19 Aprel 2024

Hüquq Müdafiə Təşkilatlarının Monitorinq Qrupunun mətbuat konfransı keçirildi – Fotolar

Noyabrın 16-da Hüquq Müdafiə Təşkilatlarının Monitorinq Qrupunun üzvləri mətbuat konfransı keçiriblər.

Musavat.com xəbər ki, Dilarə Əliyeva adına Qadın Hüquqlarının Müdafiəsi Cəmiyyətinin ofisində keçirilən tədbirdə hüquq müdafiəçiləri Novella Cəfəroğlu, Səidə Qocamanlı, Səadət Bənnanyarlı,  Çingiz Qənizadə iştirak edib.

Tədbirdə ilk öncə Birinci vitse-prezident Mehriban Əliyevanın UNESCO-nin xoşməramlı səfir vəzifəsindən imtina etməsindən söz açılıb. Çingiz Qənizadə qeyd edib ki, Birinci vitse-prezident Mehriban Əliyevanın bu addımı xalq tərəfindən böyük təqdir edilir:

“Mehriban Əliyevanın  UNESCO-ya bu cür etirazını diplomatik etirazın ən sivil forması kimi dəyərləndirir və hesab edirik ki, bu xalqımızın ürəyindən gələn məsələdir, təqdirə layiqdir! Çünki UNİESCO-nun Azərbaycana qarşı münasibəti hər kəsə məlumdur. Dəfələrlə çağırışlar edilməsinə baxmayaraq, qurum işğal edilmiş ərazilərdə dağıdılmış milli-mədəni abidələrimizlə bağlı faktların araşdırılması üçün missiya üzvlərini ölkəmizə göndərməyib,  müxtəlif bəhanələrlə bu məsələdən yayınmağa çalışıb. Bu baxımdan Mehriban Əliyeva əslində bir  vətəndaş mövqeyini nümayiş etdirib”.

Hüquq müdafiəçisi Səidə Qocamanlı isə Fransa senatında qəbul edilən anti-Azərbaycan qətnaməsinə qarşı etiraz bəyanatı ilə çıxış edib:

“Fransa Sentanın məlum bədnam,  beynəlxalq hüquq zidd, anti-Azərbaycan qətnaməsini qətiyyətlə pisləyirik. Bu ölkəmizə qarşı beynəlxalq hüquqlara zidd təzyiqdir. Bununla da Fransa özünün çirkin niyyətini bir daha sübut etmiş oldu”.

Daha sonra isə Hüquq Müdafiə Təşkilatlarının Monitorinq Qrupunun üzvləri ölkə daxilində narahatlıq doğuran məsələləri müzakirə edib.

Hüquq müdafiəçisi Səidə Qocamanlı  qeyd edib ki, qurumu narahat edən məsələlərdən biri ölkədə narkomaniyanın  sürətlə artması və ona qarşı mübarizə ilə bağlı forma və metodların kifayət qədər olmamasıdır:

“Son iki ildə ölkədə narkotik vasitəçilərinin, aludəçilərinin sayının sürətlə artdığını görürük. Ən dəhşətlisi isə budur ki, məktəblərin qarşısında da narkotik alveri ilə məşğul olanlar var.

Bəzən fikirlər səslənir ki, narkotik vasitələrin satışı leqallaşdırılsın. Lakin bunun üçün ekspertlərlə geniş şəkildə müzakirələr aparılmalıdır”.

Hüquq müdafiəçisi Novella Cəfəroğlu isə qeyd etdi ki, onları narahat edən məsələlərdən biri də müəyyən yerlərdə fahişəliklə mübarizənin zəif aparılması ilə bağlıdır:

“Son vaxtlar müəyyən xarici vətəndaşların Azərbaycana gələrək, burada açıq-saçıq əxlaqsızlıqla məşğul olması, onlara bu şəraitin yaradılması, göz yumulması və bu kimi digər hallar da bizi çox narahat edir. Aidiyyəti orqanlar öz işlərinə məsuliyyətlə yanaşmalı, bu cür hallara göz yummamalıdır.

Hesab edirəm ki, bu xoşagəlməz halların arxasında təkcə iqtisadi çətinlik dayanmır, həm də cəmiyyətimizdə getdikcə bəzi mənəvi, əxlaqi dəyələrin sıradan çıxması ilə bağlıdır. Bəzən bəzi televiziya kanallarında aparılan bayağı verilişlər və sairə də öz təsirini göstərir. Ona görə də televiziyalarımız bu gün daha çox milli-mənəvi dəyərlərimizin təbliğ olunması istiqamətində verilişlər təqdim etməlidir”.

Hüquq müdafiəçisi Səadət Bənənyarlı isə ictimai şuraların fəaliyyətsiziliyindən gileylənib:

“Bu gün ölkədə elə QHT rəhbərləri var ki, onlar 8-9 nazirliyin ictimai şuralarında təmsil olunurlar.  Səbəb isə ictimai şuralara seçimlə bağlı qanunvericilikdə boşluqların olması ilə bağlıdır. Bir çoxları da bu boşluqdan istifadə edir. Ona görə də ictimai şuralardakı  vəziyyət biabırçı haldadır. Sanki ictimai şuraların böyük əksəriyyəti həmin qurumların müdafiəçisidir və xalq tərəfindən də səslənən fikir və narazılıqları qurum rəhbərliyinə çatdırmaqda maraqlı deyillər. Biz bunu pisləyir və hesab edirik ki, ictimai şuralarla bağlı,  xüsusən də onun seçim məsələsi haqda qanunda dəyişiklik olmalıdır.  Şəxslərin öz peşəsinə, savadına uyğun olmayan ictimai şuralarda təmsil olunmasını qətiyyətlə pisləyirik”.

Sədat Bənəyarlı da qeyd etdi ki, əslində İctimai Şuralar vətəndaş cəmiyyətində vətəndaşla aidiyyəti qurumun rəhbərliyi  arasında körpü rolunu oynayır. Çox təəssüf ki, hazırda ictimai şuraların əksəriyyəti bu rolunu yerinə yetirmir:

“Bu şuralar demək olar ki, fəaliyyətsizdirlər. Araşdırma aparanda da görürük ki, onların regionlarda işi tam sıfıra bərabərdir. Bundan bəzi məmurlar da istifadə edir. Pandemiya dövründə məlum səbəbdən qəbullar yığışdırılmışdı. Daha sonra məmurlar qəbulları bərpa etmədilər və hazırda da qəbul keçirməkdə maraqlı deyillər. Bəzi məmurlar isə qəbulları yalnız regionlarda keçirir. Şəxsən biz hansısa nazirin qəbuluna düşə bilmirik, müraciətlərimiz də cavab sız qalır”.

Xalidə Gəray
Fotolar müəllifindir
Musavat.com