29 Mart 2024

İcra-bələdiyyə münasibətləri: mövcud vəziyyət və çıxış yolları (I yazı)

Son vaxtlar icra-bələdiyyə münasibətlərinə həsr etdiyim bir sıra araşdırma yazılarımda bəzi rayon icra hakimiyyətlərinin və onların icra başçılarının bələdiyyələrə qarşı tutduqları mövqe tənqid hədəfimdə olub. Bu gün bəzi siyasi rəhbərlər vəziyyəti elə həddə çatdırıblar ki, bələdiyyə sədri hətta icra başçısını məhkəməyə vermək məcburiyyətində qalıb.

Ancaq etiraf edim ki, həqiqətən bələdiyyələri “gözümçıxdıya” salan, bu qurum təmsilçilərini daim “qapazaltı vəziyyətdə” saxlamağa cəhd edən, bələdiyyələrin dotasiyasına göz dikən icra başçılarıyla yanaşı, icra-bələdiyyə münasibətlərini sivil formada quran icra başçları da va imiş. Təəssüf ki, bu qrupa aid siyasi rəhbərlərin sayı barmaqla sayıla biləcək qədər olsa da, hər halda var.

Normal şəkildə qarşılıqlı əməkdaşlıq münasibətlərinin formalaşdığı rayonlardan bəlkə də birincisi paytaxtın Səbail rayonunu hesab etmək olar. Nəzərə alaq ki, Səbail bələdiyyəsinin üzvlərinə həm də ölkənin birinci şəxsi səs verib. Demək, bu məqam onların həm də məsuliyyət yükünü artırmış olur.

Xeyli vaxtdır müşahidə apardığım Səbail rayonunda RİH və bələdiyyə münasibətləri hazırda təcrübəsi yayıla biləcək səviyyəyə çatıb. Bu gün rayon bələdiyyələrinin gördükləri işlər konkret olaraq elə bələdiyyənin də adına yazılır. Bələdiyyəyə dövlət tərəfindən ayrılan dotasıya elə bələdiyyənin məqsədlərinə, problemlərinin həllinə xərclənir. Üstəlik, bələdiyyələr özləri sərbəst şəkildə vətəndaş qəbulları, səyyar görüşlər keçirir, sakinlərin problemləri dinlənilir və həlli mümkün problemlər öz həllni tapır, bələdiyyədən asılı olmayanların həlli isə daim diqqətdə saxlanılır və həllinə sahə xidmətlərinin cəlb edilməsi təmin edilir. Siyasi rəhbər isə bu işdə sadəcə bələdiyyələrin fəaliyyətinə dəstək verir. Məhz siyasi rəhbərin bu münasibəti nəticə etibariylə bələdiyyələrin rayondakı nüfuzunun, siyasi çəkisinin artmasına öz təsirini göstərmiş olur.

2020-ci ilə qədər fəaliyyəti hiss olumayan, DMSF və digər orqanlara kifayət qədər borcu olan Bibiheybət bələdiyyəsi bu gün fəaliyyətiylə nümunəvi bələdiyyələr sırasına qoşula bilib. Həm əldə edilən maliyyə vəsaiti hesabına borclar silinib, həm də sakinlərin arasında nufuzunu artıra bilib. Sözsüz ki, bu prosesdə əsas yük yeni seçilmiş bələdiyyə sədrinin üzərinə düşüb. Hazırda xanım sədr seçicilərinə verdiyi sözü tutmaqda davam edir.

Əvvəlki illərdən fərqli olaraq Səbail və Badamdar bələdiyyələri də ciddi layihələrin icrasıyla bağlı diqqəti çəkməkdədirlər. Bu rayonda şəhid və qazi ailələrinə göstərilən qayğı və diqqətdə hər iki bələdiyyənin xüsusi yeri və çəkisi danılmazdır. İstər şəhidlərin adlarının əbədiləşdirilməsində, istər şəhid və qazi ailələrinin sosial məişət qayğılarının həllində bu bələdiyyələrin fəaliyyəti xüsusi vurğulanmalıdır.

