08 Sentyabr 2024

İctimai Maraqlar Naminə Vətəndaş Təşəbbüsü İctimai Birliyi yeni layihənin icrasına başlayıb

“Həssas insanların sosial təminat hüquqlarının təşviqi və səmərəli müdafiəsi üçün yerli bacarıqların artırılması” layihəsinin icrasına başlanılıb.

İlkxeber.org xəbər verir ki, İctimai Maraqlar Naminə Vətəndaş Təşəbbüsü İctimai Birliyi aprelin 1-dən “Həssas insanların sosial təminat hüquqlarının təşviqi və səmərəli müdafiəsi üçün yerli bacarıqların artırılması” adlı yeni layihənin icrasına başlayıb.  Bu təşəbbüs Avropa İttifaqı tərəfindən maliyyələşdirilən və BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığı tərəfindən həyata keçirilən “Azərbaycanda Həssas Qrupların Hüquqlarının Müdafiəsi” layihəsi çərçivəsində dəstəklənir.

Yeni layihə ölkənin 5 regionunda (Gəncə, Şəmkir, Zaqatala, Qəbələ və Bərdə) aztəminatlı ailələrin, qadınların, əlilliyi olan şəxslərin və digər həssas qruplardan olan şəxslərin sosial təminat hüquqlarının daha səmərəli şəkildə reallaşdırılmasına töhfə vermək məqsədi daşıyır.

Layihə çərçivəsində sosial təminat sahəsində çoxtərəfli səmərəli və konstruktiv əməkdaşlığın gücləndirilməsi məqsədi ilə bu sahəyə aidiyyəti olan yerli dövlət qurumlarının, həmçinin vətəndaş cəmiyyəti təşkilatları, yerli media nümayəndələri, ictimai fəalların iştirak etdiyi seminarların keçirilməsi nəzərdə tutulur.
Həmçinin həssas insanların bu təşəbbüsdən faydalanması üçün hüquqi maarifləndirmə və informasiya sessiyalarının keçirilməsi, həssas qruplardan olan 300 nəfərə pulsuz hüquqi yardımın göstərilməsi nəzərdə tutulur.

Bundan əlavə, həssas insanların sosial müdafiəsi ilə bağlı məsələlərin mediada daha geniş işıqlandırılması məqsədilə jurnalistlər arasında müsabiqənin keçirilməsi planlaşdırılır.

Layihənin icra müddəti 8 aydır.