06 Fevral 2025

I Qarabağ müharibəsi döyüşçülərinin Cümə məscidində saxlanılan geyimləri Bərdə şəhidlər xiyabanına əmanət edilib

I Qarabağ müharibəsində həyatını itirmiş 4800 şəhidin qanlı paltarı Bərdə şəhidlər xiyabanında torpağa tapşırılıb.

Media1.az xəbər verir ki, Qarabağ müharibəsi zamanı (1992-1994) qəhrəmancasına şəhid olan 4800 igidimiz, yuyulub kəfənlənməsi üçün Bərdə şəhər Cümə məscidinə gətirilmişdir. Şəhidlərimizin kəfənlənməsi zamanı əyinlərindən çıxan qanlı paltarları Bərdə şəhidlər xiyabanının girişində sol tərəfdə basdırılmışdır. Bu gün həmən ərazi şəhid ailələrinin və Bərdə rayonunun axundu Hacı Ramazanın təşəbbüsü ilə tarixi abidəyə çevrilib.

Bu münasibətlə Bərdə şəhidlər xiyabanında şəhid ailələrinin iştirakı ilə mərasim təşkil olunub. Bərdə cümə məscidinin axundu Hacı Ramazan Hüseynov çıxış edərək I Qarabağ müharibəsinin qanlı hadisələrini xatırlayıb. Şəhidlərin qanlı paltarlarının taleyinə aydınlıq gətirib.

Bərdə rayon İcra Hakimiyyəti Vətən Müharibəsi İştirakçıları və Şəhid Ailələri ilə İşin təşkili şöbəsinin müdiri Samir Səfərov, Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin Bərdə rayon şöbəsinin sədri Etibar xanım Hüseynova , millət vəkili Fatma xanım Yıldırımın köməkçisi Fuad Ağayev,  Bərdə Bələdiyyəsinin sədri Sadiq Xəlilov, Bərdə Dövlət İdarəetmə və Texnologiya Kollecinin direktoru Xosrov Musayev, Bərdə Mənzil Kommunal Təsərrüfatı Birliyinin sədri Natiq Hətəmov, Bərdə şəhər 10 saylı uşaq baxçası, körpələr evinin müdirəsi Leyla Məmmədova   və  şəhid valideynləri I Qarabağ müharibəsinin qanlı hadisələrini xatırlamış , canından keçən şəhidlərin ruhunu yad etmişdilər.

Çıxışlar zamanı o da qeyd olunub ki,   burada yaradılacaq xatirə abidəsi itkin düşən şəhidlərin yad olunması üçün yeni bir ünvana, ziyarətgaha çevriləcək.

Media1.az- Musa Muradlı