Təəssüf edirəm ki, Səbail rayonunda formalaşan icra – bələdiyyə münasibətlərindəki müsbət tendensiyanı digər rayonlarda müşahidə etmək mümkün deyildir

Son vaxtlar daim məni bir suala cavab maraqlandırır. Bəzi RİH-lər nədən bələdiyyələrə bu cür ögey münasibət sərgiləməkdədirlər. Siyasi rəhbərlər bu addımlarıyla nə demək istəyirlər. Güman edirəm ki, bu iradımı birbaşa ünvanladığım İsmayıllı RİH oxuyub reaksiya verəcək. Bir müddət öncə yazdığım irada İsmayıllı RİH dərhal reaksiya verərək paylaşdıqları mənasız şəkli dəyişmişdilər. İndisə mətləbə keçim.İsmayıllı RİH başçısı Nahid Bağırov Aşağı Zərnava kəndində səyyar görüş keçirib. Çox yaxşı. Demək RİH məlumat yayıb və bütün iştirakçıları məlumatında qeyd edib. Bu məqamda bir haşiyə çıxım ki, səyyar görüşlərdən paylaşılan məlumatların demək olar ki, hamısının eyni məzmunda olması da təəssüf doğurur. Sadəcə o məlumatlar genis arealda yayılsa da bir kimsənin oxumaması ucbatından o eyniliyə, təkrarçılığa heç kim reaksiya vermir. Nə isə…Təəssüf edirəm ki, RİH-in məlumatında bələdiyyənin adı çəkilmir. Halbuki bələdiyyənin təmsilçisi bu tədbirdə iştiraka dəvət edilib və zalda əyləşib.

Sual olunur, bələdiyyələrin vətəndaşa torpaq satışı ilə bağlı RİH-ə göndərilən müraciətlərinə rəylərin vaxtında verilməməsi, məqsədli şəkildə ləngidilməsi bir yana qalsın, heç olmasa adi məlumatda bələdiyyənin adını yazmağa niyə əziyyət çəkirsiniz. Əgər çəkməyəcəksinizsə, onda niyə dəvət edib birinci çərgədə otuzdurursunuz.

İcra-bələdiyyə münasibətlərinin İsmayıllı rayonunda hansı səviyyədə olmasıyla bağlı onsuzda gündəlik məlumatlar yayılmaqdadır. Və bu yayılan məlumatların bir qismi yalnışlığa söykənsə də, digər bir qismi həqiqətdir və fakta söykənir. Mənə elə gəlir ki, RİH təmsilçiləri icra-bələdiyyə münasibətlərinə yenidən baxmalı və proses tənzimlənməlidir. Belə davam edə bilməz. Ötən illə müqayisədə İsmayıllı bələdiyyələrinin büdcə gəlirlərində azalma müşahidə edilibsə, demək bu məqamda RİH-ində öz günah payı var. Konkret. ***

Bu arada qeyd edim ki, Səbail rayonunda icra-bələdiyyə münasibətlərin qurulması heç də rayonda formalaşan üç bələdiyyəyə asan başa gəlməyib. Yeni seçilən bələdiyyə sədr və üzvlərinin gündəlik fəaliyyəti, sakinlərlə iş aparması və müvafiq qurumlara öz fəaliyyətləri barədə bilgilərin verilməsiylə başa gəlib. Və bu gün münasibətlər məhz öz axarıyla gedir və nəticə etibariylə bələdiyyələrin fəaliyyətinə maneə deyil, RİH əksinə şərait yaradır.

Belə bir vəziyyətdə tövsiyə edərdim ki, diğər rayon icra hakimiyyətləri də Səbail rayonunda formalaşmış bu təcrübədən yararlanaraq öz fəaliyyətlərində istifadə etsinlər.

Vüqar TOFİQLİ “Bələdiyyələrin fəaliyyətinin təbliği” İctimai birliyinin sədri