İki əsrlik “nökərlər evi”: Qışda siçovul, yayda da ilan oylağına çevrilib-Bərdədə
Onlara deyirlər ki, tezliklə sizi sevindirəcəyik. Amma nə sevindirən var, nə də dərdlərinə əlac edən
Musa Muradlı, Media1.az
Bərdə şəhərinin mərkəzində – Bərdə rayon İcra Hakimiyyətinin 50 metrliyində bir ünvan var. Çıxışı da düz mərkəzi prospektə – Heydər Əliyev prospektinədir. Qəzalı vəziyyətdə olan evlərin sakinləri Media1.az-a yaşayış şəraitlərinin ağırlığından danışıblar.
Bərdə rayon sakini Natəvan Abbasova 13 ailənin yaşadığı evi göstərir
1967-ci ildən bu ünvanda yaşayan Nətavan Abbasova bildirir ki, onlar olduqca ağır durumda yaşayırlar. Mənzil şəraitləri dözülməzdir. Binanın divarları çökür. “1800-cü ildə tikilmiş bu bina bəyin nökərlərinin evi olub. Hazırda qəzalı vəziyyətdədir. 50 ildir belə bir şəraitdə yaşayırıq. Uçur, biz düzəldirik. İndi isə vəziyyət bir az da pisləşib. Dəfələrlə əlaqədar təşkilatlara şəraitimiz barədə məlumatlar vermişik. Şəraitimizin yaxşılaşdırılması üçün xahişlər etmişik”, – deyə Nətavan Abbasova üzləşdikləri problemdən danışıb.
Həmsöhbətimiz deyir ki, iki ay öncə yaşadıqları mənzilin iki otağının arxa fasad divarı uçub. Bərdə rayon İcra Hakimiyyətindən uçmuş divarın bərpasına köməklik göstərilib: “Fövqəladə Hallar Nazirliyində olmuşuq. Nazirliyin adamları gəlib, baxış keçirdilər. Lakin vaxt keçsə də, heç bir yenilik yoxdur”.
13 ailənin istifadə etdiyi hamam
“İndi də uça-uça gedir. Günü-gündən vəziyyət ağırlaşır. Kanalizasiya sistemi olduqca acınacaqlıdır. Belə bir şəraitdə uşaq böyüdürük. Antisanitariya baş alıb gedir, siçan-siçovullar, pişiklər ortalıqda gəzişir, mətbəxlərimizə doluşurlar. Evlərin döşəməsinin altında siçovullar ölür, üfunət yayılır. Bir tərəfdən də ilanlar çıxır. Yay aylarında həyətdə oturmaq olmur. Dəfələrlə ilan öldürməli olmuşuq”, – deyə sakin şikayət edir.
Qəzalı vəziyyətə düşmüş evin sakinləri ilə söhbət zamanı, burada 13 ailənin yaşadığı məlum olub. Hər ailənin də 4-5 nəfərdən ibarət olduğunu bildiriblər.
Qəzalı vəziyyətə düşən evdə hər ailədən 4-5 nəfər yaşayır
“Hamı bir su krantından istifadə etmək məcburiyyətindədir. Mətbəximiz, hamamız demək olar ki, yoxdur. Ayaqyolu tamamilə bərbad gündədir. Kanalizasiyaya çıxışı yoxdur. Quyusu evin düz qabağındadır. Üfunət iyindən işgəncə çəkirik. 13 ailə bir ayaqyolundan istifadə edir”, – deyə Natəvan Abbasova əlavə edib.
Bərdə rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev də sakinlərə baş çəkib. Onların mənzil probleminin həllində köməklik göstərəcəyinə söz verib: “Yayda Bərdə rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev bizi ziyarət etdi. Bildirdi ki, bu işlə məşğul olurlar, tezliklə sizi sevindirərik. Amma hələ sevinə bilmirik. Azərbaycanın gözəlləşdiyi dövrdə Heydər Əliyev adına Muzeyin, Bərdə rayon İcra Hakimiyyətinin, Bərdə rayon Prokurorluğunun yanında bizim yaşadığımız bərbad binanın olması təsəvvürə gəlinəsi deyil”.
Bərbad vəziyyətdə olan 13 ailənin evi
Qəzalı vəziyyətdə olan binanın digər sakini Fəqan Yusifov da yaşadıqları problemləri sadalayıb: “15 ildir ki, burada yaşayırıq. 5 metrliyindən qaz xətti keçsə də, bizdə qaz yoxdur. Evlərimizi odun yandırmaqla qızdırırıq. Yeməyimizi balon qazı ilə bişirirlər. Nə ayaqyolu, nə də normal kanalizasiya var. Hər şey bərbad gündədir”.
Fəqan Yusifov yağış yağanda evlərə damdığını bildirib. Onlar belə olanda yağış suyunu vedrə, vanna qoyaraq toplayırlar.
“Nökərlər evi”nin digər sakinləri vəziyyətin dözülməz olduğunu təsdiq edirlər.
Bina sakini qəzalı vəziyyətdə olan evin divarlarını göstərir
Sakinlərin şikayəti ilə bağlı Bərdə rayon İcra Hakimiyyətinə müraciət etdik. Bərdə rayon İcra Hakimiyyətinin Memarlıq və Tikinti Şöbəsinin aparıcı məsləhətçisi, mühəndis Elçin Qurbanov da binanın qəzalı vəziyyətdə olmasını təsdiq edib. O, bildirib ki, qəzalı vəziyyət barədə FHN-nə məktub da göndərilib. Ancaq sakinlər kimi Bərdə rayon İcra Hakimiyyəti də FHN-nin məzlum vətəndaşları xilas edəcək qərarını gözləyir.