22 Dekabr 2024

İlham Əliyev və inkişaf strategiyası

Aygün Şükürova, Azərbaycan Dövlət İqtisad Universiteti(UNEC) “Biznes və Logistika” kafedrasının dosenti 

Azərbaycan Respublikası dayanıqlı inkişafı, iqtisadi qüdrətin artımını, sosial rifahın yüksəlməsini hədəfləyən layihələrlə son 20 ildə böyük bir yol qət etmişdir. İqtisadi göstəricilər fonunda respublika regionda sosial-iqtisadi inkişafın, davamlı inkişafın, sosial-iqtisadi tarazlığın, modern islahatlar və digər sistemli hədəflərin reallaşmasında nümunə hesab edilir. Prezident İlham Əliyevin intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən enerjili və təşəbbüskar bir şəxsiyyət olmasından irəli gələn labüd nəticədir ki, Ulu öndər Heydər Əliyev tərəfindən qurulmuş respublikanı bu gün tam suveren, öz müqəddəratı haqqında qəti və sərt addımlar atan, geosiyasi vəziyyəti milli mənafe baxımından yönəldən bir dövlətə malik olmuşuq.

Cənab İlham Əliyevin hakimiyyəti dövründə Azərbaycan Respublikası Cənubi Qafqazın ən dinamik inkişaf edən dövləti kimi seçildi. Ölkənin genişmiqyaslı uğurları sürətlə dəyişən dövlət imici qazandırdı. İqtisadiyyatın saxələndirilməsi, rəqəmsallaşdırılması, investisiyaların cəlb edilməsi məhz son illərdə yeni məzmun aldı. Neft sektorunun ana xətt kimi inkişafı və buna paralel olaraq qeyri-neft sektorunun şaxələnərək dəstəklənməsi dayanıqlı iqtisadiyyatın düsturu kimi özünü təsdiq edib. Prezident İlham Əliyev bununla əlaqədar demişdir: “Məqsəd ondan ibarətdir ki, bir neçə ildən sonra iqtisadi imkanlarımızın neft amilindən asılılığını tamamilə aradan qaldıraq. Belə imkanlar var və əminəm ki, qeyri-neft sektorunun inkişafı həm dövlət tərəfindən verilən dəstək hesabına, həm də özəl sektorun fəaliyyəti nəticəsində daha da genişlənəcəkdir… Biz bir neçə il ərzində sahibkarlara kreditlər veririk, bu kreditlər də yaxşı işləyir. Bu kreditlərin hesabına yeni müəssisələr – fabriklər, emal müəssisələri yaradılır, özəl biznes inkişaf edir. İqtisadiyyatımızın ümumi çəkisində özəl biznesin kifayət qədər böyük yeri var. Azərbaycan iqtisadiyyatı 80 faizdən yuxarı özəl sektorun əsasında qurulubdur”.

Respublikanın inkişaf strategiyasında əsas məqsədlərdən biri regionların inkişaf etdirilməsidir. 2004-cü ilin fevralında start verilən sistemli proqramlardan ən birincisi “Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı” oldu. Prezidentin ötən illər ərzində Azərbaycan Respublikasının regionlarının sosial-iqtisadi inkişafı üzrə dörd Dövlət Proqramı (2004–2008-ci, 2009–2013-cü, 2014–2018-ci, 2019–2023-cü illər) qəbul olunub. Bu proqramlar Azərbaycanın şəhər və qəsəbələrinin, kəndlərinin görkəmini müasirləşdirləşdirməklə,  simasını modernləşdirməklə yanaşı  regionların potensialının artırılması, infrastrukturun, kommunal xidmətlərin, investisiya və biznes mühitinin yaxşılaşdırılması, eləcə də əhalinin rifahının yüksəldilməsi üçün imkanlar açıb.

