22 Dekabr 2024

İcra başçısı İctimai şura üzvləri ilə görüşüb

Bərdə rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev ictimai şura üzvləri ilə görüşüb.

Bərdə rayon İcra Hakimiyyəti yanında İctimai şuranın yeni tərkibdə formalaşan heyəti ilə görüşən icra başçısı görüş iştirakçılarını yeni fəaliyyətə başlamaları münasibətilə təbrik edib.

Görüşdə çıxış edən icra başçısı Vidadi İsayev İctimai Şuranın yeni tərkibinin ” İctimai iştirakçılıq haqqında” qanunun tələbləri əsasında formalaşdırıldığını, ictimai şura vasitəsilə vətəndaş cəmiyyəti üzvlərinin idarəetmədə fəal iştirakının təmin olunduğunu bildirərək şura üzvlərinə uğurlar arzulayıb.

Görüşdə ölkəmizdə baş verən ictimai – siyasi proseslər, ölkə başçısının apardığı uğurlu daxili və xarici siyasətdən danışılıb. Qarşıdan gələn seçkilərdə hər bir kəsin, o cümlədən ictimai şura üzvlərinin fəallıq nümayiş etdirməli olduğu müzakirə olunub.

Görüş açıq diskusiya şəraitində olmaqla yüksək əhval-ruhiyyə ilə başa çatıb.