23 Aprel 2025

“Hesablama Palatasının qarşısında yeni çağırışlar dayanır” – Komitə sədri təkliflər verdi

“Bu gün müzakirəyə çıxarılan Hesablama Palatasının 2024-cü il üzrə fəaliyyəti ilə bağlı illik hesabatını yalnız maliyyə rəqəmlərinin toplusu kimi deyil, ölkəmizin davamlı inkişaf trayektoriyasını əks etdirən strateji sənəd kimi qiymətləndirməliyik”.

“AzPolitika” xəbər verir ki, bunu Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov Hesablama Palatasının ötənilki fəaliyyətinin yekunlarına dair hesabatın müzakirəsi zamanı deyib.

Millət vəkili qeyd edib ki, Hesablama Palatası 2024-cü ildə fəaliyyətini daha çoxşaxəli və sistemli şəkildə həyata keçib, maliyyə nəzarəti və audit prosedurlarında həm keyfiyyət, həm də əhatə dairəsi baxımından nəzərəçarpacaq təkmilləşmələrə nail olub: “Müsbət cəhətlərdən biri də budur ki, Palata hesabatlılığın artırılması, səmərəliliyin qiymətləndirilməsi və nəticəyönümlü yanaşmanın tətbiqi istiqamətində ciddi irəliləyişlər əldə edib. Hesabatdan məlum olur ki, fəaliyyət zamanı 98 nəticə əsaslı göstəricidən istifadə olunub, 37 risk üzrə cavab tədbirləri hazırlanıb. Bu isə maliyyə intizamının təmin olunması ilə yanaşı, fəaliyyətin effektivliyinin qiymətləndirilməsi baxımından da mühüm addımdır. Hesablama Palatasının funksiyası yalnız qanun pozuntularını üzə çıxarmaqla məhdudlaşmır. O, həm də dövlət idarəçiliyində şəffaflığın, hesabatlılığın və strateji planlaşdırmanın əsas tənzimləyici institutlarından biridir”.

Komitə sədrinin sözlərinə görə, bu baxımdan Palatanın təqdim etdiyi hesabatı sadəcə nəzarət sənədi kimi deyil, həm də dövlət siyasətinin strateji istiqamətlərinə uyğunluğunu qiymətləndirən mühüm alət kimi təhlil etməliyik: “Xüsusilə də yaşıl iqtisadiyyat və ekoloji siyasət kontekstində. 2024-cü ildə ilk dəfə olaraq Palatanın apardığı bəzi auditlərdə “yaşıl büdcə” yanaşmasına uyğun göstəricilərə istinad edilməsi azda olsa qeyd olunub. Bu, Azərbaycanın ekoloji maliyyələşdirmə prinsiplərinə keçidinə dair müsbət siqnaldır. Lakin təəssüf ki, bərpa olunan enerji layihələrinə yönəlmiş dövlət xərclərinin səmərəliliyinə dair aparılan təhlillər və pre-audit nəticələri Hesabatda ayrıca və yetərli şəkildə təqdim olunmayıb. Belə bir bölmənin əlavə olunması həm ictimai, həm də parlament nəzarəti baxımından vacibdir. Azərbaycan 2024-cü ildə COP29-a ev sahibliyi etməklə, bərpa olunan enerji, ətraf mühitin mühafizəsi və yaşıl iqtisadiyyat sahəsində qlobal öhdəliklərini bir daha təsdiqlədi. Lakin qeyd etməyi vacib hesab etdiyim məqam ondan ibarətdir ki, bu öhdəliklərin yerinə yetirilməsi birbaşa dövlət büdcəsinin planlaşdırılması və icrasının nəzarəti ilə əlaqəlidir. Bu baxımdan Hesablama Palatasının qarşısında yeni dövrün çağırışları dayanır. Artıq Palata yalnız xərclərin qanunvericiliyə uyğunluğunu deyil, bu xərclərin BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinə, xüsusilə 7-ci (bərpa olunan enerji), 12-ci (məsuliyyətli istehlak və istehsal) və 13-cü (iqlim dəyişikliyi ilə mübarizə) məqsədlərlə uyğunluğunu da qiymətləndirməlidir. 2023-cü illə müqayisədə, yaşıl enerji sahəsində dövlət xərcləri 21% artmış və əsasən Xızı, Qobustan və Cəbrayıl rayonlarında həyata keçirilən günəş və külək enerjisi layihələrinə yönəldilmişdir. Hesabatda bu vəsaitlərin istifadəsi ilə bağlı ümumi məlumatlara rast gəlinsədə, onların nəticələri və təsirləri ilə bağlı dərin təhlillər yer almamışdır. Gələcəkdə bu sahədə audit yoxlamalarının aparılmasına və əsaslı təhlillər edilməsinə zərurət var. Bu baxımdan nəticəyönümlü büdcə və yaşıl büdcə yanaşmalarının Palatanın audit fəaliyyətində mərkəzi yer tutması məqsədəuyğun olardı”.

Sadiq Qurbanov qeyd edib ki, 2024-cü il üzrə təqdim olunmuş hesabat həm struktur baxımından, həm də təqdimat üslubu baxımından əvvəlki illərlə müqayisədə daha sistemli hazırlanıb: “Lakin bu sənəd bir başlanğıcdır. Gələcəkdə Palatanın fəaliyyətinə daha geniş strateji baxış tələb olunacaq, bunun üçün də qanunvericilik bazasının möhkəmləndirilməsi yeni imkanlar yarada bilər. Hesabatlarda yaşıl keçid, rəqəmsal transformasiya və iqlim risklərinin iqtisadiyyata təsiri kimi mövzuların daimi şəkildə yer alması mütləqdir. Bununla yanaşı, nəticəyönümlü, strateji və yaşıl iqtisadiyyata uyğun audit metodologiyasının tətbiqini də vacib hesab edirik. Bu baxımdan biz Hesablama Palatasının fəaliyyətinin təkcə nəzarət yox, həm də inkişafedici və istiqamətverici funksiyalarla zənginləşməsini arzu edirik”.

Millət vəkili çıxışının sonunda vurğulayıb ki, Hesablama Palatası ilə Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsi arasında əlaqələr qarşılıqlı təhlil və fikir mübadiləsi əsasında davamlı inkişaf edir. “Ümid edirik ki, bu əməkdaşlıq gələcəkdə də səmərəli şəkildə davam edəcək və audit nəticələrinin parlament müzakirələri ilə sinxronlaşdırılması ölkəmizin yeni inkişaf mərhələsinə keçidinə öz mühüm töhfəsini verəcək”, o əlavə edib.

Komitə sədri Hesablama Palatasının 2024-cü il üzrə fəaliyyətini qənaətbəxş hesab edib, Vüqar Gülməmmədov başda olmaqla, qurumun kollektivə gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

“AzPolitika.info”