Heydər Əliyev və dövlətçilik irsi
Azərbaycan xalqının mənafeyini düşünən Heydər Əliyev azərbaycanlı olması ilə daim fəxr edirdi.
Azərbaycan xalqı uzunsürən əsrlərdən bəri qəhrəman , siyasi biliyə malik oğulların sayəsində tarixə imzasın qoymuş, digər xalqlar kimi dövlətin qurmağı bacarmışdır. Bu gün də babalarımızdan bizə miras qalan müstəqil dövlətçiliyimiz həmin ənənələrin davamı kimi yaşamaqdadır. Sirr deyil ki, dövlətçiliyin bərqərar olması dərin zəkaya malik, cəsur sərkərdələrin qətiyyəti sayəsində baş tutur.
Xalqımızın tarixinə nəzər salanda görürük ki, coğrafi mövqeyinə görə yaşadığımız ərazidə dövlət qurmaq , onu qoruyub saxlamaq heç də asan məsələ deyil. Qonşu sarıdan bəxtimiz gətirmədiyindən dövlət quruculuğu məsələlərinə sadə yanaşmaq o qədər də doğru olmazdı. Şimaldan, cənubdan mövcud təhdidlər, Ermənistanın xain mövqeyi daim bizi müstəqil dövlət olaraq varlığımızı təhlükə altında qoyub. Ancaq bir tərəfdən qonşular sarıdan bəxtimiz gətirməsə də digər mənada şanslı olmuşuq. Ümummilli lider Heydər Əliyev kimi dahi şəxsiyyətin mövcudluğu tanrının bir lütfü olaraq bizə xoşbəxtlik bəxş etmişdir.
100 il öncə Naxçıvanda dünyaya gələn Heydər Əliyev xalqımızın ümummilli liderinə çevrilib. Ən doğru , sözün əsl mənasında xilaskarı oldu.Zamanın ən sərt sınaqlarından üzüağ,alnıaçıq çaxaraq xalqımızı da bu günkü günlərə gətirib çıxara bilmişdir.
Ümummilli lider Heydər Əliyev zəngin dövlətçilik irsi yarada bilmiş, Azad Azərbaycan dövlətinin müstəqilliyinin qazanılması və qorunmasında misilsiz xidmətləri olmuşdur. Qədrbilən xalqımız böyük şəxsiyyətin xatirəsini daim uca tutur, tarix nə qədər ki var, bu belə də davam edəcək.Möhtərəm prezidentimiz cənab İlham Əliyevin 2023-cü ili Heydər Əliyev ili elan etməsi ümumxalq sevincinə səbəb oldu. İndi respublikamızın hər yerində ümummilli liderin 100 illiyinə həsr olunan konfranslar təşkil olunur. Əbədiyaşar şəxsiyyətin keçdiyi yol, siyasi fəaliyyəti, dövlətçilik təcrübəsi hərtərəfli müzakirə olunur.
Heydər Əliyev və dövlətçilik irsi
Azərbaycan tarixində İki əsrin 30 ildən artıq bir dövrü respublikamıza rəhbərlik etmiş Heydər Əliyevin adı ilə bağlıdır.Dövlətçilik salnaməsinə qızıl hərflərlə yazılan bu tarixdə Ümummilli lider Heydər Əliyev elə bir irs yaratmışdır ki, onun öyrənilməsinə, təbliğinə və tətbiqinə hələ uzun illər böyük ehtiyac olacaqdır və bu irsin öyrənilməsi heç zaman tükənməyəcəkdir.
Tam əminliklə söyləmək olar ki, Heydər Əliyev qədər xalqını sevən lider bəlkə də çox az olub. Hər zaman Azərbaycan xalqının mənafeyini düşünən Heydər Əliyev azərbaycanlı olması ilə fəxr edirdi. Dahi rəhbərin “Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam” müdrik kəlamı milli mənsubiyyətinə bağlığın, sevginin təzahürü olmuşdur.
Təsadüfi deyil ki, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin 29 sentyabr 2022-ci il tarixli Sərəncamı ilə Ümummilli liderin 100 illiyi ilə əlaqədar olaraq 2023-cü ilin “Heydər Əliyev İli” elan olunması və dövlət səviyyəsində qeyd olunması, onun zəngin irsinin təbliği qərara alınmışdır. “Heydər Əliyev İli”çərçivəsində ümummilli liderin zəngin ictimai-siyasi fəaliyyətinin hərtərəfli öyrənilməsi və təbliği məqsədilə bütün bölgələrdə, idarə və müəssisələrdə, təhsil ocaqlarında yığıncaqlar, konfranslar, digər kütləvi tədbirlər keçirilir.
