22 Dekabr 2024

Hər il yanvarın 11-də Dünya Qoruqlar və Milli Parklar Günü qeyd olunur.

1997-ci ildən etibarən Dünya Vəhşi Təbiət Fondunun təşəbbüsü ilə 11 yanvar Dünya Qoruqlar və Milli Parklar Günü kimi qeyd olunur.

Bu günün keçirilməsində məqsəd biomüxtəlifliyin, təbii ekosistemlərin qorunmasında və planetin rifahının təmin edilməsində milli parklar və qoruqlar kimi mühafizə olunan təbiət ərazilərin əhəmiyyətini vurğulamaqdır.

Hazırda Azərbaycanda 10 milli park, 10 dövlət təbiət qoruğu, 24 dövlət təbiət yasaqlığı fəaliyyət göstərir. Ümumilikdə, xüsusi mühafizə olunan təbiət əraziləri ölkə ərazisinin 10,3 %-ni təşkil edir.

Qeyd edək ki, bu gün ölkə ərazisindəki bütün milli parklarda “Açıq qapı” günü elan olunub. Hər kəs Azərbaycanın müxtəlif bölgələrində yerləşən milli parklara gəlməklə burada füsunkar təbiət ərazilərindən zövq ala və səmərəli gün keçirə bilərlər.

Kiçik addımlar atmaq və təbiətə töhfə verə biləcək təşəbbüslərdə iştirak etməklə biz hamımız təbiət ərazilərinin qorunmasını və gələcək nəsillər üçün davamlı olmasını təmin edə bilərik.