İki ölkə arasında etibarlı və hərtərəfli əməkdaşlıq mövcuddur
Azərbaycan dövlətinin xarici siyasətinin əsasını balanslaşdırılmış siyasət, müstəqilliyimizin beynəlxalq dayaqlarını daha da möhkəmləndirməyə istiqamətlənmiş qlobal layihələrin həyata keçirilməsi, dünyanın güclü dövlətləri və aparıcı beynəlxalq təşkilatları ilə əlaqələrin daha da genişləndirilməsi təşkil edir.
Azərbaycan Respublikası və İsrail Respublikası arasında dostluq münasibətlərinə, etibarlı və hərtərəfli əməkdaşlığa yeni təkan verən 30 may 2023-cü il tarixində respublikamızda səfərdə olan İsrail Dövlətinin Prezidenti İsxak Hersoqun Prezident İlham Əliyevin ilə görüşü olmuşdur. Görüş zamanı ikitərəfli əlaqələrin genişləndirilməsi, ölkələr arasında əməkdaşlığın daha da dərinləşməsi, müxtəlif sahələrdə münasibətlərin inkişaf etdirilməsi istiqamətində müzakirələr aparılmışdır.
Prezident İlham Əliyev İsrail Dövlətinin Prezidenti İsxak Hersoqun Azərbaycana səfəri ilə əlaqədar mətbuata verdiyi bəyanatında bildirmişdir ki, “Bu il İsraildə Azərbaycan səfirliyinin açılması, əlbəttə ki, əlaqələri daha yüksək səviyyəyə qaldıracaq və eyni zamanda, daha sıx qarşılıqlı əməkdaşlıq üçün geniş imkanlar yaradacaq.
Bəzi iqtisadi rəqəmlərə nəzər salarkən gördüm ki, ticarət dövriyyəmiz 1,7 milyard ABŞ dollarından çoxdur, bu da böyük məbləğdir. Lakin, hesab edirəm ki, növbəti illərdə biz ticarət dövriyyəsini şaxələndirməyə çalışmalıyıq və ümid edirəm ki, həyata keçiriləcəyini planlaşdırdığımız birgə layihələr nəticəsində bizim daha balanslaşdırılmış ticarət dövriyyəmiz olacaq və o, təkcə enerji amilindən asılı olmayacaq. Buna baxmayaraq, uzun illərdir ki, Azərbaycan İsrailə xam neftin etibarlı təchizatçısı olmaqda davam edir və bu da əslində enerji sahəsində sıx əməkdaşlığı nümayiş etdirir.
Bu gün müzakirələr zamanı biz, həmçinin enerji sahəsində əməkdaşlığın necə genişləndirilməsi məsələsini də müzakirə etdik. Çünki biz investisiya layihələri, interkonnektorların yaradılması və üçüncü ölkələrdə potensial əməkdaşlıq layihələri üçün böyük imkanlar görürük.
Biz, həmçinin irriqasiya və kənd təsərrüfatı sahəsində planlarımızı və artıq görülmüş işləri müzakirə etdik. İsrailin bu sahədə böyük nailiyyətlərindən bizim xəbərimiz var və biz kənd təsərrüfatında məhsuldarlığı artırmaq üçün bu müsbət təcrübədən istifadə etmək və ixrac bazarımızı şaxələndirmək istəyirik”.
Azərbaycan öz müstəqilliyini əldə etdikdən sonra, İsrail ilk tanıyan dövlətlərdən biri olmuş və 1992-ci il 7 aprel tarixindən etibarən Azərbaycanla diplomatik əlaqələr qurmuşdur. Həmin dövrdən başlayaraq, ikitərəfli əlaqələr xüsusi olaraq təhlükəsizlik məsələləri, enerji ticarəti, eləcə də mədəniyyət və təhsil sahələrində sıx əməkdaşlıq fonunda daha da genişlənmişdir.
Səbinə İsgəndərli
Ağstafa rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı