25 Aprel 2024

İnsan alveri qurbanlarına sosial-reabilitasiya xidmətləri göstərilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin İnsan Alveri Qurbanlarına Yardım Mərkəzi ötən il 52-si insan alveri qurbanı, 32-si potensial insan alveri qurbanı (insan alveri təhlükəsi ilə üzləşmək riski olan şəxslər) olan 84 nəfəri sosial reabilitasiya xidmətləri ilə təmin edib.

Nazirlikdən “İki sahil”ə verilən xəbərə görə, Mərkəzin sosial işçi, psixoloq və hüquq məsləhətçisindən ibarət işçi heyəti tərəfindən bu kateqoriyadan olan şəxslərin hər biri ilə bağlı fərdi sosial reabilitasiya planı tərtib edilir və həyata keçirilir.

Onların sosial-hüquqi, sosial-psixoloji dəstəklə təminatı, tibbi-sosial reabilitasiyası, məşğulluğunun təmin edilməsi sahəsində işlər aparılır.

Hazırda isə 8 nəfəri insan alveri qurbanı, 2 nəfəri isə potensial insan alveri qurbanı olan 10 zərərçəkmiş şəxsə xidmətlər davam edir.