İki ölkə arasında əlaqələr gündən-günə genişlənir
Türkiyə ilə Azərbaycanın əlaqələrinin qədim və zəngin tarixi var. Bu əlaqələr dostluq, qardaşlıq əlaqələridir. Həmin əlaqələrin mənbəyi bizim müştərək tarixi köklərimizdir, eyni kökə mənsubiyyətimiz, dilimizin, dinimizin, adət-ənənələrimizin eyni olmasıdır. Bütün bunlar əsrlər boyu bizi bərabərliyə, dostluğa, əməkdaşlığa çağırıbdır, bu gün də dostluğumuzun, əməkdaşlığımızın əsasını təşkil edir. XX əsrdə – 1918-ci ildə Azərbaycanda Xalq Cümhuriyyəti elan olunarkən Türkiyənin Azərbaycana etdiyi yardımlar və o illərdə ölkəmizə qarşı təcavüzün qarşısının alınmasında türk qardaşlarımızın göstərdikləri qəhrəmanlıqlar Azərbaycan xalqının qəlbində daim yaşayacaqdır. Azərbaycan öz dövlət müstəqilliyini elan etdiyi zaman Türkiyə Azərbaycanın müstəqilliyini tanıyan ilk dövlət olmuşdur. O, müstəqillik yollarında irəliləmək, yaşamaq, inkişaf etmək üçün Azərbaycana daim dayaq olmuşdur və dostluq, qardaşlıq köməyi etmişdir. Azərbaycan müstəqil dövlət kimi ötən illərdə böyük çətinliklərdən keçərək yaşayıb, inkişaf edibdir. Azərbaycanın dövlət müstəqilliyi qorunaraq saxlanılıb, dönməz, dəyişməz, əbədi olubdur. İndi ölkəmizdə demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu prosesi həyata keçirilir. Azərbaycan öz ictimai-siyasi, iqtisadi həyatını köklü surətdə dəyişdirir və iqtisadi islahatların həyata keçirilməsi yolu ilə, siyasi və social islahatlar vasitəsilə ölkəni inkişaf etdirməyə çalışır.
Ermənistanın Azərbaycana təcavüzünün başlandığı gündən indiyədək Türkiyə həmişə Azərbaycanın yanında olmuş, beynəlxalq təşkilatlarda xalqımızın və dövlətimizin hüquqlarını müdafiə etmişdir. Azərbaycanı həmişə dəstəkləmiş, Ermənistanı Azərbaycana təcavüz edən bir ölkə kimi məhkum etmiş, bu hərbi təcavüzü daim pisləmiş və Ermənistandan bu təcavüzdən əl çəkməsini, işğal olunmuş torpaqlarımızı azad etməsini tələb etmişdir. Məhz bu səbəbdən Ermənistanın Türkiyə ilə diplomatik əlaqələr qurmaq və Türkiyə sərhədlərindən istifadə etmək cəhdinə Türkiyə hökuməti, dövləti hər dəfə etiraz edibdir, buna razılıq verməyibdir. Türk xalqının, dövlətinin “Ermənistan Azərbaycana qarşı təcavüzünü dayandırmayınca, işğal edilmiş torpaqlardan çəkilməyincə, bu torpaqlardan didərgin düşmüş azərbaycanlılar öz yerlərinə-yurdlarına qayıtmayınca Ermənistan Türkiyə ilə hər hansı bir əlaqənin yaranmasına nail olmayacaqdır”, – deməsini hər bir Azərbaycan vətəndaşı xüsusi qiymətləndirir. Türkiyə dövlətinin cəsarətli, ədalətli mövqeyini və Azərbaycana göstərdiyi qardaşlıq münasibətini çox yüksək dəyərləndiririk. Azərbaycan da Türkiyənin dostu, qardaşı olaraq dünya miqyasında onun mövqelərini müdafiə etmək üçün əlindən gələni edib və bundan sonra da edəcəkdir. Biz bütün beynəlxalq təşkilatlarda eyni mövqedən çıxış edirik. Çünki beynəlxalq aləmdə gedən proseslərə bizim baxışlarımız, görüşlərimiz eynidir.
Türkiyə ilə Azərbaycan arasında iqtisadi əlaqələr gündən-günə genişlənir. Türkiyənin iş adamlarının Azərbaycana sərmayə qoymasını biz yüksək qiymətləndiririk, onların burada səmərəli işləməsi üçün lazımi imkanlar yaratmışıq və bundan sonra da yaradacağıq. Respublikamızda son illər bəzi müştərək müəssisələrin yaranması, Türkiyənin iş adamlarına məxsus olan ayrı-ayrı ticarət, sənaye müəssisələrinin fəaliyyətə başlaması, bir çox inşaat işləri aparılması türk qardaşlarımızın Azərbaycanda geniş iş görmək imkanlarını nümayiş etdirir. Elə içərisində olduğumuz bu binanın, bu ərazidə bir neçə ticarət mərkəzinin də yaranması Türkiyə və Azərbaycan iş adamlarının sağlam əməkdaşlığı nəticəsində mümkün olmuşdur. Türkiyə ilə iqtisadi əməkdaşlığımızı bundan sonra da genişləndirəcəyik, Türkiyə sərmayəçilərinin Azərbaycana investisiya qoyması üçün daha əlverişli imkanlar yaratmağa çalışacağıq. Bizim əlaqələrimiz bütün sahələri, o cümlədən mədəniyyət, təhsil, elm sahələrini də əhatə edir. Azərbaycanın bir çox elm, mədəniyyət xadimləri Türkiyənin universitetlərində, mədəniyyət ocaqlarında, elmi idarələrində müvəffəqiyyətlə fəaliyyət göstərirlər, öz biliklərini, elmi ixtiralarını Türkiyə cəmiyyətinə çatdıra bilirlər. Eləcə də Türkiyənin bəzi təhsil təşkilatlarının Azərbaycanda məktəblər, təhsil ocaqları yaratması və beləliklə də təhsilimizin, elmimizin, mədəniyyətimizin bir-biri ilə daha da yaxınlaşması cəhdlərini biz bəyənirik və bundan sonra da belə imkanlar yaradacağıq.
Yunis Eyyubov
YAP Ağstafa rayon təşkilatının məsləhətçisi