Heydər Əliyev 100 yaşında: YUBİLEYDƏN GƏLƏCƏYƏ BAXIŞ
“O gün mənə, bax, bu meydandan Şuşanın azadlığı ilə bağlı hərbi raport veriləndən sonra, bu binanın üstünə Bayrağımız qaldırılandan sonra atamın məzarını ziyarət etdim və ürəyimdə dedim ki, “Tapşırıq yerinə yetirildi. Məruzə edir Ali Baş Komandan İlham Əliyev!”.
Bu sözləri prezident, Ali Baş Komandan İlham Əliyev bu gün Şuşadan Ulu Öndər Heydər Əliyevin doğumununun 100 illiyi münasibəti ilə xalqa etdiyi müraciətində deyib.
Məlum, 2023-cü il ölkəmizdə “Heydər Əliyev ili” elan olunub və bundan irəli gələrək respublikamızda çox sayda rəsmi, siyasi, elmi, mədəni-kütləvi tədbir keçirilib.
Heydər Əliyev günə, ilə, əsrə, zamana sığmayan tarixi şəxsiyyətdir.
Heydər Əliyev məkanın fiziki ölçülərinə, qəliblərinə, açıq desək, Azərbaycan Respublikasının hüdudlarına da sığmayan tarixi şəxsiyyətdir.
Heydər Əliyevin Azərbaycana xidmətləri bioqrafiyası, ölkəmizdə birinci və ikinci dönəm rəhbərliyi, liderlik xüsusiyyətləri hər nə qədər araşdırılsa, incələnsə belə, bir tədqiqata, cild- cild kitaba sığmayacaq. Bu, qətiyyən mübaliğə deyil.
Fəqət bundan sonrakı bütün araşdırmaçıların Heydər Əliyevlə bağlı tədqiqatları üçün açar səciyyəsi daşıyan bir cümlə var: “Tapşırıq yerinə yetirildi. Məruzə edir Ali Baş Komandan İlham Əliyev!”
Xalqa hesabatlılıq görəvinə toxunmadan deyək ki, Ali Baş Komandanın məruzə etməsi görülmüş, duyulmuş bir hal deyil.
Məsələnin linqivistik tərəfini də bir kənara qoysaq, elə bu səbəbdən qulağımızın alışmadığı bir ifadədir.
Diqqət edin, alınan, yerinə yetirilən və icrası barədə məruzə edilən TAPŞIRIQ Azərbaycanın dövlət müstəqilliyinin, ərazi bütövlüyünün, milli təhlükəsizliyinin özəyidir.
TAPŞIRIĞI verən də, yerinə yetirən də DÖVLƏT MİSSİYASInı formalaşdıran VAHİD ZEHNİYYƏTDİR.
Bu zehniyyət dövlətin davamlılığı və xalqın tərəqqisi üçün lazım olan ən önəmli amili- ƏNƏNƏni əks etdirir.
Odur ki, mən belə bir tapşırığın verilməsinə qətiyyən şübhə etmirəm.
Eyni zamanda, Ulu Öndərin dövlət müstəqilliyimizin, ərazi bütövlüyümüzün, milli təhlükəsizliyimin qorunması ilə bağlı zəngin bir təlimat formalaşdırmasına da bütün səmimiyyətimlə inanıram.
Heydər Əliyevin TƏLİMİ Azərbaycançılıq, TƏLİMATI Azərbaycana etdiyi misilsiz xidmətlərdir.
Bu xidmətlərin necə göstərildiyinə, Heydər Əliyevin hansı çətin şərtlər altında Azərbaycanın milli maraqlarını qoruduğuna, əleyhimizə olan faktorları öz möhkəm iradəsi, sarsılmaz qətiyyəti və bənzərsiz dühası ilə lehimizə necə çevirdiyinə yaxından şahid olan İlham Əliyevin hafizəsi müstəqil dövlətimiz üçün bənzərsiz İNSTİTUTİONAL YADDAŞdır.
