İranda Novruz tətilinə qadağa qoyuldu
Həsən Ruhani qərarı açıqladı
İran Prezidenti Həsən Ruhani 21 martda başlayan Novruz tətilində çox sayda koronavirus xəstəsi olan şəhərlərə səyahət etməyi qadağan edib. Yerli İRNA agentliyi bu barədə xəbər yayıb.
Cənab Ruhaninin sədrliyi ilə paytaxt Tehranda keçən Koronavirusla Mübarizə üzrə Milli Komitənin iclasındakı müzakirələrdən sonra belə bir qərar verilib. İranın Səhiyyə Nazirliyi ölkə ərazisini şərti olaraq 4 yerə bölüb. Koronavirus baxımından yüksək risk göstəricisinə malik olan bölgələr qırmızı, orta risk bölgələri narıncı, aşağı risk bölgələri isə sarı rəngə boyanıb. Mavi rəng isə koronavirus infeksiyalarının ən az olduğu bölgələrə aid edilib. Bu təsnifata görə, İran Səhiyyə Nazirliyi ölkə ərazisinin 11 bölgəsini qırmızı, 32 bölgəsini narıncı, 251 bölgəsini sarı və 154 bölgəsini isə mavi olaraq qeydə alıb.
İranın cənub-qərbində yerləşən Xuzistan ostanı ölkənin koronovirusdan ən çox əziyyət çəkən bölgəsidir.
Novruz bayramı 2009-cu ildə rəsmi olaraq YUNESKO tərəfindən Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edilib.
Yazının orijinalını BURADAN oxuya bilərsiniz
Elbəyi Həsənli, Sürix
Musavat.com