29 Mart 2024

Heydər Əliyevin keçdiyi böyük, mənalı və şərəfli həyat yolu zaman və məkan anlayışına sığmır

Bəşəri kamilləşmənin ən yüksək zirvəsini fəth etmiş Ümummill Liderimiz Heydər Əliyev müasir dünya tarixinə, parlaq və silinməz iz qoymuş böyük şəxsiyyət, qeyri-adi zəka və fitri istedad sahibi, müdrik dövlət xadimi və beynəlxalq siyasət korifeyi kimi düşmüşdür. Müstəqil Azərbaycan dövlətinin memarı, Ulu Öndər Heydər Əliyevin zəngin dövlətçilik irsi və əbədiyaşar ideyaları daim xalqımızın firavan həyatının təmin olunmasına, dövlətimizin güclənməsinə və qüdrətlənməsinə misilsiz töhfələr vermişdir. 

Azərbaycanın demokratik və bəşəri dəyərlərə sadiq müstəqil bir dövlət kimi formalaşması ümummilli lider Heydər Əliyevin uğurlu siyasi fəaliyyətinin bəhrəsidir. Ulu Öndər Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsini, xalqın birliyinin təmin olunmasını, ictimai-siyasi sabitlik və iqtisadi dirçəliş üçün zəmin yaradılmasını özünün dövlətçilik strategiyasının əsas istiqamətləri kimi müəyyənləşdirmişdir. Milyonların sevimlisi olan Heydər Əliyev bütün ömrünü xalqa xidmətə həsr etmiş, müasir Azərbaycan dövlətinin xilaskarı, memarı və qurucusu kimi tarixə düşmüşdür.

Müstəqillik ideyasının əsasında duran vacib hərəkətverici qüvvələrdən biri də milli ideologiya amilidir. Bu gün bütün dünya azərbaycanlıları üçün vahid birləşdirici faktor olan azərbaycançılıq ideologiyasının əsasını qoymaqla, ulu öndər milli-mənəvi dəyərlər sistemimizi daha da gücləndirmiş, itirilməkdən xilas etmişdir. Milli-mənəvi dəyərlərimizə qayıdışın və milli oyanışın xalqımız üçün gərəkliliyini nəzərə alan, hər zaman bu məsələni diqqət mərkəzində saxlayan ümummilli lider Heydər Əliyev bu sahədə inqilabi addımların atılmasına zəmin yaratmışdır. Ulu öndər milli-mənəvi dəyərlərimizi təkcə milli varlığımızın deyil, həm də dövlət quruculuğu prosesinin mühüm atributu hesab edirdi. Mənsub olduğu xalqın tarixi keçmişinə, mənəvi irsinə və milli dəyərlər sisteminə ən yüksək dəyər verən ulu öndər deyirdi: “Hər xalqın özünə, öz tarixi köklərinə, əcdadları tərəfindən yaradılmış milli-mənəvi dəyərlərinə bağlılığı böyük amildir. Biz də indi dünyanın mütərəqqi mənəvi dəyərlərindən istifadə edərək, xalqımızın mədəni səviyyəsini daha da inkişaf etdirərək, gənc nəsli daha da sağlam əhvali-ruhiyyədə, saf əxlaqi əhvali-ruhiyyədə tərbiyələndirməliyik”.

Heydər Əliyevin azərbaycançılıq konsepsiyasında tarixiliklə müasirliyin nəzəri vəhdəti əsas yer tutur ki, bu da həmin təlimin gələcəyə yönəlməsini təmin edir. Onun dünya azərbaycanlılarının birinci qurultayındakı nitqi (10 noyabr 2001-ci il) azərbaycançılığın tarixi proqram sənədidir. Buradakı əsas müddəalara nəzər salaq: “Azərbaycan dövlət müstəqilliyini əldə edəndən sonra azərbaycançılıq aparıcı ideya kimi həm Azərbaycanda, həm də bütün dünyada yaşayan azərbaycanlılar üçün əsas ideya olubdur. Biz həmişə bu ideya ətrafında birləşməliyik. Azərbaycançılıq öz milli mənsubiyyətini qoruyub saxlamaq, milli-mənəvi dəyərlərini qoruyub saxlamaq, eyni zamanda, onların ümumbəşəri dəyərlərlə sintezindən, inteqrasiyasından bəhrələnmək və hər bir insanın inkişafının təmin olunması deməkdir”.

“Azərbaycan mənim ürəyimdir, nəfəsimdir” – deyən, Ulu Öndərimiz millətimizin və dövlətimizin əbədiyaşarlığı üçün əvəzsiz bir siyasi xətt, ideoloji baza miras qoydu. Heydər Əliyevin həyat və fəaliyyəti böyük bir məktəbdir və daim öyrənilməkdədir. Cəmiyyətə xidmət nümunəsi olan bu böyük şəxsiyyət həmişə xalqa arxalanır və deyirdi: “Xalq mənim dayağım, gücüm və inamımdır”. Xalq yolunda canını fəda etmiş, bütün həyatı boyu Vətənini və millətini düşünmüş Ümummilli Liderimizin ideyaları daim yaşayacaq.

Aytən Məmmədli

YAP Ağstafa rayon təşkilatının məsləhətçisi