26 Noyabr 2025

İki ölkə arasında əlaqələrin yeni istiqamətlər üzrə inkişafı üçün böyük imkanlar mövcuddur

Prezident İlham Əliyev oktyabrın 10-da Düşənbədə MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında çıxış etmişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu ilin 10 oktyabr tarixində Tacikistanın Düşənbə şəhərində keçirilən MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında iştirak etmişdir. İclasda çıxış edən ölkə başçısı qardaş Tacikistan xalqını Prezidentin rəhbərliyi ilə əldə olunmuş uğurlar və nailiyyətlər münasibətilə təbrik edərək qeyd edib ki, Düşənbədə dəfələrlə olarkən ölkənin paytaxtının necə sürətlə inkişaf etdiyini, yeni binaların tikildiyini görürəm. Bütün bunlar bizi dost kimi çox sevindirir. Şəhərsalma sahəsində uğurlar münasibətilə təbrik edirəm və Düşənbənin ildən-ilə gözəlləşdiyinə şadam. Bu gün, həmçinin Tacikistan ilə Azərbaycan arasında ikitərəfli münasibətlərin ardıcıl inkişafını qeyd etmək istərdim. Onlar qardaşlıq, dostluq, qarşılıqlı dəstəyə əsaslanır və böyük inkişaf potensialına malikdir.

Azərbaycanın Şərqi Zəngəzur bölgəsinin Laçın şəhərinin bu il MDB-nin mədəniyyət paytaxtı kimi namizədliyini dəstəklədiklərinə görə MDB dövlət başçılarına təşəkkürünü bildirən Prezident İlham Əliyev həmçinin, iclasda humanitar sahədə əməkdaşlığın möhkəmləndirilməsi məsələlərinə də toxunaraq əlavə etdi ki, bu ilin iyununda Laçında “MDB-nin mədəniyyət paytaxtı İli”nin açılış mərasimi keçirildi, Azərbaycanın bu qədim torpağının tarixi, mədəni irsi haqqında məlumat verildi. Tədbirin qonaqları Laçının Ermənistanın 30 illik işğalından azad ediləndən sonra sürətli dirçəlişinin əyani şəkildə şahidi oldular. Tamamilə dağıdılmış şəhər bir neçə il ərzində ən gözəl və yaşayış üçün rahat şəhərlərdən birinə çevrilib. Birliyin həyatında daha bir mühüm hadisə isə sentyabrın 28-dən oktyabrın 8-dək qədim Gəncə şəhərində – XII əsrin dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin vətənində keçirilən III MDB Oyunları oldu. Gəncə ilə yanaşı, Azərbaycanın daha altı şəhərində – Qəbələ, Göygöl, Yevlax, Mingəçevir, Xankəndi, Şəkidə 13 ölkədən – həm MDB üzvləri olan, həm də qonaq ölkələrdən 1600-dən çox idmançı qəbul edildi. Bu qəbildən tədbirlər MDB məkanında və onun hüdudlarından kənarda dostluğu, əməkdaşlığı möhkəmləndirir, bərabərhüquqlu, qarşılıqlı maraqlara və qarşılıqlı hörmətə əsaslanan münasibətlərin güclənməsinə kömək edir.

Səbinə İsgəndərli
Ağstafa rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı