Heydər Əliyevin xarici siyasət strategiyası

Deyirlər ki, tarix şəxsiyyəti yaradır, böyük şəxsiyyətlər isə öz əməlləri ilə tarix yazır. Ulu Öndər Heydər Əliyevin Azərbaycanın yeni tarixində yeri, gördüyü işlərin mahiyyəti zaman ötdükcə daha dərindən dərk edilən dövlətçilik salnaməsidir. Azərbaycan xalqının Ümummilli Lideri, dünya səviyyəli siyasi xadim Heydər Əliyev çoxəsrlik dövlətçilik tariximizdə yeni parlaq səhifə açan nadir, bənzərsiz şəxsiyyətdir.
1993-cü ildə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə gəlməsi nəticəsində ölkə həyatının digər sahələrində olduğu kimi, xarici siyasət sahəsində də əhəmiyyətli dəyişikliklər baş vermişdir. Belə ki, Azərbaycanın dövlət müstəqilliyinin bərpasından sonra ölkənin qarşısında duran mühüm vəzifələrdən biri də milli mənafelərə əsaslanan xarici siyasət kursunun müəyyən edilərək həyata keçirilməsi idi.
Ümummilli Lider Heydər Əliyev demişdir: “Azərbaycan öz coğrafi vəziyyətinə əsasən Qərb sivilizasiyası ilə Şərq sivilizasiyasını həm coğrafi, həm də məzmun, mənəvi nöqteyi-nəzərdən birləşdirən bir ölkədir. Biz bu tarixi missiyamızı da çox yüksək qiymətləndiririk. Şərq və Qərbi, Avropa ilə Asiyanı, xristian aləmi ilə İslam aləmini birləşdirən Azərbaycan müstəqil dövlətdir və bundan sonra da müstəqil dövlət kimi yaşayacaqdır”.
Dünyada və regionda baş verən siyasi hadisə və prosesləri dərindən və hərtərəfli təhlil edərək, Ulu Öndər Heydər Əliyev ilk növbədə Azərbaycanın beynəlxalq təşkilatlarda təmsil olunmasına nail oldu. Dünyanın ən nüfuzlu və universal təşkilatı olmasını nəzərə alaraq Heydər Əliyev BMT-Azərbaycan əlaqələrinin inkişafına, Azərbaycan Respublikasının siyasi və hərbi təhlükəsizliyini təmin etmək məqsədilə isə müasir dünyanın ən güclü və nüfuzlu hərbi-siyasi təşkilatı olan NATO ilə əməkdaşlığa önəm verirdi. Bu uzaqgörən və ardıcıl siyasətin nəticəsində BMT Təhlükəsizlik Şurasının Ermənistanın Azərbaycan ərazilərini işğal etməsi ilə əlaqədar dörd qətnamə qəbul edilmiş, daha sonra isə həmin BMT Baş Assambleyasının 65-ci sessiyasında “İşğal olunmuş ərazilərdə vəziyyətə dair” məsələ müzakirə olunmuş və müvafiq qətnamə qəbul edilmişdir.
Ümummilli Lider Heydər Əliyev bəyan edirdi ki, Azərbaycanın xarici siyasəti sülhsevər siyasətdir, dünyanın bütün ölkələri ilə qarşılıqlı surətdə faydalı əlaqələr saxlamaq, sülhü, əmin-amanlığı qorumaq, qonşularla mehribanlıq, əmin-amanlıq, sülh şəraitində yaşamaq, bütün başqa ölkələrlə də mehriban əlaqələr yaratmaq və bütün sahələrdə geniş əməkdaşlıq etmək siyasətidir. Azərbaycan Respublikasının əlverişli geosiyasi və coğrafi məkanda yerləşməsini, Şərqlə Qərb, Şimalla Cənub arasında təbii körpü rolunu oynamasını, zəngin təbii sərvətlərə, karbohidrogen ehtiyatlarına malik olmasını nəzərə alaraq, Heydər Əliyev neft-qaz və nəqliyyat kommunikasiya layihələrinin işlənib hazırlanmasına və praktik olaraq həyata keçirilməsinə xüsusi əhəmiyyət vermişdir. 1994-cü ildə çox böyük maneə və çətinliklərə baxmayaraq “Əsrin müqaviləsi” adlanan böyük neft müqaviləsinin bağlanması bu istiqamətdə ilk addım olmuşdur.
Tarixi təcrübə göstərdi ki, Ulu Öndərin uğurlu neft strategiyası ölkəmizin iqtisadi inkişafı ilə bərabər onun beynəlxalq imicinin və nüfuzunun artmasına da səbəb olmuşdur. Heydər Əliyevin yeni neft strategiyası nəticəsində bu gün Azərbaycan Respublikası regionun ən dinamik inkişaf edən, iqtisadi cəhətdən özünü tam təmin edən, heç bir ölkədən asılı olmayan və eyni zamanda tam müstəqil siyasət yeridən bir ölkəyə çevrilmişdir.
Canpolad Yusifov
YAP Ağstafa rayon təşkilatının sədr müavini