Azərbaycan kimi yenicə müstəqillik qazanmış bir xalq üçün bu İNSTİTUTİONAL YADDAŞ məğlub cəmiyyətdən qalib dövlətə çevrilməyin bazasını təşkil edir.
Heydər Əliyev sovet Azərbaycanında anadan olmuşdu.
Sovet sisteminin şərtləri və yaratdığı imkanlarla təhsil almış, karyera qurmuşdu.
Xarizmanı və dühanı ona Tanrı vermişdi.
Uğurları və təcrübəsi bacarığının, çalışqanlığının, ardıcıllığının, sistemliliyinin nəticəsi idi.
O, sovetlər dönəmində də, müstəqillik dövründə də MİLLİ DÜŞÜNCƏ olmuşdu.
Sovetlər dönəmində də, müstəqillik dövründə də onu ƏN BÖYÜK AZƏRBAYCANLIya çevirən mənsub olduğu xalqa xidmət etməyi ali məram sayması idi.
28 may 1918-ci ildə Azərbaycan müstəqil respublika elan olundu.
Di gəl şərait elə gətirdi ki, ilk respublikamızın konstitusiyası hazırlanmadı.
AXC-nin süqutundan sonra bolşeviklər 1921-ci ildə ilk dəfə konstitusiya təqdim etdilər, lakin Əsas Qanuna Azərbaycanın “dövlət” olmasını yazmağa belə cəsarət etmədilər.
Daha sonra Azərbaycan SSR-də bir neçə Ana Yasa qüvvəyə mindi. Onların içərisində ən milli Əsas Qanun məhz Heydər Əliyev dövründə- 1978-ci ildə qəbul olunmuşdu. Bununla belə, sovet sisteminin mahiyyətindən irəli gələrək Azərbaycan SSR qətiyyən konstitusiyasında yazıldığı kimi heç də müstəqil dövlət deyildi.
Prezident İlham Əliyevin bu gün Şuşada bəyan etdiyi kimi, dövlət müstəqilliyimizə gedən yol Naxçıvandan başladı: “Məhz Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli Bayrağı Naxçıvan Ali Məclisinin sessiyasında Dövlət Bayrağı kimi təsis edildi. Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının adından “Sovet Sosialist” sözləri çıxarıldı. Sovet İttifaqının və sonra artıq Rusiyanın hərbi birləşməsi olan motoatıcı diviziya Naxçıvandan çıxarıldı”.
1995-ci ildə müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyası qəbul olundu.
Bununla da xalqımızın respublikalaşma və dövlətləşmə mübarizəsi tam yeni mərhələyə keçdi, Heydər Əliyev müasir dövlətçiliyimizin hüquqi əsaslarını yaratdı.
Ümummilli liderin həm sovet, həm də müstəqil Azərbaycana rəhbərlik təcrübəsinə nəzər salanda maraqlı bir xüsusiyyət də diqqətdən qaçmır. Ata Əliyev başında az-çox savad, canında təpər, ruhunda millilik olanları idarəçiliyə cəlb etməyə, onların porensialından ölkənin tərəqqisi naminə istifadə etməyə çalışırdı.
Əliyevin idarəçilik sistemində bu keyfiyyətlərə malik hər kəsə yer vardı.
Çünki Heydər Əliyev dünənin problemlərinin məngənəsinə düşmür, bu günün uğurları ilə kifayətlənmir, gələcəyin hesabını aparırdı.
Prezident İlham Əliyev tam haqlıdır:
“Biz bu yubiley tədbirlərindən gələcəyə baxışı daha da dəqiqləşdirmək üçün istifadə etməliyik”.
Ulu Öndər Heydər Əliyevə mənəvi, ideoloji və siyasi hesabatı, məruzəsi olmayanların Azərbaycanın gələcək dövlət idarəçiliyində yeri olmamalıdır və olmayacaq.
Taleh ŞAHSUVARLI