Ümummilli liderimizin şəxsi həyatına , onun fəaliyyət dövrünə nəzər salanda görürük ki, xalqımızın böyük oğlu Heydər Əliyev həmişə Azərbaycan vətəndaşlarının, azərbaycanlı soydaşlarımızın sovet rejiminin, anti milli ünsürlərin təqiblərindən qorunmasına çalışmış və bu fəaliyyətini cani dildən yerinə yetirmişdir. Heydər Əliyev hələ gənc yaşlarında təhlükəsizlik orqanlarında xidmətə başlayandan belə Azərbaycan xalqına xidməti özünün müqəddəs vəzifəsi hesab etmişdir. 1969-1982-ci illərdəki əvəzsiz xidmətlərinə nəzər salanda bir daha aydın olur ki, Heydər Əliyev hələ o dövrdə respublikaya rəhbərlik etdiyi vaxtlarda ölkəmizdə qanunçuluğun və hüquq qaydasının möhkəmləndirilməsinə, strateji əhəmiyyətli sənaye və istehsal müəssisələrinin inşasına nail olmaqla Azərbaycanın iqtisadi inkişaf göstəricilərinə görə keçmiş İttifaq miqyasında ilk yerlərdən birini tutmasını təmin etmiş, müstəqilliyimizə zəmin yaradan uzaqgörən və müdrik addımlar atmışdır.
Azərbaycan indi dünyada nüfuzlu , mötəbər dövlətlərdən birinə çevrilib. Heç şübhəsiz ki, bu günkü nailiyyətlərimiz ümummilli liderin müəyyən etdiyi uzunmüddətli strategiyanın düzgün müəyyən olunması , layiqli varisin bu strategiyanı uğurla davam etdirməsi sayəsində mümkün olmuşdur. Ümummilli liderin 1992-1993-cü illər ölkəmizdə yaranan siyasi böhranlı şəraitdən, ölkəmizi parçalanmaq və məhv olmaq təhlükəsindən xilas etməsi tarixin unudulmayan səhifəsinə çevrilmişdir. Ardınca Azərbaycanın “əsrin müqaviləsini” imzalaması , layihələrin icrasını təmin etmək məqsədilə ABƏŞ-in təsis olunması, Beynəlxalq neft konsorsiumunun fəaliyyətə başlaması böyük tarixi hadisə olaraq dünyanın ən təcrübəli siyasətçiləri tərəfindən belə yüksək qiymətləndirilir. Hansı ki, həmin dövrdə böyük güclərin ciddi-cəhdlə bu planları əngəlləmək cəhdləri unudulmamalıdır. Belə bir ciddi tarixi hadisənin reallığa çevrilməsi ancaq Ümummilli lider Heydər Əliyevin qətiyyəti, dərin ağılının vəhdəti sayəsində mümkün ola bilərdi. Böyük qlobal layihələrin bu sayaq həqiqətə çevrilməsi isə unudulmaz şəxsiyyət Heydər Əliyevin nüfuzu sayəsində mümkün olmuşdur.
1994-1995-ci illərdə ard-arda baş verən dövlət çevrilişinə cəhd hadisələri də Azərbaycanı müstəqil siyasətdən çəkindirməyə, onun neft strategiyasını dəyişməyə məcbur etmək məqsədi güdsə də ümummilli liderin iradəsi bütün təxribatları heçə endirmiş oldu. Azərbaycan uzun, incə yolda irəliləməyə davam etdi. Hüquq-mühafizə orqanları tərəfindən müvəffəqiyyətlə həyata keçirilən qəti tədbirlər nəticəsində cəmiyyətdə hökm sürən hərc-mərcliyə və özbaşınalığa birdəfəlik son qoyuldu.
Müstəqilliyin qorunması onun əldə edilməsindən qat-qat çətin olduğunu deyən dahi rəhbər Heydər Əliyev bu ağır vəzifənin öhdəsindən layiqincə gəldi.
Zəngin dövlətçilik təcrübəsinə malik olan böyük strateq Heydər Əliyev isə hüquqi dövlətin Azərbaycan modelini ilk milli Konstitusiyanı yaratmaqla gerçəkləşdirdi.
Mükəmməl Konstitusiyanın hazırlanması ümummilli lider Heydər Əliyevin bilavsitə rəhbərliyi ilə hazırlanmış, ölkəmizdə konstitusion hüquqi dövlətin qurulması strategiyası müəyyən edilmişdir. Xalqına sevgi ilə bağlı olan ümummilli lider daim istəmişdir ki, onun soydaşları dünyada ən yaxşı qanunlarla yaşamış olsun, azad və demokratik cəmiyyətin bir parçasına çevrilsinlər. Bu amallar sayəsində Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində mütəmadi olaraq islahatlar aparılmış və bu gün də davam etdirilməkdədir.
