İki ölkə arasında razılaşma tam qarşılıqlı olmalıdır
Prezident İlham Əliyev cari ilin 6 dekabr tarixində “Qarabağ: 30 ildən sonra evə dönüş. Nailiyyətlər və çətinliklər” forumunda çıxış edib. Çıxışında vurğulayıb ki, Azərbaycan əlindən gələni edir ki, keçmiş məcburi köçkünlər üçün ən yaxşı şərait yaradılsın. Onlar buna layiqdirlər, çünki onlar 30 il ərzində çətin şəraitdə yaşayıblar. Burada söhbət təkcə fiziki durumdan getmir. Söhbət 30 il ərzində doğma evlərindən məhrum edilmiş insanların psixoloji vəziyyətindən gedir. Onlar geri qayıtmaq vaxtını gözləyirdilər və bu gün biz əraziləri azad etdiyimiz üçün əlimizdən gələn hər şeyi edirik ki, prosesi sürətləndirək. Azad olunmuş ərazilər şəhərlərin inşası baxımından yeni yanaşma nümayiş etdirəcək. Bu təcrübə bir çox ölkələr və şəhərlər üçün faydalı olacaqdır, o şəhərlər ki, müəyyən dərəcədə bizimlə eyni vəziyyətdədir. Əsas məsələ keçmiş məcburi köçkünlər üçün yaxşı şərait və iş yerləri yaratmaqdır. İş yerlərinin yaradılması da vacib sahələrdəndir və biz qayıdış prosesini planlaşdırarkən diqqətimizi buna yönəldirik. Qarabağda yaşayan erməniləri öz vətəndaşımız hesab edirik. Onlar separatçıların liderləri tərəfindən manipulyasiya edilirlər. Biz onlara həmin ərazidə qalmaq və yaşamağa davam etmək üçün şərtlərimizi təklif etdik. Bu, tamamilə beynəlxalq hüquqa uyğun idi. Onların edəcəkləri yeganə iş Azərbaycan vətəndaşlığı üçün müraciət etmək idi. Onların hüquqları və təhlükəsizliyi məsələləri də nəzərə alınmışdı. Reinteqrasiya istehza ilə qarşılandı, həm Ermənistan hakimiyyəti, həm də separatçılar tərəfindən. Həmin separatçılar ki, bu gün təcridxanada verdikt gözləyirlər.
Azərbaycan reinteqrasiya ilə bağlı bütün lazımi təşəbbüslərlə çıxış etmişdir. Reinteqrasiyaya dair elektron portal yaratdıq ki, orada Azərbaycan vətəndaşlığını almaq istəyən hər kəs qeydiyyatdan keçə bilər. Onlara təklif etdiyimiz bütün hüquqlarla bağlı əlavə məsləhətləşmələr də aparılacaqdı. Onlara təklif etdiklərimizin hamısı tamamilə qəbuledilən idi və ən yaxşı təcrübəyə əsaslanırdı – milli azlıqlarla bağlı Avropa Konvensiyası, dil ilə bağlı Avropa Konvensiyası, ana dilində təhsil, dini hüquqlar, mədəni hüquqlar, bələdiyyə hüquqları. Onlara bələdiyyə seçkiləri vasitəsilə nümayəndələrini seçmək təklif edildi. Rusiya-Qərb geosiyasi qarşıdurmasının nə ilə nəticələnəcəyi bilinmir. Bu səbəbdən regionumuzda, Qafqazda vəziyyəti, Mərkəzi Asiya ölkələrinin sərhədləri boyu, xüsusilə də Əfqanıstandakı vəziyyəti nəzərə aldıqda təhlükəsizlik mövzusu başlıca prioritet olmalıdır.
Zaman göstərdi ki, Azərbaycan düzgün siyasət aparıb. Ordumuzu qurduq, digər çoxsaylı təhlükəsizlik infrastrukturu yaratdıq və hərbçilərimiz üçün çoxlu təlimlər təşkil etdik. Bu olmasaydı, biz hələ də ermənilərlə bilinmir nədən danışmağa davam edəcəkdik. Bizim böyük potensialımız və geniş coğrafiyamız var. Nəhəng enerji ehtiyatlarımız var ki, bu gün milli təhlükəsizlik məsələsidir. Bu, əslində, mövcudluğun, müstəqil yaşayışın mənbəyidir. Bizim coğrafiyamız Avropadan Şərqi Asiyaya qədər uzanan ərazini əhatə edir. Bizim istifadə edə biləcəyimiz müəyyən infrastruktur var və biz ondan istifadə edirik. İlkin mərhələdə birgə təhlükəsizliyimizin hansı şəkildə təmin edilməsi ilə bağlı konsensus olmalıdır. Bunun üçün bütün ölkələrin razılığı olmalıdır. Türk Dövlətləri Təşkilatı ölkələrinin milli təhlükəsizliyinin və sabitliyinin təmin edilməsi baxımından bunlara nail olmaq üçün yol xəritəsi hazırlanmalıdır.
Otuz ildir işğala, dağıntılara, etnik təmizləməyə, soyqırımına məruz qalan və ərazisinin tamamilə dağıdılmasından əziyyət çəkən bir ölkə torpaqlarını beynəlxalq vasitəçilər olmadan məhz özü azad etdikdən dərhal sonra özü sülh təklif edib. Beynəlxalq ictimaiyyət münaqişə ilə bağlı bütün həqiqətləri bilməlidir. Azərbaycan “Madrid prinsipləri” adlanan və nizamlanma üçün əsas hesab edilən əksər müddəaları həyata keçirib. Azərbaycan tərəfi bildirdik ki, sülh sazişi imzalamalıyıq və delimitasiya ilə bağlı komissiyalarımız olmalıdır. Ermənistan deyil, Brüssel deyil, Vaşinqton, Paris və ya Moskva deyil, bunu deyən edən Azərbaycan olub. Azərbaycanın sülh tərəfdarı olduğunu nümayiş etdirir.
Azərbaycan sülh sazişinin prinsiplərini işləyib Ermənistana göndərdi. Sonra yenə sükut oldu və biz bunu ictimailəşdirdik, məşhur beş prinsipi açıqladıq. Ermənistanda heç bir revanşizm cəhdlərinin olmayacağı ilə bağlı qəti şəkildə, təsdiqlənmiş zəmanət lazımdır. 2019-cu ildə “Qarabağ Ermənistandır və nöqtə” deyən Paşinyan indi “Qarabağ Azərbaycandır” deyir.
Emilya Rəhimova
Ağstafa rayon Mərkəzi Kitabxana Sisteminin əməkdaşı