15 Oktyabr 2024

ICESCO rəsmiləri Qarabağ xanlarının məzarlarını ziyarət edib

Oktyabrın 8-10-da ICESCO-nun İslam Dünyası İrs Komitəsinin Şuşada keçirilən 12-ci iclasının iştirakçılarna Ağdamdakı İmarət Kompleksində yerləşən Qarabağ xanları Pənahəli xanın və İbrahimxəlil xanın, Qarabağın sonuncu hakimi Mehdiqulu xanın qəbirüstü türbələri, həmçinin Mehdiqulu xanın qızı, şair, rəssam Xurşidbanu Natəvanın, Qarabağ xanlarının nəslindən olmuş digər görkəmli şəxslərin məzarları haqda ətraflı məlumat verilib. İşğal dövründə erməni vandalizminin qurbanı olan qəbiristanlıq, İbrahimxəlil xanın türbəsi və Xurşidbanu Natəvanın dağıdılmış qəbirüstü abidələri göstərilib və İtalyan mütəxəssislər ilə birgə aparılmış bərpa prosesi haqda danışılıb.