24 Dekabr 2024

ICESCO üzv ölkələrə çağırış edib

İslam Dünyası Elm, Təhsil və Mədəniyyət Təşkilatı 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə yaydığı müraciətdə üzv ölkələri gender bərabərliyi istiqamətində daha çox səy göstərməyə çağırıb.

Təşkilatın baş ofisindən bildiriblər ki, müraciətdə ICESCO tərəfindən ötən ilin “Qadın İli” elan edildiyi və bu çərçivədə bir sıra layihələrin həyata keçirildiyi diqqətə çatdırılıb. Yaxın günlərdə üzv ölkələrin nümayəndələrinin iştirakı ilə təşkil olunacaq konfransda bu tədbirlərin yekununa dair təqdimatın keçiriləcəyinin vurğulandığı müraciətdə qeyd edilib ki, COVID-19 pandemiyasının tüğyan etdiyi son iki il ərzində qadınlar bu qlobal bəla ilə mübarizədə öncül rol oynayıblar.

Müraciətdə deyilir: “ICESCO-ya üzv ölkələrin hökumətlərinin qarşısında duran əsas vəzifələr qadınları iqtisadi və sosial sahələrdə daha fəal iştirakına nail olmaq, onların hüquqlarını daha etibarlı təmin etmək, qız uşaqlarına layiqli təhsil üçün imkanlar yaratmaq və onların erkən nikaha cəlb olunmasının, bəzi cəmiyyətlərdə zərif cinsin nümayəndələrinə qarşı insan ləyaqətinə sığmayan hərəkətlərin qarşısını almaqdan ibarətdir. Bir çox müsəlman dövlətləri bu sahədə uğurlar qazanıb və qadınların cəmiyyətdə rolunu daha da gücləndirib. Bununla yanaşı, gender bərabərliyinin təmin edilməsi istiqamətində daha çox iş görülməlidir”.

AZƏRTAC