22 Dekabr 2024

İran prezidentinin müəmmalı qəzası vəliəhdlik mübarizəsinin təzahürü ola bilərmi?

Azərbaycanın birgə layihəsi olan hidroqovşağın tarixi açılış mərasimindən geri qayıdarkən, İran prezidenti İbrahim Rəisi və xarici işlər naziri Hüseyn Əmir-Abdullahyanın qəzaya uğraması çox üzücüdür. İran prezidentinin qəzaya uğradığı helikopterin axtarışları davam edir.

İran siyasi rəhbərliyinin İran və Azərbaycanın birgə layihəsi olan hidroqovşağın tarixi açılış mərasimindən geri qayıdarkən, qəzaya uğraması məyusluq doğurmaya bilməz. Axtarışların nəticəsinin xoş olmayacağını təxmin etmək çətin deyil. Rəisinin helikopteri səhər saatlarında Azərbaycan sərhədinin yaxınlığında İran ərazisinə eniş edib və açılış mərasimdən sonra İran ərazisindən havalanaraq, Tehrana istiqamətlənib. Bu da helikopterə xarici müdaxilə ehtimalını istisna edir. Qəza ilə bağlı ağla gələn ilk siyasi şərh Rəisinin İran ali lideri Xameneyinin əsas vəliəhdi kimi tanınmasıdır. İranda ali liderin vəliəhdi kimi təqdim edilmək prezidentlikdən daha üstün statusdur. Qəzanın ilk anlarından etibarən İranın fərqli media qurumlarının təzadlı xəbərlər paylaşması da diqqət çəkir. Bununla belə, baş verən qəzanı vəliəhdlik mübarizəsinin təzahürü kimi təqdim etmək hələ ki, tezdir. Xameneyi tərəfindən vəliəhd kimi qabağa çəkilən Rəisinin siyasi sui-qəsdlə aradan götürülməsi İran daxilindəki qüvvələr balansını sarsıda bilər. Xarici işlər naziri Əmir-Abdullahyanın taleyi Rəisinin kölgəsində qalsa da, bu məsələ də çox önəmlidir. Rəisi hökuməti dövründə Azərbaycanla İran münasibətləri olduqca kəskinləşsə də, Abdullahyan hadisələrin diplomatiya yoluna qaytarılmasında önəmli rol oynamışdı. Təəssüf ki, iki ölkə arasında münasibətlərin normallaşmasının ən əlamətdar tədbirindən sonra Abdullahyan belə bir aqibətlə üzləşdi.

Rasim Zeynalov- Media1.az

Politoloq Rasim Zeynalov