə Azərbaycanla İran arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının həmsədri Şahin Mustafayev Tehranda səfərdə olub.

Səfər çərçivəsində Dövlət Komissiyasının İranda keçirilən 14-cü iclasında iştirak edən Mustafayev yanvarın 18-də İranın Prezident Administrasiyasının rəhbəri Mahmud Vaezi ilə görüşüb. Görüşdə qarşılıqlı əlaqələrin bugünkü vəziyyəti və perspektivləri müzakirə edilib.

Əsas mövzulardan biri İranla Azərbaycan arasında nəqliyyat qovşaqlarının inşası, Araz çayı üzərində Xudafərin su bəndi və onun üzərində inşa olunacaq Su Elektrik Stansiyasının tikintisi olub.

Yeri gəlmişkən, Xudafərin SES tikintisi Bakıda Cavad Zərifin Azərbaycan Prezidenti ilə görüşü zamanı da müzakirə olunub. Prezident İlham Əliyev bildirib ki, Azərbaycanla İranın Xudafərin su anbarı ilə bağlı əməkdaşlığı və elektrik stansiyasının tikintisi ilə əlaqədar gələcək planlar artıq çox aktiv fazadadır.

“Ümidvaram ki, qarşıdakı bir neçə ildə bu layihəni tamamlaya və hər iki tərəfi yeni elektrik enerjisi istehsalı ilə təmin edə biləcəyik. Həmçinin bizim bir neçə il əvvəl yüksək səviyyədə razılaşdırdığımız layihə – Ordubad və Marazad elektrik stansiyaları ilə bağlı işlər uğurla gedir. Beləliklə, bizim geniş gündəliyimiz var. Bundan əlavə, ümidvaram ki, tezliklə çay üzərindən yeni körpünün təməlqoyma mərasimi keçiriləcək”, – deyə, İlham Əliyev bildirib.

Hazırda İslam Respublikası hökumətini Azərbaycanla bağlı maraqlandıran məsələ müharibədən sonra bölgədə yaranan əməkdaşlıq imkanları, konkret olaraq Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin bərpasında İran şirkətlərinin iştirakıdır. Rəsmi Tehran bu barədə niyyətini bir neçə dəfə dilə gətirib. Cavad Zərif də Bakıda bu mövzuda müzakirələr aparıb.

Məsələ ondadır ki, Dağlıq Qarabağ münaqişəsinin hərbi həlli və müharibənin başa çatması ilə bağlı əldə olunan razılaşma Cənubi Qafqaz regionunda yeni siyasi reallıq yaradıb.

İlk növbədə Türkiyə regionda daha da möhkəmlənib. Həmçinin 10 noyabr müqaviləsinə əsasən, Azərbaycandan Mehri dəhlizi vasitəsilə Türkiyəyə yeni nəqliyyat dəhlizi əldə olunacaq. Bu isə o deməkdir ki, bu günə qədər Gürcüstan və İran üzərindən daşınan yüklərin əhəmiyyətli bir hissəsi artıq Naxçıvan və Mehri üzərindən daşınacaq. Üstəlik, Bakı Əfqanıstan və Türkmənistan üzərindən yeni nəqliyyat dəhlizi yaradır. Bura həm də Türkmənistan qazının Azərbaycan üzərindən Avropa bazarlarına çatdırılması perspektivini əlavə etsək, regionda yeni nəqliyyat xəttinin meydana çıxdığını demək olar. Məsələn, İran Yol və Nəqliyyat Nazirliyinin 2020-ci ilə aid məlumatlarına görə, koronavirus pandemiyasının ticarət əlaqələrinə təsir etməsinə baxmayaraq, hər ay Türkiyənin 12 minə yaxın yük maşını İran-Türkiyə sərhədini keçir, onun əhəmiyyətli bir hissəsi türk respublikaları və Əfqanıstana gedir. Yaxın gələcəkdə bu yükün bir hissəsi Naxçıvan üzərindən daşınacaq.

Bunun əvəzində İran Şimal-Cənub dəniz nəqliyyat dəhlizinin yaradılmasının yeni yaranmış situasiyanı kompensasiya edəcəyini düşünür. Bunu Bakıda Prezident İlham Əliyevlə görüş zamanı Cavad Zərif də qeyd edib. O, İranın işğaldan azad edilmiş ərazilərin bərpası, birgə SES tikintisi və su istifadəsi kimi mövzularda əməkdaşlığa hazır olduqlarını qeyd edib.

İran üçün hazırda regional siyasi vəziyyətlə bağlı mühüm məqam region ölkələri arasında siyasi əməkdaşlığın gücləndirilməsidir. Cavad Zərifin məhz bu 5 ölkəyə səfərində bu nəzərdə tutulur. İran regionun nüfuzlu ölkəsi kimi Cənubi Qafqazda yaranmış yeni situasiyada iştirak etmək niyyətindədir. Bu, bölgəyə əlavə qüvvələrin daxil olmaması, siyasi reabilitasiya prosesinin kənar qüvvələr olmadan region ölkələri tərəfindən həyata keçirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Bu məsələdə Azərbaycan da maraqlıdır.

Bakıda Azərbaycan Prezidenti ilə görüş zaman Cavad Zərif bu məqama işarə edib.

Sitat: “Əvvəlcə Sizi və Azərbaycan xalqını ərazilərinizi azad etməyiniz münasibətilə təbrik etmək istərdim. Ölkəniz və region baxımından bu qələbə Sizin rəhbərliyiniz və Azərbaycan xalqının mətanəti sayəsində mümkün olmuşdur. Ümid edirik ki, bu, region dövlətləri arasında dinc və normal münasibətlərin başlanğıcı olacaqdır. Mən Sizin “3+3” əməkdaşlıq formatı təklifinizə uyğun olaraq, regionun 6 ölkəsini ziyarət edəcəyəm, yəni 5 üstəgəl İran. Sizin sülhlə bağlı təqdim etdiyiniz baxışınızın müzakirəsi və onun reallığa çevrilməsini təmin etmək üçün çalışacağam, çünki region ölkələrinin bir-biri ilə əməkdaşlıq edə bilməsi hamımızın maraqlarına uyğundur”.

44 günlük müharibə göstərdi ki, regional münaqişələri kənardan hansısa vasitəçi olmadan həll etmək mümkündür. Ancaq bunun üçün regionun güclü ölkələrinin iştirakı lazımdır. Azərbaycan buna nail oldu. Rəsmi Bakının ağıllı diplomatik gedişləri nəticəsində Ermənistan faktiki olaraq təcrid olundu və diplomatik cəbhədə üstünlük Azərbaycan tərəfdə oldu. Türkiyə və Gürcüstanla yanaşı, İranın dəstəyinin alınmasının müharibənin gedişinə mühüm təsir etdiyi şübhəsizdir. Müharibə başa çatsa belə, qələbənin əldə olunmasında ciddi təsiri olmuş regional əməkdaşlığı qoruyub saxlanmaq lazımdır. Təcrübə göstərdi ki, ciddi hərbi-siyasi qələbədə region ölkələri ilə qurulmuş yaxşı əlaqələrin mühüm rolu var.

Kənan Rövşənoğlu