Heydər Əliyev ziyalıları daimi diqqətində saxlayıb
Ulu Öndər həmişə tanınmış elm xadimləri, ziyalıların fəaliyyəti ilə yaxından maraqlanır, onların problemlərinin həllində şəxsən iştirak edərdi. Onun tapşırıqlarına uyğun olaraq görkəmli Azərbaycan alimləri, şair və yazıçıları, ziyalılarının yubileyləri təşkil edilib, abidələri ucaldılıb və digər işlər görülüb.
Ulu Öndərin əsas strateji xəttinin əbədiyaşar olmasının səbəblərindən biri də dünya azərbaycanlılarının birliyini təmin edə biləcək ən mühüm və təsirli vasitə vahid ideologiyanın olmasıdır. Bunu çox gözəl anlayan ulu öndər Heydər Əliyev xalqı bir ideya, bir məqsəd ətrafında birləşdirmək üçün məhz “Azərbaycançılıq” ideologiyasını seçmişdi. İdeologiya xalqın milli-mənəvi varlığının ilkin əlamətlərindən olub, xalqın kimliyini əks etdirən təfəkkür, adət və inanclar sistemidir. Dil, ərazi, din və ideoloji birlik xalqın, millətin və dövlətin tarixi varlığının əsas atributlarıdır.
Heydər Əliyev həmişə çıxışlarında yazıçı və şairlərimizin, alimlərimizin, mədəniyyət xadimlərimizin böyük potensiala malik olduğunu bildirmiş, Azərbaycan xalqının təhsillənməsində, biliklənməsində, elm və mədəniyyətimizin, mənəviyyatımızın inkişafında böyük rolu olduğunu bildirmişdir. İftixar hissi ilə demək olar ki, Heydər Əliyev respublikaya rəhbərlik etdiyi 34 illik dövrdə böyük təşkilatçılıq, nəhəng quruculuq işləri ilə yanaşı, zəngin elmi-nəzəri, mənəvi bir irs yaratmışdır. Bu irs qiymətli mənəvi sərvət kimi elmimizin və mədəniyyətimizin “qızıl fondu” na daxil edilmişdir.
Tağı İmamverdiyev
YAP Ağstafa rayon təşkilatının məsləhətçisi