Heydər Əliyev misilsiz xidmətləri ilə Azərbaycan xalqının qəlbində özünün abidəsini ucaldıb
Müstəqilliyinin bərpasının ilk illərində parçalanmaq, müstəmləkəyə çevrilmək təhlükəsini yaşayan Azərbaycan məhz Vətənini, xalqını canından artıq sevən, müdrik siyasi xadim Heydər Əliyevin düşünülmüş və məqsədyönlü siyasəti nəticəsində böhrandan xilas olmuş, inkişaf və tərəqqi yoluna çıxmışdır. 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan Ümummilli Lider müasir müstəqil Azərbaycan dövlətini qurub yaratmaqla tarix yazmışdır. Yüksək vətənpərvərlik və milli təəssübkeşlik hissinə malik olan vətəndaş, tarixi şəxsiyyət və Ümummilli Lider Heydər Əliyev cəmiyyətdə özünəinam hissini, ölkəmizdə sabitlik və firavanlığı təmin etmişdir.
Ulu Öndərin Azərbaycan xalqı və dövləti qarşısındakı əvəzedilməz xidmətləri onun fəaliyyətinin bütün mərhələlərini əhatə edir, Ümummilli Liderin həm SSRİ dövründə, həm də müstəqillik illərində ölkəmizə rəhbərlik etdiyi dönəmdə görülən işlər respublikamızın qüdrətinin artmasına, Azərbaycanın tarixi nailiyyətlər qazanmasına xidmət etmişdir. Azərbaycanda uğurlu dövlət quruculuğu həyata keçirilmiş, bütün sahələrdə köklü islahatlar aparılmış, beynəlxalq əlaqələri inkişaf etdirilmiş, dövlətimizin dünyada mövqeyi möhkəmlənmişdir.
1993-2003-cü illəri çağdaş tarixinə sabitlik, dirçəliş dövrü kimi yazan Azərbaycan Heydər Əliyevin düşünülmüş və məqsədyönlü siyasəti nəticəsində inkişaf edərək qüdrətli dövlətə, dünyada söz sahibinə çevrilib. Vaxtilə xəyal hesab edilən transmilli enerji və nəqliyyat layihələri uğurla reallaşdırılır. Azərbaycanın iqtisadi müstəqilliyinin təmin edilməsi siyasi mövqeyinin möhkəmlənməsində əhəmiyyətli rol oynayır. Azərbaycan yeni dostlar, tərəfdaşlar qazanaraq beynəlxalq münasibətlər sistemində yerini və rolunu daha da gücləndirir. Dövləti, xalqı qarşısında misilsiz xidmətlər göstərmiş Ulu Öndər Heydər Əliyevin dünənimizin, bu günümüzün və sabahımızın əsası kimi dəyərləndirilən ideyaları yaşayır, yolumuzu daim işıqlandırır, yeni-yeni hədəfləri şərtləndirir. Ümummilli Liderin ruhu şaddır. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qüdrətli Azərbaycan Ordusu 30 illik işğala son qoydu, ərazi bütövlüyümüzü və tarixi ədaləti bərpa etdi. Möhtəşəm Qələbəmizin sevincini və yaratdığı reallıqları yaşayırıq.
Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə 2023-cü il ölkəmizdə “Heydər Əliyev İli” elan olunub. Ulu öndər Heydər Əliyev misilsiz xidmətləri ilə Azərbaycan xalqının qəlbində özünün abidəsini ucaldıb. Tarixi təcrübə göstərir ki, xalqların rifahını, dövlətlərin isə yüksəlişini, intibahını və inkişafını təmin edən amillər sırasında lider fenomeni və ya liderlik faktoru xüsusi yer tutur. Analitiklər, tədqiqatçılar liderləri adətən tarixi şəxsiyyət kimi təsvir və təqdim edir. Amma yüksək idarəetmə mədəniyyətinə və qabiliyyətinə, zəngin dövlətçilik təcrübəsinə, vətənpərvərlik ruhuna və Vətən sevgisinə malik olan, xalqın dəstəyinə arxalanan alan liderlər yeni tarix yazır və yaradır və tarixə çevrilirlər – ictimai-siyasi yaddaşa əbədi həkk olunurlar. Eynilə Azərbaycan xalqının ümummilli lideri, müdrik dövlət xadimi Heydər Əliyev kimi.
Yunis Eyyubov
YAP Ağstafa rayon təşkilatının məsləhətçisi