“Konstitusiya yaratmaq üçün şübhəsiz ki, tarixi keçmişimizə nəzər salmalıyıq, amma eyni zamanda ümumbəşəri dəyərlərdən, dünyanın demokratik dövlətlərinin əldə etdiyi nailiyyətlərdən, təcrübədən istifadə etməliyik, bəhrələnməliyik” – deyən ulu öndər Heydər Əliyev konstitusiyaçı alim kimi bu sahədə bütün problemləri öyrənərək və görkəmli filosoflarının elmi irsinə mükəmməl yiyələnərək Azərbaycan Respublikasının ilk milli Konstitusiyasını yaratdı.
Həqiqətən də, bu sənəd dünyada nadir konstitusiyalardandır ki, burada demokratik hüquqi dövlətin bütün prinsipləri – qanunun aliliyi, insan hüquqlarının müdafiəsi, hakimiyyət bölgüsü, konstitusiya nəzarəti prinsipləri təsbit olunmuş, insan haqlarının təmini dövlətin ali məqsədi kimi bəyan edilmiş, Konstitusiyamızın üçdə bir hissəsi məhz bu məsələyə həsr edilmişdir.
İlk dəfə olaraq Konstitusiyamızda fransız siyasi mütəfəkkiri Mönteskyonun irəli sürdüyü və demokratik hüquqi dövlətlərin inkişafında böyük rol oynamış hakimiyyət bölgüsü prinsipi təsbit olundu.
Bu yeni, mütərəqqi Konstitusiyamıza əsaslanaraq mükəmməl hüquq sistemi formalaşdırmaq üçün ulu öndər qabaqcıl beynəlxalq təcrübəni, ümumbəşəri demokratik prinsipləri rəhbər tutmaqla, Azərbaycan xalqının dövlətçilik tarixi və ənənələri əsasında islahatlar aparmağa başladı və bu məqsədlə 1996-cı ildə Hüquqi İslahat Komissiyası yaratdı.
Qeyd olunmalıdır ki, həmin dövrdə ölkəmizdə müxtəlif sahələr üzrə islahat komissiyaları yaradılsa da, hüquqi dövlət quruculuğuna və hüquq sisteminin islahatına müstəsna əhəmiyyət verən ümummilli liderimiz Hüquqi İslahat Komissiyasına rəhbərliyi bilavasitə öz üzərinə götürdü və islahatlara şəxsən rəhbərlik etdi.
Gərgin fəaliyyət nəticəsində “Konstitusiya Məhkəməsi haqqında”, “Məhkəmələr və hakimlər haqqında”, “Prokurorluq haqqında”, “Polis haqqında”, “Əməliyyat-axtarış fəaliyyəti haqqında” və hüquq sisteminin mahiyyətini müəyyən edən digər qanun və bütün əsas məcəllələrin layihələri hazırlandı və nüfuzlu beynəlxalq qurumlarda ciddi ekspertizadan sonra qəbul edildi.
Dövlətimizin insan hüquqları sahəsində atdığı ən mühüm addımlarından biri, şübhəsiz ki, ölüm cəzasının ləğvi olmuşdur. 1993-cü ildən ölüm cəzasının icrasına veto qoyulması, 1998-ci ildə isə Şərqdə ilk dəfə olaraq Azərbaycanda bu cəza növünün tamamilə ləğv edilməsi ulu öndər Heydər Əliyevin böyük qəlb və mənəviyyat sahibi olduğunu, şəxsiyyətcə böyüklüyünü bir daha təsdiqləyir.
Ədliyyə sahəsində aparılan islahatların nəticəsi olaraq Ədliyyə Nazirliyinin cəmiyyətdə rolu və nüfuzu xeyli artdı və o, hüquq siyasətini həyata keçirən əsas orqanlardan birinə çevrildi.
Ümummilli liderimiz Heydər Əliyev tərəfindən ədliyyə işçilərinin peşə bayramı gününün təsis olunması da dahi rəhbərimizin Azərbaycan ədliyyəsinə xüsusi diqqət və qayğısının bariz təzahürü olmuşdur.
Məhz ümummilli liderimizin başladığı köklü islahatların nəticəsidir ki, müasir Azərbaycan ədliyyəsinin inkişafı davamlı prosesə çevrilmiş, onun təməlini qoyduğu hüquqi islahatlar bu gün ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə uğurla həyata keçirilir.
Əhmədov Mübariz Tahir oğlu- Qax rayon notarius ofisinin notariusu