24 Dekabr 2024

“İnsan özünü necə istiqamətləndirərsə, həyat da insanı elə istiqamətləndirər” – Psixoloqdan Yeni il tövsiyələri

Bir neçə saat sonra 2020-ci ilini yola salıb, 2021-ci ili qarşılayacağıq. Xatırladığımız son illərdə ilk dəfədir ki, dünya 2021-ci ilə içi buruq girəcək. Çünki 2020-ci il bir çox fəlakətlər, pandemiya ilə yaddaşlara yazılıb. Pandemiya səbəbindən bir çox ölkələrdə karantin rejimi davam edir, toylara, şənliklərə qadağalar qoyulub.

Azərbaycan üçün isə bu il xüsusilə seçilib. Çünki Azərbaycanla Ermənistan arasında yaşanan 44 günlük müharibə qələbə ilə bitib və Azərbaycan öz torpaqlarını erməni işğalından azad edib. Bütün bunlara baxmayaraq, şəhid xəbərləri hələ də gəlməkdədir və insanlar bayram əhval-ruhiyyəsindən uzaqlaşıb. 

Adətən yeni il yeni nəfəs, yeni ümid hesab edilir. İnsanlar yeni ilə bir milad kimi yanaşır. Bəs bu 2020-ci ildə yaşananlar, pandemiyanın davam etməsi insanlarda hansı psixoloji problemlər yaradacaq? Baş verənlər ümidsizliyə, depressiyaya səbəb olacaqmı?

Musavat.com-a danışan psixoloq Vəfa Vaqifqızı bildirib ki, insanlar ümidsizliyə qapılmamalıdırlar:

“Heç kimin ağlına gəlməzdi ki, bu il bu qədər çətin, sınaqlı, sonu qələbə ilə bitən il olacaq. Dünya üçün demirəm, amma bizim üçün yaxşı il oldu. Şəhidlərimiz olsa da, biz 30 il həsrətində olduğumuz torpaqlara qovuşduq. Biz şəhidlərimiz üçün sarsılırıq, amma bilməliyik ki, şəhidlər öz zirvəsindən məmnundurlar. Şəhid anaları, xanımları ilə danışanda onlara bu sözlərə təskinlik verirəm. 2020-ci ilin sonu bizə qələbə yaşatdı. Ağlımıza gəlməzdi ki, pandemiyanın yaratdığı xəstəlik və kasıblıq, pulsuzluq qorxusunu müharibə darmadağın etdi. İnsanlar son qəpiklərinə qədər orduya, əsgərlərimizə bağışladılar. İnsanlar neqativdən birliyə kökləndilər. 2020-ci il insanlar, dünya üçün yenilənmə, dəyişmə dövrü oldu. Pandemiya, ölüm, xəstəlik qorxusu insanların psixologiyasını dəyişdi. Artıq insanlar daha çox yaxşılıq etməyə, bir-birilərinə yardım etməyə çalışırlar. 2020-ci ildə yaşanan hər hadisəyə nəticə kimi baxıram. Yaxınlarıma da, pasientlərimə də deyirəm ki, baxın görün bütün bunlardan hansı nəticəni çıxardınız. İnsanlar artıq itirmək qorxusu ilə yaşamırlar, onlar sevdiklərini itirməməyə çalışırlar. İnsanlar təbiəti qoruyurlar. Artıq insanlar daha olğundur”. Biz yeni ilə ümidlə baxmalıyıq. Bizim 2020-ci ildə itirdiklərimiz olduğu qədər qazandıqlarımız da oldu. İnsan beyin gücü ilə qalib olur. Ona görə inanmalıyıq. İnsan özünü necə istiqamətləndirərsə, həyat da insanı elə istiqamətləndirər”.

Pandemiyanın zərər verdiyi bir sahələrdən biri də şou, əyləncə sahəsidir ki, adətən sənət adamları bayram günlərini səhnədə keçirərək böyük məbləğdə gəlir əldə edirdilər. Lakin onlar da, 2020-ci ildə demək olar ki, işsiz qaldılar. Bir çox ölkələrdə müğənnilər müəyyən qonorar qarşılığında onlayn konsert verəcəklər. Bəs, azərbaycanlı sənətçilərdə vəziyyət necədir? Pandemiya, səhnədən uzaqlaşmaq onlarda hansı hissləri yaradıb?

Xalq artisti Faq Aayev səhnəsiz qalan sənətçilərin psixologiyasının pozulduğunu bildirib:

“2020-ci il bütün dünya üçün çətin il oldu. Düzdür, biz bu ilin əzab əziyyətini zəfər çalaraq unutduq, yaddaşlardan sildik. Müharibə bitdi, yenidən pandemiyalı günlərə döndük. Həmkarlarım çətin günlər yaşayır. İlin 9 ayını çalışmamaq və üzərində bir çox məsuliyyətlər olmaq çətindir. Təbii ki, 2021-ci ilə böyük ümidlə daxil oluruq. İnanırıq ki, müharibədə qalib gəldiyimiz kimi, həkimlərin, alimlərin səyi nəticəsində pandemiyaya da qalib gələcəyik. Həmkarlarıma, günəmuzdlu çalışan insanlara, hər kəsə ruzi bərəkət arzulayıram. Azərbaycana, dünyamıza sülh, sevinc diləyirəm”.


Könül,
Musavat.com