24 Noyabr 2025

İki ölkə arasında çoxəsrlik dostluq

Prezident İlham Əliyev Azərbaycan-Qazaxıstan Ali Dövlətlərarası Şuranın ikinci iclasında çıxış edib. 2025-ci il oktyabrın 21-də Astanada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycan-Qazaxıstan Ali Dövlətlərarası Şurasının ikinci iclasında çıxış edərək iki ölkə arasındakı münasibətlərin yüksək səviyyədə inkişaf etdiyini vurğulayıb.

Prezident qeyd edib ki, Azərbaycanın torpaqları işğal altında olduğu illərdə Qazaxıstan həm ikitərəfli formatda, həm imzalanmış sənədlər, həm də beynəlxalq təşkilatlar çərçivəsində Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə dəyişməz dəstək göstərib. Dövlət başçısı bildirib ki, sonuncu hərbi toqquşmalardan ötən cəmi iki ildən az bir müddətdə sülh sazişinin paraflanması hər iki ölkənin yüksək siyasi iradə nümayiş etdirdiyini göstərir. O, həmçinin ABŞ Prezidenti Donald Trampın Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşdırılmasında oynadığı rolu yüksək qiymətləndirib. Prezidentin sözlərinə görə, avqustun 8-də Vaşinqtonda keçirilən Sammit uzunmüddətli münaqişəyə son qoyaraq, Avrasiya məkanında inkişaf və tərəqqi üçün yeni imkanlar açıb.

İlham Əliyev, həmçinin Hökumətlərarası Komissiyanın uğurlu iclasından bəhs edərək iqtisadi və ticarət əlaqələrinin möhkəmlənməsini, əmtəə dövriyyəsinin artmasını müsbət hal kimi dəyərləndirib. Onun sözlərinə görə, iki ölkə tərəfindən yaradılan Birgə İnvestisiya Fondu böyük potensiala malikdir və artıq bir neçə layihə icra mərhələsindədir.

Humanitar əməkdaşlığa toxunan Prezident son illərdə qarşılıqlı şəkildə keçirilən Mədəniyyət Günlərini yüksək qiymətləndirib və bu cür tədbirlərin davamlı olmasının vacibliyini qeyd edib. O, həm paytaxtlarda, həm də regionlarda mədəni əlaqələrin genişləndirilməsi üçün yol xəritəsinin hazırlanmasını təklif edib.

Energetika sahəsində əməkdaşlığa diqqət çəkən dövlət başçısı, ənənəvi və bərpaolunan enerji mənbələri üzrə böyük potensialın mövcud olduğunu bildirib. Prezident xatırladıb ki, ötən ilin noyabrında Xəzər dənizinin dibi ilə elektrik kabelinin çəkilməsi barədə üçtərəfli müqavilə imzalanıb və bu mövzu iclasda da müzakirə olunacaq.

Emilya Abdullayeva
Ağstafa rayon Mərkəzi Kitabxana Sisteminin əməkdaşı