22 Dekabr 2024

İki ölkə strateji tərəfdaşdır

Cari ilin dekabr ayının 10-da Serbiyanın Niş şəhərində keçirilən Serbiya-Bolqarıstan Qaz İnterkonnektorunun açılış mərasimində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Serbiya Respublikasının Prezidenti Aleksandar Vuçiç və Bolqarıstan Respublikasının Prezidenti Rumen Radev mərasimdə iştirak edirlər. Prezident İlham Əliyev Serbiya-Bolqarıstan Qaz İnterkonnektorunun açılış mərasimində çıxışında bildirib ki, Serbiya-Azərbaycan əlaqələri sürətlə və dinamik şəkildə inkişaf edir. “Biz strateji tərəfdaşıq. Çünki strateji tərəfdaşlıq haqqında bəyannamə imzalanmışdır və sözdə, sənəddə və əməldə bu yüksək statusa sadiqliyimizi göstəririk”, – deyə dövlətimizin başçısı vurğulayıb.

Prezident İlham Əliyev, həmçinin deyib ki, 2021-ci ildə bizim Avropa məkanına qaz ixracımız 8 milyard kubmetrdən bir qədər çox olmuşdursa, bu il bu təxminən 12 milyard kubmetrə çatacaq. Bunun Azərbaycanın ümumi qaz ixracının 50 faizini təşkil etdiyini vurğulayan dövlətimizin başçısı deyib ki, 2027-ci ilə qədər Avropaya göndərilən qazın həcmi iki dəfə artmalıdır və biz inamla bu hədəfə doğru gedirik.

Prezident İlham Əliyevin sözlərinə görə, Azərbaycanın bütövlükdə enerji strategiyası uğurla icra edilir. Bizim tərəfimizdən irəli sürülmüş və icra edilmiş layihələr Avrasiyanın enerji xəritəsini böyük dərəcədə yenidən tərtib etmişdir.

Bakı-Tbilisi-Ceyhan, Bakı-Supsa neft kəmərləri bu gün Azərbaycan neftini Aralıq və Qara dənizləri bazarlarına çatdırır. Cənub Qaz Dəhlizi uzunluğu 3500 kilometr olan nəhəng infrastruktur layihəsi Avropanın enerji təhlükəsizliyinə çox böyük töhfə verir.

Səbinə İsgəndərli

Ağstafa rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı