25 Sentyabr 2022

III Çarlz rəsmən Böyük Britaniyanın Kralı elan edilib

Mərhum Kraliça II Elizabetin oğlu III Çarlz sentyabrın 10-da rəsmi olaraq Böyük Britaniyanın Kralı elan edilib.

AZƏRTAC Britaniya mediasına istinadla xəbər verir ki, yeni Baş nazir Elizabet Trassın, maliyyə, xarici və daxili işlər nazirlərinin də daxil olduğu 700 nəfərlik Varislik Şurasının (Məxfi Şuranın genişləndirilmiş heyəti) iclası Londonda yerləşən Sen-Ceyms sarayında yerli vaxtla saat 10:00-da (Bakı vaxtı ilə 13:00) başlayıb.

Mərasim iki hissədən ibarətdir. Əvvəlcə Məxfi Şuranın (monarxın məsləhətçi orqanı) üzvləri varisin iştirakı olmadan bir araya gələrək III Çarlzın taxta çıxdığını elan edib.

Mərasimin ikinci hissəsində yeni Kral şuraya qatılaraq onun iclasına rəhbərlik edəcək. Üç əsrlik ənənəyə görə, monarx əvvəlcə Şotlandiya kilsəsini (1707-ci ildə bağlanmış İngiltərə-Şotlandiya ittifaqının şərtinə əsasən), sonra isə parlamentin iclasında İngiltərə kilsəsini müdafiə edəcəyi ilə bağlı and içəcək.

Daha sonra monarxın qəbul edilməsi ilə əlaqədar Kraliçanın ölümündən sonra yarıya qədər endirilən bayraqlar qaldırılacaq, “Hyde Park” meydanında 41 yaylım atəşi açılacaq. Bir saat sonra III Çarlzın taxta çıxması şəhərdə elan ediləcək və 62 yaylım atəşindən ibarət artilleriya salamı veriləcək. Bir sutka sonra isə bu xəbər Şotlandiya, Uels və Şimali İrlandiyada da elan olunacaq.