28 Mart 2024

İqtisadçı ətin qiymətinin bahalaşmasının səbəbini açıqladı

Eyyub Kərimli: “Örüş yerlərinin az olması səbəbindən fermerlərə buynuzlu heyvanı saxlamaq baha başa gəlir”

Bir müddət öncə ekspertlərin ətin qiymətində artımın olacağı ilə bağlı ehtimallar özünü doğruldur. Bakıya nisbətən bölgələrdə ətin münasib qiymətə satıldığı bildirilir. Amma bölgələrdə də bahalaşma tendensiyası müşahidə edilməkdədir. Sakinlər bildirirlər ki, bölgələrdə ətin bir kiloqramı 12-13 manatdan 14-15 manata qalxıb.  Elə “Xəzərxəbər”in hazırladığı süjetdə də Cəlilabaddakı satıcılar qeyd ediblər ki, bir neçə gündür bazarda mal və quzu ətinin qiymətində 1-2 manat artım olub. Buna səbəb diri çəkidə aldıqları mal-qaranın baha olmasıdır. Tovuzda yalnız xırdabuynuzlu heyvanların ətinin satış qiymətində bahalaşma müşahidə olunur. Əvvəlki qiymətə nisbətən bir kiloqram quzu ətinin qiymətində 2-3 manat artım var. Satıcılar mövcud vəziyyəti təsərrüfat sahiblərinin diri heyvanı baha satması ilə əlaqələndirirlər. Bənzər mənzərə Bərdədə də müşahidə olunur. Satıcılar ətin bahalaşmasını ot və yemlə əlaqələndirsələr də, bəziləri hazırda heyvanların azlığını səbəb göstərir. Satıcıların sözlərinə görə, qiymət artımı satışa da ciddi təsir göstərib. Bildirilir ki, qiymət artımı tələbatın azalmasına səbəb olub.

Qeyd edək ki, Dövlət Statistika Komitəsinin yanvar ayında açıqladığı statistik nəticəyə görə, Azərbaycanda ətin qiymətində bahalaşma müşahidə olunur. Qurumdan bildirilib ki, Azərbaycanda ət və ət məhsulları 2022-ci ilin dekabr ayında ötən aya nisbətən 100.2% olub ki, bu da aylıq müqayisədə 0.2% artım deməkdir. Həmçinin ət məhsulları ötən ilin dekabrında 2021-ci ilin dekabr ayına nisbətən 116.3% təşkil edib ki, illik müqayisədə 16.3% bahalaşma deməkdir.

Eyyub Kərimli: “ƏDV-nin azaldılması büdcə yığımlarına mənfi təsir göstərə  bilər” Pravda.az

Eyyub Kərimli 

İqtisadçı-ekspert Eyyub Kərimli mövzu ilə bağlı “Yeni Müsavat”a dedi ki, ətin qiymətinə birbaşa təsir edən bir neçə amil var: “Burada mövsümlə əlaqədar olaraq yemin qiymətinin artması səbəb kimi göstərə bilərik. Həmçinin müharibə səbəbindən Ukraynadan ət idxalının azalmasıdır. Toyların, xeyir işlərin sayı artmaqdadır. Qarşıdan Novruz bayramı da gəlir. Bizdə tendensiyadır, bayramqabağı məhsulların qiyməti bəzən artır. Eləcə də örüş yerlərinin az olması fermerlərə də buynuzlu heyvanı saxlaması baha başa gəlir. Çünki yemin qiyməti artıb. Hələ örüş  yerlərində təzə ot bitməyib. Heyvanları quru yemlərlə yemləyirlər. Bu da qiymətin artmasına təsirini göstərir. Düşünürəm ki, qiymət artımı mövsümi amillərlə əlaqədardır. İki-üç aya biz bu qiymətlərin enməsini müşahidə edəcəyik. Çünki yeni örüş yerlərində ot bitəndən,  heyvanların əvvəlki kimi yemlənməsindən sonra qiymətlər də aşağı düşəcək”.