22 Dekabr 2024

İnsan beyni çiplə idarə olunacaq? – Maskın ilginc hədəfi

Amerikalı iş adamı, mühəndis və milyarder İlon Mask deyib ki, 6 aydan sonra beyin çipi şirkəti “Neuralink” çipləri insanlar üzərində sınaqdan keçirməyə başlaya biləcək. Bu barədə şirkətin təsisçisi təqdimat zamanı bildirib.  Sahibkarın sözlərinə görə, işçilər cihazı insan orqanizminə daxil etməzdən əvvəl onun düzgün işləyəcəyinə əmin olmalıdırlar.

“Biz sənədlərimizin çoxunu ABŞ Qida və Dərman İdarəsinə göndərmişik və yəqin ki, təxminən altı aydan sonra biz ”Neuralink”i insana implantasiya edə biləcəyik”, – Mask qeyd edib.

Bu nə beyin çipləridir belə, təyinatı nədir? İnsanın intellektual qabiliyyətinə necə təsir göstərəcək? Kimlər üçün nəzərdə tutulub, tibbi təyinatı nədir?

Qeyd edək ki, beyin çiplərinin daha çox iflic xəstələrinə tətbiq olunacağı gözlənilir. Bu çiplər çox kiçik dizayna malik olan və beyin səthinə yerləşdirilən cihazlardır. Bu cihazlar sayəsində beyində həyata keçirilən fəaliyyətləri izləmək mümkündür.

2016-cı ildə İlon Mask tərəfindən qurulan “Neuralink” şirkətinin yaratdığı beyin çipləri əslində ilk dəfə edilən bir araşdırma deyil. Belə ki, 1960-cı illərdən bəri bu mövzuda çoxlu araşdırmalar var. Beyindəki fəaliyyətləri izləmək və onları xüsusi əmrlərə çevirmək üçün bu mövzuda ilk araşdırmalar meymunlar üzərində aparılıb. Bugünkü beyin çipləri ilə bağlı araşdırmalar 1970-ci illərin əvvəllərində ortaya çıxan “beyin-maşın interfeysi” termini ilə ifadə edilir.

Beyin-kompüter interfeysi (və ya neyron idarəetmə interfeysi) beyin və kompüter arasında qurulan simli və ya simsiz rabitə texnologiyalarına verilən ümumi addır. Beyin-kompüter interfeysi (beyin-kompüter əlaqəsi) və kompüter-beyin interfeysi (kompüter-beyin əlaqəsi) texnologiyalarını birləşdirən sistemlərə beyin-beyin interfeysi də deyilir.

Bu texnologiyaların ümumi məqsədi insanların idrak funksiyaları və duyğu-motor funksiyaları ilə bağlı araşdırmalar aparmaq, onların beyindəki fəaliyyətlərinin xəritəsini çıxarmaq, bu məsələlərlə bağlı problemləri olan insanlara kömək etmək və ya insan zehninin bu baxımdan edə biləcəyini kompüterlərin köməyi ilə dəstəkləməkdir.

2020-ci ilin 28 avqustunda İlon Mask və əməkdaşları canlı izlənilə bilən “Neuralink”in beyin-kompüter interfeysi texnologiyasını təqdim edən konfrans keçirdi. Həmin tədbirdə bildirilmişdi ki, beyin çipləri sayəsində beyin və onurğa beyni problemlərinin, o cümlədən yaddaş itkisi, eşitmə və görmə itkisi, iflic, yuxusuzluq, depressiyanın qarşısı alına bilər. 

Məlum məsələdir ki, bütün insanlar yaşlandıqca qaça bilməyəcəkləri sağlamlıq problemləri ilə qarşılaşır. İlon Mask bildirib ki, beyin çiplərinin əsas məqsədi bu sağlamlıq problemləri ilə mübarizə aparmaqdır. Qeyd etmək lazımdır ki, beyin çipləri sağlamlıq problemlərinin yaranmasının qarşısını ala biləcək bir element olmaqdansa, diaqnoz qoyulmuş problemlərə həll yolu təqdim etməyə fokuslanır.

“Neuralink” texnologiyasını geyilə bilən texnologiyalar kimi düşünə bilərik. Bu gün qolumuza aksesuar olaraq taxdığımız cihazlarla hərəkətlərimizi izləyə bildiyimiz kimi, beyin çipləri sayəsində beynimizdəki hərəkətləri izləmək mümkün olacaq. Bu sayədə mümkün sağlamlıq problemləri əvvəlcədən aşkarlana və erkən müdaxilə edilə bilər.