Yuxarıda qeyd olunan proqraamları dəstəkləyən büdcə  neft-qaz sektorundan əldə edilən gəlirlər hesabına formalaşır.  Bakı–Tbilisi–Ceyhan neft kəməri, Bakı–Tbilisi–Ərzurum qaz kəməri, eləcə də Avropanın enerji təhlükəsizliyinin təminatında başlıca rol oynamaq qabiliyyətinə malik Cənub Qaz Dəhlizi kimi nəhəng layihə təkcə bizim deyil, qonşu regionların da inkişafına mühüm töhfəsini verir. Cənub Qaz Dəhlizi layihəsi çərçivəsində məhz son 20 il ərzində Trans-Anadolu (TANAP) və Trans-Adriatik (TAP) boru kəmərləri tikilib istismara verilib. Bundan başqa iki nəqliyyat meqalayihəsini – Bakı–Tbilisi–Qars dəmir yolu xəttinin tikintisi­ni və “Şimal–Cənub” beynəlxalq nəqliyyat dəhlizi layihəsi çərçivəsində işləri xatırlatmaq lazımdır.

Ölkə başçısı cənab İlham Əliyevin nail olduğu hədəflər sırasında sosial ədalətin təminatı – əmək haqqlarının yüksəldiməsi, müxtəlif dövlət xidmətlərinə əlçatanlığın təmin edilməsi və vətəndaşlarla məmurlar arasındakı münasibətlərdə şəffaflığın artırılması xüsusi yer tutur. Azərbaycan təkcə iqtisadi inkişafı ilə deyil, bu inkişafla bərabər şəkildə həyata keçirilən idarəetmə qurumlarının restrukturizasiyası, əhaliyə göstərilən xidmətlərin keyfiyyətinin artırılması baxımından da digər dövlətlər üçün müsbət nümunəyə  çevrilməkdədir. Elektron hökumətin formalaşdırılması tədbirləri çərçivəsində vətəndaşlara göstərilən əksər xidmətlərin vətəndaş – məmur qarşılaşması olmadan elektron formada həyata keçirilməsi, ASAN Xidmət şəbəkəsinin respublika miqyasında qurulması istiqamətində görülən tədbirlər İlham Əliyevin öz vətəndaşına  dünya standartlarına uyğun  yüksək keyfiyyətli xidmətlərin göstərilməsində qərarlı olduğunu göstərir.

2020-ci ildə Böyük Zəfər qazanılmış Qarabağda yeni iqtisadi zonalar yaradıldı. Bu gün Qarabağa Böyük Qayıdış başlamışdır. Yeni iqtisadi imkanlar, yeni perspektivlər  yaranır. Bölgədə irimiqyaslı tikinti-quruculuq layihələri həyata keçirilir. Füzuli və Laçın şəhərlərində, Zəngilan rayonunun Ağalı və Tərtər rayonunun Talış kəndlərində 5 məktəb binası istifadəyə verilib. Uzunluğu 2138 kilometr olan 22 yol layihəsindən 7-sinin tikintisi artıq başa çatıb. Turizmin inkişafı istiqamətində həyata keçirilən infrastruktur layihələri çərçivəsində 5 otel və konqres mərkəzi (Şuşada “Qarabağ” və “Xarıbülbül” otelləri, Şuşa Otel-Konqres Mərkəzi, Zəngilan Konqres Mərkəzi, Ağdam Konqres Mərkəzi) yenidən qurularaq  istismara verilib. Hazırda Ağdam Sənaye Parkı, Cəbrayılda “Araz Vadisi İqtisadi Zonası” və Zəngilanda “DOST Aqropark” Azərbaycan–Türkiyə birgə müəssisəsi yaradılır.

Regionda bərpanın və sosial-iqtisadi quruculuğun ardıcıllıqla və sistemli həyata keçirilməsi müşahidə olunur. Əsas prioritet kimi özəl və xarici investisiyanın cəlb edilməsi, iqtisadi canlanmanın təminatı sahəsində konkret addımlar atılmaqdadır. Bütün növ sosial xidmətlərin bərpası, “ağıllı” kənd, qəsəbə və şəhərlərimizin salınması böyük qürur doğurur. Ölkə başçısı cənab İlham Əliyevin uzaqgörən addımları, gələcəyə hesablanmış qətiyyətli addımları Azərbaycan Respublikasını yeni zəfərlərə çatdıracağı danılmazdır.