21 Noyabr 2024

“Heydər Əliyev və mədəniyyətimiz” bilik yarışmasının final mərhələsi keçirilib

Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü münasibəti ilə Bərdə Regional Mədəniyyət İdarəsinin əhatə etdiyi rayon və şəhərlərdə (Bərdə, Tərtər, Yevlax, Mingəçevir) yerləşən tam orta məktəblərin şagirdləri arasında keçirilən “Heydər Əliyev və mədəniyyətimiz” adlı bilik yarışmasına yekun vurulub. Bərdə Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı, Qarabağ Regional və Mərkəzi Aran Regional Təhsil İdarələrinin iştirakı ilə keçirilən müsabiqənin məqsədi Ulu Öndər Heydər Əliyev irsinin öyrənilməsi, təbliği, milli-mənəvi dəyərlərimizin gələcək nəsillərə aşılanmasıdır.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, final yarış torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin və Ulu Öndər Heydər Əliyevin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb. Bərdə Regional Mədəniyyət İdarəsinin rəisi Səxavət Məmmədov çıxış edərək, Ümummilli Lider Heydər Əliyevin çoxşaxəli fəaliyyətindən, Azərbaycanın inkişafı və milli dövlətçiliyin gücləndirilməsi istiqamətində misilsiz tarixi xidmətlərindən, böyük xilaskarlıq missiyasından danışıb. Bildirib ki, Ulu Öndər Heydər Əliyev irsi və siyasəti hazırda onun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Final mərhələsində hər şəhər və ya rayon üzrə qalib komandalar iştirak edib. Final mərhələsinin birinci turunda Bərdə rayonunun “Zəfər lideri”, Tərtər rayonunun “Volunteers” komandası, ikinci turda isə Mingəçevir şəhərinin “Zəfər” və Yevlax şəhərinin “Şuşa” komandası iştirak edib. Birinci turun qalibi olan Bərdənin “Zəfər lideri” komandası və ikinci turun qalibi olan Mingəçevirin “Zəfər” komandası final mərhələsinin üçüncü turunda yarışıblar. Bərdə rayonunu təmsil edən “Zəfər lideri” komandası yarışmanın qalibi olub.

Yarışda qalib gəlmiş komanda Regional İdarə tərəfindən Heydər Əliyevin 100 illik yubileyi münasibətilə hazırlanmış xüsusi kubok və fəxri fərmanla təltif olunub. Digər komandalara isə Regional İdarə tərəfindən yarışda iştirak etdiklərinə görə təşəkkürnamə təqdim edilib.