Beyin çipləri ilə bağlı əvvəlki araşdırmalarda beyindəki fəaliyyətləri izləmək də mümkün idi. Yerləşdirilmiş çiplər sayəsində izlənilə bilən səviyyəyə çatdığımız beyin siqnallarını düzəldə bilsək, sağlamlıq problemlərinin qarşısını ala bilərikmi? İlon Musk bunun mümkün olduğunu və gələcəkdə bu araşdırmalarla buna nail ola biləcəyini deyib.

Ekspertlər qeyd edir ki, beyin çipləri ilə bağlı gələcək araşdırmalarda beynimizdə baş verən fəaliyyətlər düzgün başa düşülərsə, yalnız beynimizdən istifadə edərək ünsiyyət qurmağımız mümkün olacaq. Məsələn, iflic olan bir insan əllərindən istifadə etdiyini düşünərək beyninin müəyyən hissələrində siqnallar yarada bilər və bu siqnalları oxuya bilən ağıllı cihazlar və ya protezlər bu düşüncələri hərəkətə keçirə bilər.

Bəs beyin çipləri insana necə yerləşdirləcək?

Ekspertlərə görə, bu çiplərin beyinə implantasiyası prosesi çox incədir. Çiplərin kabellərinin beyinə əkilməsi mərhələsində damarlarla hər hansı bir əlaqə böyük problemlərə və travmalara səbəb ola bilər. Beyin çipləri üzərində işləyən “Neuralink” beyində bu əməliyyatları yerinə yetirmək üçün bir robot da hazırladığını bildirib. Əməliyyat zamanı yüksək keyfiyyətli kameraya sahib olan robot beynin təkmil skanını həyata keçirərək, damarların yerini müəyyən edə bilir. Beləliklə, elektrodları heç bir damara toxunmadan tikmək olar.

“Neuralink” şirkətinin paylaşdığı ilk məlumata görə, beyinə yerləşdirilən çiplər dərinin altına tikiləcək və qulağın arxasındakı bir cihaza birləşdiriləcəkdi. Lakin sonrakı araşdırmalarından sonra çipin sikkə ölçüsündə olacağı və görünməz şəkildə başın içərisinə yerləşdiriləcəyi bildirildi. Həmçinin çipin yerləşdirilməsi əməliyyatının narkozsuz 1 saatdan az müddətdə tamamlana biləcəyi və əməliyyat olunan şəxslərin də həmin gün xəstəxanadan çıxa biləcəyi bildirilir.

Elon Musk şimdi de insan beynine çip takmaya yaklaştı! - Son dakika ekonomi  haberleri – Sözcü

Beyin-Kompüter İnterfeysləri sahəsində əsas tədqiqat sahələrindən biri beyindən əzələlərə gedən siqnalları tutmaq və bu siqnalları başqa yollarla idarə etmək məqsədi daşıyır. Bu, “beyni oxumaq” deyə biləcəyimiz şeydir, CD-dən məlumat oxumaq kimi. Məsələn, onurğa beyni zədələndiyi üçün əllərini və ayaqlarını hərəkət etdirə bilmədiyi üçün iflic olan bir adam beynində qolunu hərəkət etdirmək üçün siqnallar yarada bilər, lakin onurğa beyni zədələndiyi üçün o siqnal əzələlərə ötürülə bilməz. Halbuki əzələlərdə problem yoxdur, siqnal gələ bilsəydi, əzələlər yığılıb hərəkət edərdi. Aralarında körpü olan onurğa sinirləri işləmir. Beləliklə, əgər beyində siqnal toplaya bilsək və bu siqnalı onurğa beynindən yan keçərək birbaşa əzələlərə ötürə bilsək, bir çox insult növlərini böyük ölçüdə aradan qaldıra bilərik. Bu istiqamətdə aparılan dəyərli tədqiqatlar çox müsbət nəticələr verir.

Ekspertlər onu da qeyd edir ki, yuxular əsnasında hansı siqnalların əmələ gəldiyini və görmə kortektsində onların necə görüntüyə çevrildiyini anlaya bilsək, yuxuları görüntüyə çevirmək və qeyd etmək mümkün ola bilər.

Sonda…

Kompüter-Beyin İnterfeysləri sahəsi müasir texnologiyanın ən maraqlı sahələrindən biridir. Beyin çipləri üzərində ediləcək araşdırmalarla iflic kimi çox ciddi sağlamlıq problemlərinə əhəmiyyətli həllər gətirəcəyini də qabaqcadan görmək mümkündür. Bundan əlavə, tibb sahəsində uğur qazanarsa, sağlamlıq problemi olmayan insanlarda da istifadə oluna bilər və gündəlik həyatda öz yerini tuta bilər. Ola bilsin ki, yaxın gələcəkdə biz klaviaturadan istifadə etmədən mətn yazacağıq.

Xalidə GƏRAY