İrandakı seçki sonrası yeni regional dialoq perspektivləri
İranda son prezident seçkilərinin 2 -ci turunda türk əsilli Məsud Pezeşkianın inamlı qələbəsi bir çox analitiklərin mümkün nəticələr barədə ehtimallarını doğrultmadı. Həm ölkədə, həm də dünyada yaşanan təlatümlü mərhələdə və xeyli qocaldığına rəğmən, ona yaxın olan mühafizəkar Cəlilini müdafiə edə bilərdi. Ali rəhbər Ayətullah Xamneyi islahatçı kəsimin önünə müxtəlif ənənəvi metodlardan istifadə edərək maneçilik yarada bilərdi. Amma, o, fərqli taktika seçdi. “islahatçı – mühafizəkar” ziddiyyəti 90-cı illərdən bəri İran siyasi həyatında dominantlıq edir. Hər nə qədər düşmən cəbhələr kimi təsvir edilsə də, hər iki baxışın təməlində İslam İnqilabının, yəni sistemin davamlılığının təmin olunması durur. İslahatçılar sistemin gələcəyini ölkənin sosial-iqtisadi problemlərinin həllində görürlər və bu xüsusda, Qərblə münasibətlərin normallaşdırılmasını önəmli hesab edirlər. Mühafizəkarlar isə sistemin qurtuluşunu dini dəyərlərə sadiqlikdə və idarəçilikdə İslama daha çox əməl etməkdə axtarırlar, bu məqsədlə ölkənin beynəlxalq təcridini belə gözə alırlar. Deyə bilərik ki, iki baxış arasında əsas fərq hərəkət tərzidir, heç biri anti-sistem xarakterli deyil. Elə buna görə də, Pezeşkianın prezidentlik dövrü ölkənin sosial-iqtisadi problemlərinin həlli və Qərblə dialoqun bərpa olunmasına dair gözləntilər yaradır. Bir çoxları Pezeşkianın önünün açılmasını təhlükəli versiya olaraq Trampın yanvarda Ağ Evə qayıtması ehtimalı ilə əlaqələndirirlər. İddia olunduğu kimi, Cavad Zərif xarici işlər naziri postuna yenidən gətirilsə, deməli, Xamneyi növbəti 4 ildə Qərblə “siçan-pişik” oynamağa razılıq verib.
Seçkinin nəticəsinin Azərbaycanla ikitərəfli münasibətlərə təsirinə gəldikdə isə, deyə bilərik ki, Həsən Ruhaninin prezidentliyindəki reformist iqtidarında (2013-2021) Azərbaycan-İran münasibətləri özünün qızıl dövrünü yaşamışdı. Lakin Qarabağ müharibəsindən sonra yaranmış yeni reallıqlar və Zəngəzur dəhlizi məsələsi ikitərəfli əlaqələri müharibə səviyyəsinə qədər çatdırdı. Bu səbəbdən, yeni dövrdə İranın Azərbaycanla ikitərəfli əlaqələri hərzamankından daha çox hərbi və təhlükəsizlik qurumlarının nəzarətindədir və hökumətin manevr imkanları məhdudlaşdırılıb. Bununla belə, Azərbaycanın dövlət başçısı İlham Əliyevin Pezeşkianı ilk təbrik edənlərdən olması və onu Bakıya dəvət etməsi ölkəmizin bu seçkilərin nəticəsindən xeyli məmnun olduğunu göstərir. Həm də İrandakı seçkilərə beynəlxalq səviyyədə etimad rəyi yaradır. Hər halda, İsrailin dərin böhran ilə üzləşməsi fonunda Türkiyə-İran normallaşması və Rusiyanın regionda zəifləməsi fonunda Ermənistanın Qərbə yaxınlaşması İran-Azərbaycan münasibətlərində yeni səhifənin açılmasını labüd edir. Məsud Pezeşkianın İran prezidenti seçilməsi hər şeydən öncə bölgədə Azərbaycan üçün daha əlverişli imkanların yaranacağından xəbər verir.
Rasim Zeynalov – jurnalist, politoloq