Heydərovun Bakıda ləğv olunan şirkəti Dubayda hindliylə şərik oldu- 33 MİLYONLUQ VİLLALAR
Ötən ay Dövlət Vergi Xidməti Fövqəladə hallar naziri Kəmaləddin Heydərova məxsus “Auto UEI Azerbaijan” şirkətinin fəaliyyətini dayandırdığı barədə məlumat yaymışdı. Miq.Az xəbər verir ki, tanınmış araşdırmaçı jurnalist Cavanşir Həsənli bu məsələ ilə bağlı maraqlı bir araşdırma aparıb.
O araşdırmasında qeyd edir ki, sözügedən şirkət 2013-cü ildə qeydiyyatdan keçsə də, 2015-ci ildə UEI AUTOMOTİVE HOLDINGS LIMITED adı ilə Dubaya transfer edilib. “Başqa sözlə Azərbaycanda ləğv edilən sadəcə şirkətin quru adıdır. “United Enterprises International Ltd” 2009-cu ildə Kəmaləddin Heydərovun oğlu Tale Heydərovun təsisçiliyi ilə qeydiyyatdan keçib”.
O vurğulayır ku, Dubai BOX 58075 ünvanında qeydiyyatda olan UEI AUTOMOTİVE HOLDINGS LIMITED offşor şirkəti Fövqəladə hallar nazirinə məxsus “United Enterprises International Ltd” tərəfindən təsis edilib və onun adından çıxış etmək hüququ Britaniya vətəndaşı Robert John Baker həvalə edilib. “Bu şirkət üzərindən Birləşmiş Ərəb Əmirliklərində, JAFZA offşor zonasında nizamnamə kapitalı 1000 dinar olmaqla UNİTED ENTERPRİSES MİDDLE EAST LİMİTED təsis edilib. Şirkətin idarəçiliyini Dubaydakı AL SUWAİDİ & COMPANY həyata keçirir. Sənədlərə görə səhmlərin 990-ı UNİTED ENTERPRİSES MİDDLE EAST LİMİT-ə, 10-u isə AL SUWAİDİ & COMPANY hüquq və menecment şirkətinin təmsilçisi qismində Hindistan əsilli SUNEER KUMAR-a məxsusdur”.
Həsənli yazır ki, Heydərovları CƏBƏL ƏLİ offşor zonasına cəlb edən isə Cəbəl Əli Palmasıdır. “Söhbət süni yaradılmış Palma adalarından gedir. Fövqəladə hallar nazirinin burada daşlnmaz əmlakının olduğu barədə məlumatlar var. Mütəşəkkil Cinayətkarlıq və Korrupsiya Hesabatı Layihəsi (OCCRP) tərəfindən əldə edilən Dubaydakı mülklərin 2014-2016-cı illərdəki məlumat bazasında göstərilir ki, fövqəladə hallar nazirinin övladları Nicat və Tale Heydərovlar Palma adalarında 33 milyon dollar dəyərində 9 dəbdəbəli mülkə sahibdirlər”.
Cavanşir Həsənli sonda Heydərovun Şuşada özünə regionla mərkəz tikmək adı ilə torpaq zəbt etmək istəyinə dair maraqlı sual verib: “Sizcə, 300 hektarlıq Şuşa Heydərovlar üçün neçə villa demək idi?”
Miq.Az